Ermənistanın yeni Konstitusiyası: Diaspor, seçki hüququ və Qərbi azərbaycanlılar
Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında aparılan müzakirələr yalnız ölkənin dövlət quruluşu və milli kimliyi ilə bağlı dəyişikliklərlə məhdudlaşmır. Sənəddə nəzərdə tutulan bəzi müddəalar Ermənistanın siyasi həyatında uzun illər mühüm rol oynamış erməni diasporunun gələcək təsir imkanlarına da yenidən baxıldığını göstərir. Bu baxımdan, Nikol Paşinyan hökumətinin konstitusiya təşəbbüslərinə yalnız hüquqi islahat kimi deyil, həm də ölkənin siyasi idarəetmə fəlsəfəsini dəyişdirmək cəhdi kimi yanaşmaq lazımdır.
Məsələnin diqqətçəkən məqamlarından biri Konstitusiyanın giriş hissəsindəki "Biz, erməni xalqı" ifadəsinin "Biz, Ermənistan Respublikasının xalqı" sözləri ilə əvəzlənməsidir. İlk baxışda bu, sadəcə terminoloji dəyişiklik təsiri bağışlaya bilər. Lakin təklifin mahiyyəti daha genişdir. Yeni yanaşmaya əsasən, dövlətin təsisçisi etnik mənsubiyyət əsasında müəyyənləşdirilən erməni xalqı deyil, Ermənistan Respublikasının bütün vətəndaşlarıdır. Beləliklə, dövlətin siyasi-hüquqi əsasının etnik kimlikdən vətəndaşlıq prinsipinə keçirilməsi nəzərdə tutulur.
Bu dəyişiklik Ermənistan ərazisində yaşayan müxtəlif etnik qrupların dövlətin siyasi subyekti kimi tanınması baxımından müəyyən əhəmiyyət daşıyır. Bununla yanaşı, onun başqa bir mümkün nəticəsi də var: Ermənistan dövləti ilə dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporu arasındakı ənənəvi münasibətlərin yenidən müəyyənləşdirilməsi.
Erməni diasporu onilliklər ərzində Ermənistanın siyasi və ictimai həyatına təsir göstərən mühüm qüvvələrdən biri olub. Xüsusilə ABŞ, Fransa, Rusiya və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Ermənistanın xarici siyasətinə, Qarabağ məsələsi ətrafında beynəlxalq kampaniyalara, maliyyə yardımı və lobbiçilik fəaliyyətinə ciddi resurslar yönəldiblər. Diasporun təsir imkanları yalnız maliyyə dəstəyi ilə məhdudlaşmayıb. Onun müxtəlif ölkələrin siyasi dairələri ilə əlaqələri Ermənistanın beynəlxalq münasibətlərinə də təsir göstərib.
Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın siyasi prioritetləri ilə diasporun ənənəvi yanaşmaları arasında müəyyən fikir ayrılıqları üzə çıxıb. Xüsusilə Qarabağ münaqişəsinin başa çatmasından sonra bu fərqlər daha aydın nəzərə çarpmağa başlayıb. Diasporun bəzi təşkilatları Qarabağ ermənilərinin geri qayıdışını və əvvəlki siyasi tələblərin davam etdirilməsini müdafiə etdiyi halda, Paşinyan hökuməti Azərbaycanla münasibətlərin normallaşdırılmasını və yeni regional reallıqlara uyğunlaşma siyasətini ön plana çəkir.
Bu kontekstdə daha konkret addımlardan biri seçki hüququ ilə bağlıdır. Yeni Konstitusiya layihəsinin 20-ci maddəsinə əsasən, Ermənistan vətəndaşının parlament seçkilərində və referendumlarda iştirak edə bilməsi üçün səsvermədən əvvəlki iki il ərzində ölkədə azı bir il daimi yaşaması tələb olunur. Bu müddəa xaricdə yaşayan Ermənistan vətəndaşlarının seçki hüququna birbaşa təsir göstərir.
Bu məqam təsadüfi görünmür. Çünki erməni diasporunun mühüm hissəsi Ermənistan hüdudlarından kənarda yaşayır və ölkənin siyasi proseslərində iştirak etmək üçün vətəndaşlıq hüququndan istifadə edir. Yeni tələb qüvvəyə minərsə, xaricdə yaşayan vətəndaşların əhəmiyyətli bir hissəsi parlament seçkilərində və referendumlarda səsvermə imkanını itirə bilər. Nəticədə diasporun Ermənistanın siyasi qərarlarının qəbuluna birbaşa təsir imkanları məhdudlaşa bilər.
Üstəlik, bu məsələ artıq yalnız Konstitusiya layihəsində nəzərdə tutulan müddəa ilə məhdudlaşmır. Ermənistan parlamenti 2026-cı ilin iyulunda seçkilərdə iştirak üçün yaşayış tələbi nəzərdə tutan qanunvericilik dəyişikliklərini qəbul edib. İndi həmin yanaşmanın yeni Konstitusiyada da təsbit edilməsi təklif olunur. Bu, hökumətin seçici korpusunu ölkədə faktiki yaşayan vətəndaşlarla məhdudlaşdırmaq istiqamətində atdığı addımların davamı kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, Paşinyanın noyabrın 5-də erməni diasporunun nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər də diqqətəlayiqdir. O, Ermənistanın erməni həyatının mərkəzinə çevrilməli olduğunu, diasporla münasibətlərin əsas məqsədinin isə repatriasiya - xaricdə yaşayan ermənilərin Ermənistana qayıtması olduğunu bildirib. Başqa sözlə, Paşinyan diasporun Ermənistanın siyasi həyatına xaricdən təsir göstərməsindən daha çox, onun ölkənin iqtisadi və ictimai həyatında bilavasitə iştirakında maraqlı olduğunu nümayiş etdirir.
Bu yanaşmanın arxasında hansı siyasi hesablamaların dayandığını tam əminliklə söyləmək çətindir. Bununla belə, görünən odur ki, Paşinyan diasporun Ermənistan siyasətindəki ənənəvi rolunu dəyişdirməyə çalışır. Xaricdə yaşayan ermənilərin ölkənin siyasi qərarlarına təsir imkanlarının məhdudlaşdırılması, eyni zamanda onların iqtisadi və sosial həyatda iştirakının təşviq edilməsi bu strategiyanın iki fərqli istiqaməti kimi nəzərdən keçirilə bilər.
Məsələnin Azərbaycan və xüsusilə Qərbi azərbaycanlılar üçün əhəmiyyətli olan tərəfi isə başqa məqamla bağlıdır. Ermənistan yeni Konstitusiyasında dövlətin təsisçisini "Ermənistan Respublikasının xalqı" kimi müəyyənləşdirir və bu anlayışa ölkənin bütün vətəndaşlarını daxil edir. Beləliklə, etnik mənsubiyyət deyil, vətəndaşlıq prinsipi dövlətin hüquqi-siyasi əsasına çevrilir.
Bu yanaşma nəzəri baxımdan Ermənistana qayıdacaq və gələcəkdə həmin ölkənin vətəndaşlığını əldə edəcək azərbaycanlıların da dövlətin siyasi-hüquqi sistemində bərabərhüquqlu vətəndaşlar kimi iştirakını nəzərdə tutmalıdır. Lakin bunun üçün yalnız konstitusion terminologiyanın dəyişdirilməsi kifayət deyil. Qayıdış, vətəndaşlıq, mülkiyyət hüquqlarının bərpası, təhlükəsizlik və siyasi iştirak imkanları konkret hüquqi təminatlarla möhkəmləndirilməlidir.
Burada mühüm bir sual da meydana çıxır: Ermənistan erməni diasporunun xaricdən ölkənin siyasi həyatına təsir imkanlarını məhdudlaşdırmağa çalışırsa, öz tarixi torpaqlarına qayıtmaq istəyən Qərbi azərbaycanlıların gələcək siyasi və hüquqi statusuna necə yanaşacaq? Əgər dövlətin təsisçisi bütün vətəndaşlardırsa, bu prinsip etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə şamil edilməlidir.
Paşinyanın yeni konstitusiya təşəbbüsünün görünməyən tərəflərindən biri də məhz budur. Ermənistan bir tərəfdən etnik kimlikdən vətəndaşlıq prinsipinə keçidi bəyan edir, digər tərəfdən xaricdə yaşayan vətəndaşların seçki hüququnu məhdudlaşdıran müddəalar irəli sürür, diasporla münasibətlərin əsas məqsədini isə repatriasiya kimi müəyyənləşdirir. Bu proseslər birlikdə Ermənistanın dövlət, xalq və diaspor münasibətlərində yeni siyasi model formalaşdırmaq cəhdindən xəbər verir.
Nəticə etibarilə, yeni Konstitusiya layihəsini yalnız Azərbaycanla sülh prosesi və Qarabağ məsələsi kontekstində qiymətləndirmək düzgün olmazdı. Ermənistanın öz daxilində siyasi hakimiyyətin, milli kimliyin və diasporun rolunun yenidən müəyyənləşdirilməsi prosesi də gedir. Bu prosesin nəticələri gələcəkdə Qərbi azərbaycanlıların qayıdış məsələsi baxımından da əhəmiyyət kəsb edə bilər.
Şəmsi QOCA
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








