"Sülh körpüsü" - Cənubi Qafqazda yeni siyasi reallıqların ictimai müstəvidə möhkəmləndirilməsi
Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı mərhələsi regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturası baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər münaqişə və qarşıdurma şəraitində yaşayan Cənubi Qafqaz bu gün yeni münasibətlər sisteminin formalaşması mərhələsinə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, artıq təkcə hərbi-siyasi reallıqlar deyil, həm də iqtisadi əməkdaşlıq, regional bağlantılar, ictimai dialoq və qarşılıqlı etimad məsələləri ön plana çıxır. "Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü məhz bu proseslərin davamı kimi xüsusi diqqətə layiqdir.
Noyabrın 26-27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniştərkibli ikitərəfli dəyirmi masa müzakirələri iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ictimai dialoqun davam etdirilməsi baxımından əhəmiyyətlidir. Görüşün gündəliyində 2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılmış sülh gündəliyi, normallaşma prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması, qarşılıqlı etimadın yaradılması, iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat kommunikasiyaları, humanitar məsələlər, gənclərlə iş və təhsil sahəsində əlaqələr yer alır. Bu mövzuların bir platformada müzakirəsi sülhün çoxşaxəli xarakter daşıdığını və onun yalnız siyasi razılaşmalarla məhdudlaşmadığını göstərir.
Əslində, "Sülh körpüsü" təşəbbüsünün əhəmiyyətini düzgün qiymətləndirmək üçün regionda son illərdə baş verən fundamental dəyişikliklərə nəzər salmaq lazımdır. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində suverenliyi təmin olundu. Bununla da Cənubi Qafqazda əvvəlki münaqişə reallıqlarına əsaslanan siyasi yanaşmalar öz aktuallığını itirdi. Yeni mərhələdə əsas məsələ yaranmış reallıqların beynəlxalq hüquq çərçivəsində qəbul edilməsi və regionda davamlı sülhün təmin olunmasıdır.
Azərbaycanın sülh siyasətinin əsasını məhz suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin milli maraqlarını qorumaqla yanaşı, regionda sabitliyin və əməkdaşlığın inkişafına da yönəlib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazda yeni qarşıdurmalar üçün zəmin yaradılmamalı, dövlətlər öz gələcəklərini qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurmalıdırlar.
Bu baxımdan Vaşinqtonda əldə olunmuş razılaşmalar sülh prosesində mühüm mərhələdir. 8 avqust 2025-ci ildə baş tutan görüş tərəflər arasında siyasi dialoqun inkişafı və sülh gündəliyinin irəli aparılması üçün yeni imkanlar yaradıb. Lakin siyasi sənədlərin və razılaşmaların əhəmiyyəti onların real həyatda necə həyata keçirilməsi ilə müəyyən olunur. Sülhün davamlılığı üçün tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, normallaşma prosesini ləngidən məsələlərin həllinə konstruktiv yanaşması vacibdir.
Burada xüsusilə sülh prosesinin institusionallaşdırılması məsələsi ön plana çıxır. Çünki dövlətlər arasında münasibətlərin normal məcraya yönəlməsi yalnız siyasi liderlərin görüşləri ilə təmin edilə bilməz. Bunun üçün daimi əlaqə mexanizmləri, iqtisadi əməkdaşlıq platformaları, ictimai dialoq imkanları və qarşılıqlı anlaşmanı gücləndirən institusional münasibətlər sistemi yaradılmalıdır. "Sülh körpüsü" təşəbbüsü də bu baxımdan ictimai diplomatiyanın imkanlarını ortaya qoyur.
Vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa təmasları dövlətlərarası danışıqların alternativi deyil, onların ictimai əsaslarını möhkəmləndirən əlavə vasitədir. Siyasi razılaşmaların cəmiyyətlər tərəfindən qəbul edilməsi, sülh ideyasının ictimai şüurda möhkəmlənməsi və qarşılıqlı münasibətlərə yeni yanaşmanın formalaşması üçün belə platformalar əhəmiyyətlidir. Xüsusilə uzun illər münaqişənin təsiri altında yaşamış iki cəmiyyət arasında dialoqun davam etdirilməsi müəyyən psixoloji və siyasi maneələrin aradan qaldırılmasına kömək edə bilər.
Lakin etiraf edilməlidir ki, qarşılıqlı etimadın formalaşması mürəkkəb və uzunmüddətli prosesdir. Onilliklər ərzində baş vermiş hadisələr, müharibənin ağır nəticələri, humanitar problemlər və cəmiyyətlərdə formalaşmış stereotiplər qısa müddətdə aradan qalxa bilməz. Bunun üçün səmimi siyasi iradə, obyektiv yanaşma və qarşılıqlı məsuliyyət tələb olunur. Sülh dialoqunda iştirak edən tərəflər də anlamalıdırlar ki, etimad yalnız xoş niyyətli bəyanatlarla deyil, konkret davranış və qərarlarla yaranır.
Görüşün mühüm istiqamətlərindən biri də Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq imkanlarının müzakirəsidir. Regionun iqtisadi potensialı uzun illər siyasi qarşıdurma və bağlı kommunikasiyalar səbəbindən tam reallaşdırılmayıb. Halbuki Azərbaycan öz coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və beynəlxalq tərəfdaşlıq əlaqələri ilə regional iqtisadi inteqrasiyanın əsas iştirakçılarından biridir.
Bu gün Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində ölkəmizin strateji əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrində mövqeyini möhkəmləndirib. Zəngəzur istiqamətində kommunikasiyaların açılması da regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklər yarada biləcək məsələlərdəndir.
Bu layihələrin reallaşması yalnız Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi maraqlarına xidmət edə bilər. Ermənistan da regional nəqliyyat şəbəkələrinə inteqrasiya olunmaqla yeni iqtisadi imkanlar əldə edə bilər. Ancaq bunun üçün Azərbaycanın irəli sürdüyü əsas prinsiplər - suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalılıq və maneəsiz bağlantı imkanları təmin olunmalıdır. Regional əməkdaşlıq heç bir dövlətin milli maraqlarına zidd olmamalıdır.
İqtisadi əlaqələrin genişlənməsi sülhün möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Qarşılıqlı ticarətin inkişafı, sahibkarlar arasında əlaqələrin yaranması, nəqliyyat və logistika sahəsində əməkdaşlıq tərəflər üçün yeni maraqlar formalaşdırır. İqtisadi münasibətlərin dərinləşməsi dövlətlər arasında qarşılıqlı asılılığın deyil, qarşılıqlı faydanın artmasına və regional sabitliyin möhkəmlənməsinə xidmət etməlidir.
Bununla belə, iqtisadi əməkdaşlıq üçün siyasi və hüquqi təminatlar vacibdir. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin fəaliyyət prinsipləri, gömrük və sərhəd prosedurları, nəqliyyat təhlükəsizliyi kimi məsələlər konkret razılaşmalar əsasında həll edilməlidir. Bu məsələlərdə qeyri-müəyyənliyin qalması iqtisadi layihələrin reallaşmasını çətinləşdirə bilər.
"Sülh körpüsü" görüşündə humanitar məsələlərə, təhsil sahəsinə və gənclərlə işə diqqət ayrılması da təsadüfi deyil. Çünki sülhün gələcəyi yalnız bu gün qəbul edilən siyasi qərarlardan deyil, sabahın cəmiyyətlərinin düşüncə tərzindən də asılıdır. Gənc nəslin qarşıdurma deyil, əməkdaşlıq mühitində yetişməsi regionun uzunmüddətli təhlükəsizliyi üçün vacib şərtdir.
Azərbaycan xalqının müharibə nəticəsində üzləşdiyi faciələr, işğal dövründə dağıdılmış yaşayış məntəqələri, tarixi və mədəni irsə vurulmuş ziyan, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı kimi məsələlər sülh gündəliyində öz əksini tapmalıdır. Bu problemlərə obyektiv yanaşma, tarixi həqiqətlərin qəbul edilməsi və humanitar məsələlərin siyasi manipulyasiya predmetinə çevrilməməsi qarşılıqlı etimad üçün mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında münasibətlərin normallaşması prosesində medianın məsuliyyəti də xüsusi qeyd edilməlidir. İnformasiya müharibəsinin davam etdirilməsi, nifrət ritorikasının təşviqi və dezinformasiyanın yayılması sülh prosesinə ciddi zərbə vura bilər. Media qurumları ictimaiyyəti obyektiv məlumatlandırmalı, hadisələri təhrif etmədən təqdim etməli və dialoqun sağlam müstəvidə aparılmasına töhfə verməlidirlər.
Beşinci görüşün diqqətçəkən tərəflərindən biri də dialoqun artıq ardıcıl xarakter almasıdır. 2025-ci ilin oktyabrında İrəvanda başlayan, həmin ilin noyabrında Bakıda davam edən, 2026-cı ilin fevralında Ermənistanda və apreldə Qəbələdə keçirilən görüşlər qarşılıqlı təmasların mərhələli şəkildə inkişaf etdiyini göstərir. Xüsusilə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və müəyyən edilmiş sərhəd keçidindən istifadə etməsi normallaşma prosesinin praktik müstəvidə də irəliləməsi baxımından diqqətəlayiqdir.
Bununla belə, belə görüşlərin əhəmiyyətini yalnız onların keçirilməsi faktı ilə ölçmək düzgün olmazdı. Əsas məsələ müzakirələrin hansı nəticələrə gətirib çıxarması, tərəflər arasında hansı konkret təşəbbüslərin razılaşdırılması və bu təşəbbüslərin nə dərəcədə həyata keçirilməsidir. İctimai dialoq real siyasi irəliləyişlərlə müşayiət olunmadıqda onun təsir imkanları məhdud qala bilər.
Ermənistanda mövcud olan siyasi və ictimai yanaşmalar da sülh prosesinin gələcəyi baxımından əhəmiyyətlidir. Ölkədə revanşist düşüncələrin və keçmiş münaqişə ritorikasının yenidən güclənməsi normallaşma prosesinə maneə yarada bilər. Ermənistan siyasi dairələri və ictimaiyyəti başa düşməlidir ki, regionda yeni qarşıdurma heç bir tərəfə fayda gətirməyəcək. Ölkənin təhlükəsizliyi və iqtisadi inkişafı qonşularla münasibətlərin normallaşdırılmasından, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsindən və regional əməkdaşlıqdan keçir.
Azərbaycanın sülh siyasəti isə güclü dövlətçilik mövqeyinə, milli maraqlara və beynəlxalq hüquqa əsaslanır. Ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra regionda davamlı sülhün bərqərar olması üçün siyasi iradə nümayiş etdirir. Bu, Azərbaycanın gücünü yalnız hərbi və iqtisadi göstəricilərlə deyil, həm də regional gələcəyə dair strateji baxışı ilə ortaya qoyur.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan sülhü zəiflik və ya güzəşt kimi deyil, əldə edilmiş tarixi nailiyyətlərin qorunması və regional inkişafın təmin edilməsi vasitəsi kimi qiymətləndirir. Ölkəmizin qarşısında duran əsas vəzifə müharibədən sonrakı reallıqları möhkəmləndirmək, azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini davam etdirmək, Böyük Qayıdış proqramını həyata keçirmək və Cənubi Qafqazda təhlükəsiz gələcək üçün şərait yaratmaqdır.
Bu baxımdan "Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü regional proseslərin ictimai müstəvidə davam etdirilməsi baxımından əhəmiyyətli hadisədir. Görüşdə müzakirə olunan məsələlər göstərir ki, sülh gündəliyi artıq yalnız siyasi sənədlər və diplomatik təmaslarla məhdudlaşmır. İqtisadiyyat, təhsil, humanitar əməkdaşlıq, gənclərin iştirakı və vətəndaş cəmiyyəti arasında əlaqələr də bu prosesin mühüm tərkib hissəsinə çevrilir.
Nəticə etibarilə, Cənubi Qafqazın gələcəyi qarşıdurma siyasətinin davam etdirilməsindən deyil, yeni reallıqların qəbul edilməsindən və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasından asılıdır. "Sülh körpüsü" kimi təşəbbüslər bu məqsədə xidmət etdikdə öz real siyasi və ictimai əhəmiyyətini ortaya qoyur. Lakin davamlı sülh üçün dialoqla yanaşı, konkret addımlar, qarşılıqlı məsuliyyət və əldə olunmuş razılaşmalara sadiqlik də vacibdir.
Azərbaycanın mövqeyi prinsipialdır: regionda təhlükəsizlik, sabitlik və əməkdaşlıq təmin olunmalı, dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsas götürülməlidir. Beşinci görüşün əhəmiyyəti də məhz bu reallıqlar fonunda qiymətləndirilməlidir. Əgər tərəflər dialoqu praktik nəticələrlə möhkəmləndirə bilsələr, bu gün qurulan "Sülh körpüsü" gələcəkdə Cənubi Qafqazda yeni əməkdaşlıq münasibətlərinin əsasına çevrilə bilər.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş






