Ürək tutması deyil, daha məkrli bir təhlükədir: Gənclərin həyatına son qoyur

Ürək tutması deyil, daha məkrli bir təhlükədir: Gənclərin həyatına son qoyurÜrək sağlamlığı deyiləndə insanların çoxunun ağlına ilk olaraq ürək tutması gəlir. Lakin mütəxəssislər xüsusilə gənc və zahirən sağlam şəxslərdə əksər hallarda heç bir əlamət vermədən irəliləyən və qəfil ölümlərə səbəb ola bilən gizli bir ürək xəstəliyinə diqqət çəkirlər.

Qaynarinfo xəbər verir ki, bu "səssiz qatil" uzun müddət özünü büruzə vermədən ürəyə təsir edir. Ürək cərrahı professor doktor Burak Onan da hər il çox sayda xəstədə bu təhlükəni aşkar etdiklərini bildirir. Bəs bu sirli xəstəlik hansı əlamətlərlə üzə çıxır? Kimlər risk altındadır və onun qarşısını almaq həqiqətən mümkündürmü?

Ürək-damar xəstəlikləri dünyada getdikcə artmaqdadır. ABŞ-də əsas ölüm səbəbləri sırasında yer alan ürək tutması hər il təxminən 805 min insanın həyatına son qoyur.

"Şikayəti olmadan bir çox xəstə həyatını itirə bilir"

Ürək və damar cərrahiyyəsi üzrə mütəxəssis professor doktor Burak Onan "Hürriyet"ə bildirib ki, keçmişdə sosial media və televiziya proqramlarının az olduğu dövrlərdə ürək xəstəlikləri barədə məlumatlılıq da məhdud idi:

"Kardioloqların dərmanla izlədiyi və ya həkimə getməyən xəstələrin qəfil vəfat etdiyini eşidirdik. İndi bu xəstələr barədə daha çox məlumatımız olur. Diaqnoz qoyulan xəstələrin kardioloq və ürək cərrahları tərəfindən birlikdə ətraflı qiymətləndirilməsi vacibdir. Dərmanla, invaziv üsullarla və ya cərrahi yolla müalicə imkanı olan xəstələrin şura qərarı ilə müalicə edilməsi rəqəmlərin azalmasına kömək etsə də, hələ də heç bir şikayəti olmadan həyatını itirən çoxlu xəstələr var. Müntəzəm nəzarət və ailə anamnezi çox önəmlidir".

Gənclərdə risk faktorları artır

Kardiologiya üzrə mütəxəssis professor doktor Ahmet Yıldız gənc əhali arasında ürək xəstəlikləri riskinin getdikcə yüksəldiyini vurğulayıb:

"Gənclər arasında siqaret istifadəsi, piylənmə və diabet göstəriciləri Avropa ölkələri ilə müqayisədə ciddi artım göstərir. Bu risk faktorları ilə daha erkən yaşlarda qarşılaşmaq, yaxın illərdə erkən yaşda ürək tutması hallarının statistik olaraq artacağını göstərir. Türkiyədə bütün ölümlərin təxminən 36 faizi ürək-damar xəstəlikləri ilə əlaqədardır. Eyni məlumatlara görə, hər il təxminən 300 min nəfər ürək tutması keçirir; onların bir qismi xəstəxanaya çatmadan vəfat edir, xəstəxanaya çatdırılanlarda isə 30 günlük ölüm göstəricisi 2-3 faiz arasında dəyişir. Bütün ölümlər içində ürək tutmasına bağlı ölüm nisbəti isə 9,8 faizdir".

Diqqət: Səssizcə irəliləyən xəstəlik - hipertrofik kardiomiyopati

Bir çox yerli və xarici mütəxəssisə görə isə ürək tutmasından daha məkrli və əksər hallarda fərq edilmədən ömür boyu davam edə bilən bir xəstəlik var: hipertrofik kardiomiyopati. Xüsusilə gənclərdə qəfil ürək dayanmasına səbəb ola bildiyi üçün ciddi risk yaradır.

Hipertrofik kardiomiyopati ürək əzələsinin anormal şəkildə qalınlaşması və sərtləşməsi ilə ortaya çıxır. Bu vəziyyət ürəyin bədənə kifayət qədər qan pompalamasını çətinləşdirir. Xəstəlik çox vaxt heç bir əlamət vermədən irəlilədiyi üçün "səssiz qatil" adlandırılır və zahirən sağlam gəncləri həyatdan qoparır.

ABŞ-nin San-Fransisko şəhərində yerləşən aparıcı səhiyyə qurumlarından biri olan "University of California, San Francisco Health"in exokardioqrafiya üzrə mütəxəssisi doktor Teodor Abraham "New York Post" nəşrinə açıqlamasında genetik testlərin təkbaşına yetərli olmadığını bildirib:

"Genotipləmə vacibdir, lakin hipertrofik kardiomiyopatiyanı aşkar etmək üçün təkbaşına kifayət etmir. Ağır halların təxminən yarısında xəstəliyə səbəb olan geni müəyyən edə bilmirik. Üstəlik, genin mövcudluğu mütləq xəstəliyin inkişaf edəcəyi demək deyil".

Mütəxəssislər xüsusilə 40 yaşdan əvvəl səbəbi izah olunmayan qəfil ölüm halları olan ailələrdə bu xəstəliyin diqqətdən kənarda qalmamasını tövsiyə edirlər. Xəstəlik təxminən hər 500 nəfərdən birində rast gəlinir və ən geniş yayılmış irsi ürək xəstəliklərindən sayılır.

Doktor Abraham keçmişdə yaşanan diaqnostik problemlərə də toxunaraq qeyd edib:

"Əvvəllər hipertrofik kardiomiyopati və ya digər ürək xəstəlikləri olan xəstələr exokardioqrafiya etdirir və çox vaxt "hər şey normaldır, ürəyiniz çox yaxşı görünür" cavabını alırdılar. Lakin bu xəstələr 10 il sonra geri qayıdanda vəziyyətləri çox ağır ola bilirdi".

Mütəxəssislərin fikrincə, ürək pilinin taxılması, ürək çatışmazlığı, insult və ya ürək tutması keçirmiş ailə üzvləri olan şəxslər də risk qrupuna daxildir.

"Hər il bir çox xəstəyə bu diaqnozu qoyuruq"

Ürək cərrahı professor doktor Burak Onan bildirib ki, hər il çox sayda xəstəni HOKM (hipertrofik obstruktiv kardiomiyopati) diaqnozu ilə qiymətləndirir və bu xəstələrə miyektomiya, yəni ürək əzələsinin bir hissəsinin çıxarılması əməliyyatı tətbiq edirlər.

Onun sözlərinə görə, əməliyyat olunan xəstələr HOKM xəstələrinin yalnız kiçik bir qismini təşkil etsə də, uyğun xəstələrdə cərrahi müalicə həyat qurtarıcıdır:

"Xüsusilə HOKM diaqnozu qoyulmuş və ürəyin çıxış yolunda daralma olan xəstələrin ürək cərrahları tərəfindən qiymətləndirilməsi və cərrahın müalicədən çəkinməməsi çox vacibdir".

Professor doktor Burak Onan əlavə edib ki, texnoloji inkişaflar və cərrahi təcrübə sayəsində ürək əməliyyatları bu gün daha rahat və təhlükəsiz şəkildə icra olunur:

"Adətən şikayətsiz gedir, lakin müntəzəm nəzarət çox önəmlidir - bu əlamətlərə diqqət!"

Kardiologiya üzrə mütəxəssis professor doktor Ahmet Yıldız bildirib ki, hipertrofik kardiomiyopati çox vaxt heç bir şikayət olmadan təsadüfən aşkar edilir:

"Xəstəlik adətən ürək ultrasəsi (exokardioqrafiya) zamanı müəyyən olunur. Xüsusilə idman zamanı göz qaralması, huş itirmə, ürəkdöyünmə, halsızlıq və ya nəfəs darlığı yaşayan şəxslər mütləq ürək müayinəsindən keçməli, lazım gəldikdə kardiyak MRT etdirməlidir".

Ailə anamnezi olan şəxslərə də diqqət çəkən Yıldız deyib ki, ailəsində HOKM olanlar şikayətləri olmasa belə genetik test və müntəzəm ürək müayinələrindən keçməlidir. O əlavə edib ki, HOKM diaqnozu qoyulmuş şəxsin övladına xəstəliyin keçmə ehtimalı təxminən 50 faizdir. Mütəxəssis qeyd edib ki, düzgün izləmə ilə xəstəliyi idarə etmək mümkündür:

"Hipertrofik kardiomiyopati diaqnozu alan xəstələrdə illik ölüm riski 1 faizdən aşağıdır. Buna görə erkən diaqnoz və müntəzəm nəzarət həyat qurtarır".

Doktor Teodor Abraham xəstəliyin hər zaman erkən yaşda əlamət vermədiyini, bəzi şəxslərdə simptomların daha irəli yaşlarda ortaya çıxdığını, bəzi hallarda isə ilk əlamətin qəfil ürək dayanması ola bildiyini söyləyib. Xəstəliyin əsas əlamətləri bunlardır:

- daimi yorğunluq və enerji itkisi
- nəfəs darlığı
- sinə ağrısı
- huş itirmə və ya başgicəllənmə
- ayaq və topuqlarda şişkinlik

Daha çox kişilərdə, yoxsa qadınlarda aşkarlanır?

Bu suala cavab verən professor doktor Ahmet Yıldız bildirib ki, genetik baxımdan xəstəliyin kişi və qadınlarda görülmə tezliyi oxşardır. Lakin diaqnoz qoyulan xəstələr arasında kişilər üstünlük təşkil edir. Bunun səbəbləri kimi kişilərdə ürək əzələsinin daha tez və daha çox qalınlaşması, idmanla daha aktiv məşğul olmaları və qadınlarda şikayətlərin başqa səbəblərlə qarışdırılması göstərilir. Xəstəlik hər yaşda ortaya çıxa bilər, lakin ən çox 15-35 yaş aralığında rast gəlinir.

Müalicə üsulu nədir, tam sağalma mümkündürmü?

Professor doktor Ahmet Yıldız bildirib ki, xəstəlik genetik mənşəli olduğu üçün hələlik tam sağalma mümkün deyil. Müalicədə əsas məqsəd şikayətlərin aradan qaldırılması və exokardioqrafik göstəricilərin nəzarətdə saxlanılmasıdır. Bu zaman ürək ritmini azaldan beta-blokerlər və kalsium kanal blokerləri tətbiq olunur.

Xəstəliyin irəliləmiş mərhələlərində isə cərrahi və invaziv üsullar ön plana çıxır. Ciddi şikayətləri və sol mədəcik çıxış yolunda ciddi daralması olan xəstələrdə miyektomiya və ya ablasiya üsulu tətbiq oluna bilər. Qəfil ölüm riski yüksək olan şəxslərə isə şoklama funksiyalı ürək pilleri taxıla bilər.

Son illərdə "Mavacamten" kimi miozin inhibitorları da ürək əzələsinin həddindən artıq yığılmasının qarşısını alan yeni müalicə variantları arasında yer alır.

Diaqnoz alan xəstələrə vacib tövsiyələr

Professor doktor Burak Onan diaqnoz alan xəstələr üçün əsas məqamın təcrübəli kardioloqla müntəzəm nəzarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, düzgün müayinə və izləmə xəstəliyin gedişini əvvəlcədən görməyə və riskləri minimuma endirməyə imkan verir. Cərrahi müdaxilə lazım olduqda isə xəstələrin cərrahla bütün prosesi və riskləri ətraflı müzakirə etməsi tövsiyə olunur. Professor doktor Burak Onan sözlərini belə tamamlayıb:

"Düzgün komanda və diqqətli izləmə ilə bu xəstəliyin idarə olunması daha təhlükəsiz və daha uğurlu olur".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1318   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.