Kirayə evdə qırılan əşyanın pulunu kim ödəməlidir?
Kirayə götürülən evdə hər hansı əşya qırıldıqda, ev sahibi çox vaxt onun pulunu və ya təmir edilməsini kirayəçidən tələb edir. Bəs qanunvericilik bu məsələni necə tənzimləyir? Əşya oğurlandıqda və ya sıradan çıxdıqda məsuliyyət kimin üzərinə düşür?
Vəkil Turan Abdullazadə BiG.AZ-a bildirib ki, ilk növbədə əşyanın hansı səbəbdən sıradan çıxmasına baxılır: "Əgər əşya köhnəldiyi, təbii aşınmaya uğradığı və ya zavod qüsuru olduğu üçün xarab olubsa, xərci ev sahibi ödəyir. Mülki Məcəllənin 676-cı maddəsinə görə, bütün kirayə müddəti ərzində kirayəyə verən məsuliyyət daşıyır: kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. 682-ci maddəyə görə isə kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Deməli, kirayəçi soyuducudan normal istifadə edirdisə, o, köhnəldiyi üçün xarab olubsa, təmir etmək və ya yenisini almaq kirayəçinin borcu deyil".
Turan Abdullazadənin sözlərinə görə, kirayəçi təcili təmiri öz pulu ilə edibsə, bu xərci ev sahibindən tələb edə bilər. Mülki Məcəllənin 680-ci maddəsinə əsasən, kirayəyə verən evin saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir.
Əşya kirayəçinin, onun ailə üzvlərinin və ya qonaqlarının ehtiyatsızlığı, düzgün istifadə etməməsi ya da qəsdən etdiyi hərəkət nəticəsində qırılıbsa, zərəri kirayəçi ödəyir. Bu, zərər vurmağa görə ümumi mülki məsuliyyət qaydasıdır. Kirayəçi evə buraxdığı başqa şəxslərin vurduğu zərərə görə də ev sahibi qarşısında cavabdehdir.
T.Abdullazadə bildirib ki, müqavilə də burada həlledici rol oynayır: "Tərəflər hansı əşyanın təmirini kimin ödəyəcəyini (məsələn, kombi, kondisioner, santexnika) əvvəlcədən yazılı razılaşdıra bilərlər. Ona görə müqaviləni mütləq yazılı bağlayın. Ona evdəki əşyaların siyahısını və vəziyyətini göstərən təhvil-təslim aktı əlavə edin, evə girəndə əşyaların şəkillərini və videosunu çəkin. Mübahisə yarananda ən güclü sübut məhz budur".
Vəkil deyib ki, hansısa əşya qırılanda kirayəçi bu barədə ev sahibinə dərhal, mümkünsə yazılı şəkildə (mesajla) məlumat verməlidir: "Tərəflər razılığa gəlirsə, zərər birbaşa ödənilir, təmir etdirilir və ya məbləğ depozitdən tutulur. Razılıq olmasa, ev sahibi zərərin ödənilməsi üçün məhkəməyə mülki iddia ilə müraciət edə bilər. Zərərin məbləği ekspert rəyi ilə də müəyyənləşdirilə bilər".
Evdə hansısa əşya oğurlananda isə dərhal polisə müraciət olunmalıdır. Bu, hüquqi baxımdan ən vacib addımdır.
Polis yoxlama aparır, oğurluğun kimin törətdiyini müəyyənləşdirir. Əgər kirayəçinin özü və ya onun evə gətirdiyi şəxs oğurluq edibsə, bu artıq cinayət və ya inzibati xəta tərkibi yaradır. Ev sahibi həm də zərərin ödənilməsini tələb edə bilər.
Oğurluğu kənar şəxs edibsə (məsələn, evə oğru giribsə), kirayəçi avtomatik olaraq təqsirli sayılmır. Amma qapını açıq qoyubsa və ya açarı başqasına veribsə, ehtiyatsızlığına görə mülki məsuliyyət daşıya bilər.
Zərər ödənilməsə, şəxsi hansı cəza gözləyir? Vəkil vurğulayıb ki, sadəcə borcu ödəməmək cinayət deyil, bu mülki mübahisədir: "Ev sahibi məhkəməyə müraciət edir, məhkəmə qərarı çıxarır, qərar icra məmurları vasitəsilə məcburi icra olunur. Bu zaman borclunun hesablarına və əmlakına həbs qoyula, maaşından tutulma edilə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etməmək isə artıq ayrıca məsuliyyət yarada bilər".
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








