"Qadın bədəni sınaq meydanına çevrilib"
Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amma süni şəkildə dəyişdirilmiş görünüşü gözəllik hesab edirlər? Gözəl görünmək istəyi harada bitir, özünü qəbul etməmək və bəyənilmək ehtiyacı harada başlayır?
Psixoloq Samirə Bağırova BiG.AZ-a bildirib ki, bu məsələyə yalnız müasir dövrün gözəllik trendləri və estetik müdaxilələr kontekstində yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, qadının xarici görünüşünə münasibəti uşaqlıqdan formalaşan özünəqiymət, ailədaxili münasibətlər, sevgi və qəbul olunma ehtiyacı, eləcə də cəmiyyətin qadın gözəlliyinə verdiyi dəyərlə sıx bağlıdır.
"Qadın gözəl olmaq istəyir, yoxsa gözəl olmadığı halda sevilməyəcəyindən qorxur?"
Psixoloqun fikrincə, qadınların görünüşlərini dəyişdirmək istəklərinin müxtəlif səbəbləri var: "İlk növbədə, qadın özünü bəzəməkdən, görünüşündən zövq almaqdan və özünü daha gözəl hiss etməkdən xoşlana bilər. Digər tərəfdən, bəyənilmək, qəbul olunmaq və cəlbedici hesab edilmək də insanın sosial ehtiyacları sırasındadır".
Lakin qadının özünü kifayət qədər gözəl hesab etməməsi, daim xarici görünüşündə qüsur axtarması və dəyişiklik etmədən rahatlıq tapa bilməməsi artıq başqa bir psixoloji məsələyə çevrilir. Belə vəziyyətlərdə gözəlləşmək istəyi nevrotik ehtiyac xarakteri ala bilər.
Qadınları estetik müdaxilələrə yönəldən nədir?
Samirə Bağırova hesab edir ki, qadınların kütləvi şəkildə kosmetoloji prosedurlara və estetik əməliyyatlara üz tutmasında reklamların, kommersiya maraqlarının, gözəllik industriyasının yaratdığı süni standartların və sosial təzyiqlərin də mühüm rolu var: "Tarixə nəzər saldıqda görmək mümkündür ki, kişilərin dominant olduğu cəmiyyətlərdə formalaşan bir çox gözəllik standartlarının, texnologiyaların və kommersiya yeniliklərinin əsas hədəflərindən biri qadınlar olub. Qadın bədəni sanki daim sınaq meydanına çevrilib, onun görünüşü isə böyük bir sənayenin gəlir mənbəyinə çevrilib".
Psixoloqun fikrincə, din mövzusundan tutmuş gözəllik sənayesinə, kosmetologiyadan marketinqə qədər müxtəlif sahələrə nəzər saldıqda qadınların tarix boyu kişilərin dominant olduğu sistemlərin yaratdığı qayda və gözləntilərin təsiri altında qaldığını görmək mümkündür. Bir çox hallarda qadın bədəni, görünüşü, davranışı və hətta mənəvi həyatı üzərində nəzarət mexanizmləri formalaşdırılıb.
Qadınlar niyə bir-biri ilə rəqabət aparır?
Psixoloq qadınlar arasında yaranan rəqabətə, qısqanclığa və bəzən düşmənçiliyə də cəmiyyətin formalaşdırdığı gözəllik meyarları kontekstində yanaşır.
Onun sözlərinə görə, qadının daim başqa qadınlarla müqayisə edilməsi, gözəlliyinə, gəncliyinə və cəlbediciliyinə görə qiymətləndirilməsi bu rəqabəti gücləndirən amillərdəndir. Belə yanaşmalar qadınlar arasında həm görünüş, həm də sosial qəbul olunma uğrunda mübarizə yarada bilər.
Bu baxımdan qadınların maarifləndirilməsi, özlərinə və seçimlərinə daha tənqidi yanaşmaları vacibdir. Qadınlar öz gözəllik anlayışlarını formalaşdırarkən cəmiyyətin, reklamların və sosial mühitin onlara hansı mesajları ötürdüyünü də düşünməlidirlər.
Əsas məsələ özünü qəbul etməkdir
Samirə Bağırovanın fikirlərindən çıxan əsas nəticə budur ki, gözəl görünmək arzusu özlüyündə problem deyil. İnsan öz görünüşünə qulluq edə, dəyişiklik etmək istəyə və estetik müdaxilələrə müraciət edə bilər: "Ancaq bu seçimlər özünü bəyənməmək, yaşlanmaq qorxusu və başqalarının sevgisini itirmək narahatlığı üzərində qurulduqda məsələ daha dərindən araşdırılmalıdır.
Qadın üçün əsas sual yalnız necə görünmək deyil, həm də öz görünüşünə münasibətinin haradan qaynaqlandığını anlamaqdır. O, həqiqətən öz istəyi ilə dəyişir, yoxsa cəmiyyətin ona qəbul etdirdiyi gözəllik standartlarına uyğunlaşmağa çalışır?"
Bəlkə də, bütün bu müzakirələrin mərkəzində bir sual dayanır: "Seçimlərim nə dərəcədə mənə məxsusdur?"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








