Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?
ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib.
Bu barədə "Al Arabiya" məlumat yayıb.
"(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lideri bildirib.
Tramp bu razılaşmanı "vaxt itkisi" kimi qiymətləndirib. Bununla belə, qeyd edib: "Amma bilirsiniz, mütəxəssislərə qulaq asmaq daha yaxşıdır".
Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşma qısa müddət ərzində pozulub və İranın nüvə proqramı ilə bağlı danışıqların aparılması da daxil olmaqla, qarşıya qoyulan məqsədlərin heç birinə nail olmayıb.
Trampın son açıqlamaları isə razılaşmanı elan etdiyi vaxt səsləndirdiyi fikirlərlə kəskin ziddiyyət təşkil edir. O zaman Tramp bunu "dünya sülhü üçün möhtəşəm gün" adlandırmış və razılaşmanın "Yaxın Şərqdə yeni qızıl dövrün başlanğıcı" ola biləcəyini söyləmişdi.
Donald Trampın açıqlaması ABŞ rəsmilərinin İrandakı obyektlərə qarşı yeni hücumların yaxınlaşdığı barədə bəyanatları fonunda verilib. Hücumların noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra başlaya biləcəyi ehtimal edilir.
Tehran isə ABŞ və ya İsrailin istənilən hücumuna "gözlənilməz" cavab verəcəyi ilə hədələyib. İran mümkün hədəflərin dairəsini genişləndirərək, regiondakı yeni ABŞ hərbi bazalarını və digər obyektlərini, hətta sualtı internet kabellərini də hədəfə ala biləcəyini iddia edib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki,
Donald Trampın İranla bağlı verdiyi açıqlamalara diqqət etsək, burada kifayət qədər ziddiyyətli məqamların olduğunu görə bilərik:
"Belə ki, Donald Tramp gah zərbələrin endirilməsindən, gah da diplomatiyadan danışır. Amma ümumi götürdükdə problem ondan ibarətdir ki, Donald Tramp İranla bağlı başlatdığı müharibədə hədəflərinə çatmayıb və bu baxımdan hazırda kifayət qədər mürəkkəb vəziyyətdədir. Məsələn, İranla müharibənin gətirdiyi nəticələr, xüsusilə də enerji qiymətlərinin artması Donald Tramp üçün kifayət qədər ciddi problemlər yaratdı. Belə ki, aralıq seçkilərə hazırlaşan Trampın partiyası rəy sorğularında geridə qalmaqdadır və görünən odur ki, Konqres və Senat seçkilərində Respublikaçılar Partiyası müəyyən səs itkisi ilə üzləşəcək. Biz iyun ayında əldə olunmuş memorandumun ardınca Amerika Birləşmiş Ştatlarının İrana zərbələr endirdiyini gördük. Bu da səbəbsiz deyildi. Belə ki, İran da həmin vaxt Hörmüz boğazından keçən gəmilərə hücum etməklə əldə olunmuş razılaşmaya ciddi kölgə saldı. Bunun ardınca isə zərbələrlə müşayiət olunan gərginliyin şahidi olduq".
Müsahibimiz əlavə edib ki, hazırda Donald Tramp üçün seçkilər ərəfəsində, xüsusilə də İsraildəki seçkilərlə əlaqədar İran məsələsi yenidən aktuallıq qazanıb:
"Görünən odur ki, Amerika Birləşmiş Ştatlarının prezidenti ilə İsrailin baş naziri İrana növbəti dəfə zərbələr endirilməsi ilə bağlı müəyyən anlaşma əldə ediblər. Bu baxımdan, Trampın memorandumdan imtina etməsi ilk növbədə onunla əlaqədardır ki, sənəddə Amerikanın maraqları və istəkləri tam şəkildə əhatə olunmurdu. İlk baxışdan bu, daha çox İranın maraqlarına uyğun gələn sənəd kimi görünürdü. İkinci tərəfdən, Tramp danışıqları vaxt itkisi kimi qiymətləndirir və bu məsələdə də müəyyən qədər haqlıdır. Çünki İran tərəfi də hər hansı qarşılıqlı kompromisə getmək niyyətində deyil. Bu baxımdan, Donald Tramp hədəflərinə çatmaq üçün diplomatiyadan imtina edərək yenidən zərbələr endirməklə İranı danışıqlar masasına gətirə biləcəyini düşünür. O hesab edir ki, bu yolla İranı öz istəkləri istiqamətində addım atmağa, necə deyərlər, tələblərinə tabe olmağa məcbur edə bilər".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










