Süni intellekt əmlak bazarında qiymətləri necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Süni intellekt texnologiyalarının inkişafı daşınmaz əmlak bazarında qiymətləndirmə prosesinə də yeni imkanlar yaradır. Bu texnologiyalar mənzilin yerləşdiyi ərazi, sahəsi, təmir vəziyyəti, mərtəbəsi, infrastruktur imkanları və oxşar əmlakların satış qiymətlərini təhlil edərək qısa müddətdə təxmini bazar dəyərini hesablaya bilər. Bu isə qiymətləndirmə prosesini sürətləndirməklə yanaşı, insan amilindən qaynaqlanan bəzi subyektiv yanaşmaları da azalda bilər. Lakin məlumatların dəqiqliyi və alqoritmlərin etibarlılığı mühüm əhəmiyyət daşıyır.
Bəs, süni intellekt daşınmaz əmlakın qiymətləndirilməsi prosesini necə dəyişəcək? Bu texnologiya mənzilin real bazar dəyərini müəyyənləşdirməkdə nə dərəcədə dəqiq nəticə verə bilər və ənənəvi qiymətləndiriciləri əvəz etmək potensialına malikdirmi? Süni intellektin yanlış və ya natamam məlumatlar əsasında qiymət müəyyənləşdirməsi hansı riskləri yarada bilər? Gələcəkdə əmlak qiymətləndirilməsində insan mütəxəssisin rolu necə dəyişəcək?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, süni intellekt daşınmaz əmlak bazarında qiymətləndirmə prosesini daha sürətli, məlumatəsaslı və analitik mərhələyə keçirəcək texnologiyalardan biridir. Ənənəvi qiymətləndirmədə mütəxəssisin təcrübəsi, analoji əmlakların müqayisəsi və bazar müşahidələri əsas rol oynayırdısa, süni intellekt bu prosesə böyük həcmli məlumatların emalı, statistik modelləşdirmə və proqnozlaşdırma imkanları əlavə edir.
"İlk növbədə, süni intellekt əmlakın yerləşməsi, sahəsi, tikinti ili, texniki vəziyyəti, infrastruktur təminatı, nəqliyyat əlçatanlığı və ətraf mühit göstəricilərini eyni vaxtda təhlil edərək ilkin bazar dəyərini müəyyənləşdirməyə kömək edə bilər. Hətta müəyyən ərazilərdə qiymət dəyişikliklərini, tələb-təklif dinamikasını və investisiya potensialını əvvəlcədən modelləşdirmək mümkün olacaq.
Digər mühüm üstünlük bazardakı qiymət uyğunsuzluqlarının aşkarlanmasıdır. Məsələn, eyni ərazidə yerləşən oxşar mənzillərin qiymətləri arasında əsassız fərqlər olduqda, süni intellekt bu kənarlaşmaları müəyyən edə və qiymətləndiricinin diqqətinə çatdıra bilər. Bu, xüsusilə böyük daşınmaz əmlak portfellərinin və bank girovlarının qiymətləndirilməsində ciddi üstünlük yaradacaq.
Lakin hesab edirəm ki, süni intellekt yaxın perspektivdə peşəkar qiymətləndiricini tam əvəz etməyəcək. Çünki daşınmaz əmlak yalnız rəqəmlərdən ibarət deyil. Hüquqi risklər, sənədləşmə problemləri, tikilinin faktiki texniki vəziyyəti, gizli qüsurlar, qeyri-standart obyektlər və konkret ərazinin spesifik xüsusiyyətləri yerində araşdırma və peşəkar mühakimə tələb edir. Bundan əlavə, süni intellektin nəticələrinin keyfiyyəti istifadə olunan məlumatların dəqiqliyindən və aktuallığından birbaşa asılıdır.
Azərbaycan daşınmaz əmlak bazarı üçün də bu texnologiyanın tətbiqi böyük perspektiv vəd edir. Xüsusilə faktiki alqı-satqı qiymətlərinin, kadastr məlumatlarının, əmlakın texniki göstəricilərinin və şəhərsalma məlumatlarının vahid rəqəmsal informasiya sistemində inteqrasiyası qiymətləndirmənin şəffaflığını əhəmiyyətli dərəcədə artıra bilər.
Mənim qənaətimə görə, gələcəyin qiymətləndirmə modeli insan təcrübəsi ilə süni intellektin sintezinə əsaslanacaq. Süni intellekt məlumatları daha sürətli təhlil edəcək, qiymətləndirici isə həmin nəticələri hüquqi, texniki və iqtisadi baxımdan yoxlayaraq peşəkar qərar verəcək.
Nəticə etibarilə, süni intellekt daşınmaz əmlak qiymətləndirilməsində sadəcə texnoloji yenilik deyil, bazarın şəffaflığına və peşəkar standartların inkişafına təsir göstərəcək strateji dəyişiklikdir. Gələcəkdə üstünlük daha çox məlumatı olanın deyil, həmin məlumatı düzgün təhlil edib iqtisadi qərara çevirə bilənin olacaq".
Röyalə Xəyal
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










