Taksi bazarında bahalaşma: Nəticə ilə deyil, səbəblərlə mübarizə aparılmalıdır
Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticələr üzərində müzakirələr aparırıq, lakin həmin nəticələri yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatda əsas məsələ yalnız nəticələrlə deyil, onları formalaşdıran mexanizmlərlə işləməkdir. Xərclərin və maya dəyərinin yüksək olması da özlüyündə ilkin səbəb deyil, müəyyən iqtisadi proseslərin nəticəsidir. Yekunda məhsul və xidmətlərin bahalaşması isə həmin proseslərin başqa bir nəticəsi kimi ortaya çıxır. Buna görə də ilk növbədə xərclərin niyə yüksəldiyini və hansı struktur amillərin bu artımı şərtləndirdiyini araşdırmaq lazımdır.
Azərbaycanda ümumilikdə belə bir paradoksla qarşılaşırıq: sahibkarın istehsal etdiyi məhsulu və ya göstərdiyi xidməti həm ucuz, həm də yüksək keyfiyyətli təqdim etməsi getdikcə çətinləşir. Bu, heç də həmişə sahibkarın daha çox mənfəət əldə etmək istəyindən irəli gəlmir. İstehsal, logistika, icarə, enerji, maliyyələşmə, vergi, əməkhaqqı, idxal, ehtiyat hissələri və digər xərclərin yüksək olması son nəticədə maya dəyərini artırır. Taksi xidməti də bu baxımdan istisna deyil. Taksi şirkətlərinin və fərdi sürücülərin də real xərcləri var. Bu xərcləri nəzərə almadan problemin həllinə nail olmaq mümkün deyil.
Əslində, bu vəziyyətin daha dərin səbəbləri də məlumdur. Söhbət uzun müddət tətbiq edilən, lakin artıq əvvəlki effektivliyini itirən iqtisadi yanaşmaların yaratdığı struktur problemlərdən gedir. Artıq ayrı-ayrı problemlərə deyil, bütövlükdə iqtisadi proseslərə kompleks yanaşmağın vaxtıdır. Çünki bu problemlər bir-biri ilə zəncirvari şəkildə əlaqəlidir. Məsələn, ehtiyat hissələrinin ölkəyə gətirilməsindən başlayaraq logistika, gömrük xərcləri, maliyyələşmə, vergi və digər ödənişlərədək çoxsaylı amillər sahibkarın ümumi xərc yükünü formalaşdırır və nəticədə məhsul və xidmətlərin maya dəyərini yüksəldir.
Digər tərəfdən, yüksək xərclərin mövcudluğu hər qiymət artımını avtomatik olaraq əsaslandırmır. Məhz burada iqtisadi siyasətin əsas sualı ortaya çıxır: sahibkarın xərcləri niyə bu qədər yüksəkdir və onları aşağı salmaq üçün hansı addımlar atılmalıdır? Əgər bir xidmətin maya dəyəri yüksəkdirsə, yalnız son qiyməti müzakirə etməklə kifayətlənməməli, həmin maya dəyərini formalaşdıran bütün komponentləri araşdırmalıyıq. Yanacaq, avtomobilin alınması və amortizasiyası, ehtiyat hissələri, texniki xidmət, sığorta, əməkhaqqı, vergilər, sosial ödənişlər, icazələr, platforma komissiyaları və maliyyə xərcləri bir-birinin üzərinə gəldikdə xidmətin maya dəyəri təbii olaraq yüksəlir.
Rəqəmlərə nəzər saldıqda da məsələnin müəyyən tərəfləri aydın görünür. 2026-cı ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı illik müqayisədə 7,2 faiz, istehlak qiymətləri isə 5,7 faiz artıb. Aİ-92 markalı benzinin qiyməti 4,5 faiz, dizel yanacağının qiyməti isə 10 faiz yüksəlib. Bu göstəricilər taksi fəaliyyətinin ayrı-ayrı xərc komponentlərinə təsir göstərir. Lakin həmin artımların heç biri özlüyündə bəzi marşrutlarda taksi tariflərinin 50-100 faiz yüksəlməsini tam izah etmir. Ehtiyat hissələri, texniki xidmət, amortizasiya və sığorta xərclərində də dəyişikliklər ola bilər. Ancaq məhz taksi fəaliyyəti üzrə bu xərc komponentlərinin son bir ildə ümumilikdə neçə faiz artdığını göstərən vahid rəsmi statistika açıqlanmayıb.
Bu səbəbdən hökumətin aidiyyəti qurumları taksi xidmətinin real maya dəyərinin son bir ildə nə qədər dəyişdiyini açıqlamalıdır. Artımın neçə faizi yanacağın, əməkhaqqının, ehtiyat hissələrinin, texniki xidmətin, sığortanın, vergilərin, icazələrin və digər ödənişlərin payına düşür? Bu məlumatlar olmadan sadəcə "xərclər artıb" arqumenti ilə bəzi hallarda iki dəfəyə yaxın tarif artımını əsaslandırmaq kifayət deyil. Eyni zamanda, sahibkarın xərclərinin yüksək olduğunu qəbul ediriksə, dövlət siyasətinin məqsədi yalnız son qiyməti aşağı salmaq deyil, sahibkarın maya dəyərini azaltmaq üçün əlverişli şərait yaratmaq olmalıdır.
Burada daha geniş iqtisadi problem də mövcuddur. Sahibkardan eyni zamanda həm ucuz qiymət, həm yüksək keyfiyyət, həm yüksək əməkhaqqı, həm yüksək vergi və sosial ödənişlər, həm də bahalı logistika və maliyyələşmə şəraitində fəaliyyət göstərməsini gözləmək real deyil. Bütün bu komponentlər yüksək olduqda son məhsulun və ya xidmətin ucuz olması iqtisadi baxımdan çətinləşir. Buna görə də qiymət artımına görə bütün məsuliyyəti sahibkarın üzərinə qoymaq düzgün yanaşma deyil. Rəqabətli və səmərəli iqtisadi mühitin yaradılması üçün ilk növbədə biznesin xərclərini aşağı salan mexanizmlər formalaşdırılmalıdır.
Taksi bazarında da dövlətin əsas vəzifəsi qiymətləri inzibati qaydada müəyyənləşdirmək deyil. AYNA-nın məlumatına görə, tariflər bazar prinsipləri əsasında formalaşır. Lakin bazar prinsipləri eyni zamanda şəffaf rəqabət və ədalətli qiymət formalaşmasını da nəzərdə tutur. Xüsusilə dərs ilinin başlaması ilə sərnişin tələbinin artacağı nəzərə alınaraq, pik saatlarda qiymətlərin hansı prinsiplərlə yüksəldiyi, dinamik tariflərin nə dərəcədə əsaslandırıldığı və platformaların komissiya siyasətinin son qiymətə necə təsir göstərdiyi də araşdırılmalıdır.
Əslində, biz taksi qiymətlərini deyil, həmin qiymətləri formalaşdıran iqtisadi mühiti müzakirə etməliyik. Əgər sahibkarın xərclərini aşağı sala bilmiriksə, ondan davamlı olaraq daha ucuz xidmət tələb etmək mümkün deyil. Nəticə ilə mübarizə aparmaq əvəzinə səbəblərə diqqət yetirməliyik: maya dəyəri niyə yüksəkdir, biznesin hansı xərcləri xidmətin bahalaşmasına səbəb olur və bu xərcləri necə azaltmaq mümkündür? Bu suallara cavab vermədən yalnız taksi tariflərini müzakirə etmək problemin özünü deyil, onun nəticəsini müzakirə etmək deməkdir.
Asif İbrahimov-iqtisadçı
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








