Almaniyada Ausbildung vəd edilən tələbə aldadıldığını iddia edir - ŞİKAYƏT
Almaniyaya getmək üçün hazırlaşan tələbə və işçilər ehtiyatlı olmalıdırlar. Almaniyanın Sylt adasında yaşayan Günay Səlimxanlı və onun xalası kimi təqdim edilən, Sumqayıtda fəaliyyət göstərən "Eszett" Alman dili və xaricdə təhsil mərkəzinin rəhbəri Ruhəngiz Abdullayeva Raiq qızı ilə bağlı dələduzluq iddiaları səsləndirilib.
Bu barədə BiG.AZ-a vətəndaş Samirə Abbasova məlumat verib.
Şikayətçinin sözlərinə görə, Günay Səlimxanlı və Ruhəngiz Abdullayeva ona oktyabr ayında Almaniyada Ausbildung (peşə təhsili) proqramı üzrə yer tapacaqlarına söz versələr də, sonradan yalnız 8 aylıq iş təklif ediblər. O, bunun müqavilə şərtlərinə uyğun olmadığını bildirir.
Samirə Abbasova iddia edir ki, Günay Səlimxanlı ödənişin tam məbləğini geri qaytarmaqdan imtina edib və daha sonra onu bloklayıb. Ruhəngiz Abdullayeva isə zənglərə cavab vermir.
Şikayətçi baş verənləri belə nəql edib:
"Günay tələbələrə Bakıdakı Almaniyada təhsil şirkətlərini pisləyir, özünün çox düzgün və dürüst işlədiyini, söz verdiyi ayda - oktyabrda onları Almaniyaya gətirəcəyini deyir. Müqavilədən əvvəl əlində hazır 3-4 yer olduğunu, 1-2 aya mütləq qəbul cavabının gələcəyini bildirir. Mən də Günay tez bir zamanda yer tapacağına söz verdiyi üçün ona müraciət etdim və oktyabr ayında Almaniyada olacağıma arxayın oldum. Hətta Bakıdakı işimdən də çıxdım.
Günay tələbələri müqavilə bağlamaq üçün xalası Ruhəngiz Abdullayeva Raiq qızının Sumqayıtdakı ‘Eszett’ Alman dili və xaricdə təhsil mərkəzinə yönləndirir. Bildiyimə görə, ‘Eszett’ onlayn fəaliyyət göstərir. Ruhəngiz xanım isə tələbələrə təmir səbəbindən mərkəzin müvəqqəti bağlı olduğunu deyir. Mən də müqavilə bağlamaq üçün ora getmişdim.
İyulun 13-də müqavilə imzalandı. Müqavilədən sonra Günayın söz verdiyi 3-4 yerdən uzun müddət xəbər çıxmadı. O, həmin yerlərdəki insanların irqçi olduğunu, mənimlə pis rəftar edə biləcəklərini deyirdi. Həmçinin yaxşı yer tapmaq üçün prosesi qəsdən gecikdirdiyini bildirirdi.
Nəhayət, bir müsahibədə iştirak etdim. Lakin sonradan məlum oldu ki, bu, iş müsahibəsi imiş, mənim istədiyim Ausbildung proqramı ilə əlaqəsi yox imiş.
Günay Ausbildung müqaviləsi bağlamaq istəyən tələbələrə iş təklif edirdi. Mən bunun istədiyim proqram olmadığını bildirdikdə isə ‘Eybi yoxdur, indi iş tapmışam, gəl, sonra orada dəyişərsən’ cavabını verdi.
Mən razılaşmadıqda Günay almaniyalı işəgötürənlə danışacağını və fevral ayına yaxın məni Ausbildung proqramına qəbul etdirəcəyini bildirdi. Halbuki fevral ayında getməyi planlaşdıran tələbələr artıq səfirlikdə müsahibə mərhələsində idilər. Mən hesab edirəm ki, fevral tarixi də prosesi uzatmaq üçün deyilmiş bir vəd idi.
Artıq ona güvənmədiyimi, bu səbəbdən işimdən çıxdığımı, hər şeyimi itirdiyimi və növbəti il də onunla əməkdaşlıq etmək istəmədiyimi bildirdim. Günay isə ‘Sən yeni çıxan sertifikat qərarına görə belə edirsən’ deyə cavab verdi.
Mən hazırlaşıb alman dili sertifikatı alacağam, amma artıq növbəti il də Günayla işləmək istəmirəm. Çünki ona olan etibarımı itirmişəm.
Ödənişin geri qaytarılmasını tələb etdikdə Günay məbləğin yarısını özündə saxlayacağını, bunun onun zəhmət haqqı olduğunu bildirdi. Hansı xidmətə görə belə bir məbləğin saxlanıldığını başa düşmürəm. Oktyabr ayında vəd etdiyi peşə təhsili yerini tapa bilmədi. Buna görə də işimi itirdim. İndi isə ödənişimi geri qaytarmır. Məni bloklayıb, xalası Ruhəngiz isə zənglərimə cavab vermir. ‘Eszett’ kursunun da fəaliyyətini dayandıraraq onlayn fəaliyyət göstərdiyi bildirilir", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Günay Səlimxanlı və Ruhəngiz Abdullayeva Raiq qızı ilə əlaqə saxladıq. Lakin hər iki şəxs zənglərimizə cavab vermədi.
Qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz davam edəcək.

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş






