Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir
"Gələn ildən etibarən Vergi Məcəlləsində bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü bir sıra güzəştlərin müddəti başa çatır".
Oxu.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması da planlaşdırılır. Bununla belə, Vergi Məcəlləsinin 102.1.22-4 maddəsi üzrə güzəşt müddəti növbəti ildən başa çatır.
"Paketdə bu güzəşt müddətinin artırılması nəzərdə tutulmayıb. Mövcud qanunvericiliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi və eləcə də milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə, depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə, hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi üzrə gəlir vergisinə cəlb olunacaq.
Deməli, 2026-cı ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faizi gəliri 200 manatdan çox olduğu halda, o gəlirlər növbəti ildən vergiyə cəlb ediləcək. Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq", - deyə deputat qeyd edib.
Millət vəkili güzəştlərin həm vətəndaşlarımızın gəlirlərinin reallığı, həm da banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımdan vacib olduğunu bildirib.
"Hazırda bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 76.4 faizi və ya 41.8 milyard manat. Depozit portfelinin 57.4%-i hüquqi şəxslərin, 42.6%-i isə fiziki şəxslərin əmanətidir.
Fiziki şəxslərin əmanət portfelinin 64.7 faizi müddətli əmanətlərdən ibarətdir. Güzəştlər tətbiq olunandan bəri isə unikal əmanətçilərin sayı 106.7 mindən 226.1 minədək yüksəlib. Unikal müddətli əmanətçi sayı ilin əvvəlindən 16.4% artıb. Göründüyü kimi, üç il öncə qəbul edilən güzəştlər bank sektorunda kreditlərin strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Təbii ki, burada digər faktorlar, o cümlədən Mərkəzi Bank tərəfindən aparılan sağlamlaşdırma tədbirləri və islahatların dərinləşməsi xüsusi təsirlərə malikdir.
Bununla yanaşı, 2030-cu il üçün hədəf biznes kreditlərin payını daha artırmaqdır. Bunun üçün bankların uzunmüddətli depozitlərə ehtiyacı var. Bu. həmçinin M0 aqreqatının payının azaldılmasına görə vacibdir. Bu baxımdan, vergi güzəştləri qısamüddətli fiskal gəlirdən daha çox uzunmüddətli iqtisadi gəlirə hesablanmalıdır. Digər tərəfdən, bu güzəştlərin uzadılmasının iqtisadi səmərəsi fiskal effektindən daha çoxdur. Çünki, hər milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz divident və onun da 10 faiz gəlir vergisinə cəlbini nəzərə alsaq bu dəyişikliklər strateji məqsədlərə xidmət etməlidir.
Bunun üçün, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha 3 il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun olardı. Yəni əmanətlərlə bağlı vergi güzəştlərin müddətinin gələn ildən etibarən daha 3 ilədək uzadılması arzuolunandır. Qeyd edək ki, bu təklifi komitə iclasında da təqdim etmişik. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasət ilə daha yaxından dəstəklənməsi və eləcə də depozit portfelində uzunmüddətli öhdəliklərin payının artırılması baxımdan da vacibdir", - deyə o vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









