Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir?
"Nəticələri həm də ABŞ-də hakimiyyət bölgüsü və qarşılıqlı nəzarət mexanizmlərinin yenidən fəallaşması kimi qiymətləndirmək lazımdır. Hesab edirəm ki, qarşıdakı iki il Trampın prezidentlik fəaliyyətinin ən mürəkkəb mərhələlərindən biri ola bilər". Bunu politoloq Amid Əliyev BiG.AZ-a bildirib.
A.Əliyevin sözlərinə görə, ilk növbədə, ABŞ siyasi sisteminin konstitusion xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. ABŞ prezident respublikasıdır və prezident icra hakimiyyətinin rəhbəri olsa da, bütün dövlət hakimiyyətini öz əlində cəmləşdirə bilmir: "ABŞ Konstitusiyasının I maddəsinin 1-ci bölməsinə əsasən, federal qanunvericilik hakimiyyəti Senat və Nümayəndələr Palatasından ibarət Konqresə məxsusdur. Konstitusiyanın II maddəsi isə icra hakimiyyətini prezidentə verir. Lakin, Tramp prezident olaraq öz icra hakimiyyəti səlahiyyətlərini qoruyub saxlayacaq, lakin siyasi proqramının qanunvericilik səviyyəsində reallaşdırılması əvvəlki dövrlə müqayisədə daha mürəkkəb olacaq".
Politoloq hesab edir ki, Demokratların əldə etdiyi üstünlüyün ən mühüm nəticələrindən biri Tramp administrasiyasının fəaliyyətinə parlament nəzarətinin güclənməsi olacaq: "Konqres komitələri vasitəsilə müxtəlif dövlət qurumlarının fəaliyyəti araşdırıla, administrasiyanın nümayəndələri dinləmələrə dəvət edilə, sənədlər və izahatlar tələb oluna bilər. Xüsusilə dövlət vəsaitlərinin istifadəsi, prezidentin qərarlarının hüquqi əsasları, mümkün maraqlar toqquşması, federal qurumların fəaliyyəti və xarici siyasət qərarları Demokratların diqqət mərkəzində ola bilər. Bu baxımdan, Tramp administrasiyası yalnız siyasi rəqibləri ilə deyil, həm də daha güclü institusional nəzarət mexanizmləri ilə üzləşəcək".
A.Əliyevin sözlərinə görə, xarici siyasət və təhlükəsizlik məsələləri də qarşıdakı dövrdə ciddi siyasi müzakirə predmetinə çevriləcək: "Xüsusilə İranla müharibə, Yaxın Şərqdə hərbi iştirak və ABŞ-nin regional strategiyası Demokratların Konqresdəki fəaliyyətində mühüm yer tuta bilər. Demokratlar hərbi əməliyyatların maliyyələşdirilməsinə müəyyən şərtlər qoymağa, administrasiyadan qərarların hüquqi əsaslandırılmasını tələb etməyə və hərbi səlahiyyətlərin sərhədlərini müzakirəyə çıxarmağa çalışa bilərlər".
Məsələnin digər mühüm tərəfi 2028-ci il prezident seçkiləri ilə bağlıdır. Demokratlar Konqresdə əldə etdikləri üstünlükdən Tramp administrasiyasına alternativ siyasi gündəm formalaşdırmaq, öz liderlərini ön plana çıxarmaq və növbəti prezident seçkilərinə hazırlıq üçün istifadə edə bilərlər. Tramp üçün isə Respublikaçılar Partiyasının siyasi birliyini qorumaq və öz siyasi irsinin davamlılığını təmin etmək əsas məsələlərdən birinə çevriləcək. ABŞ Konstitusiyasına edilmiş 22-ci düzəliş prezidentin iki dəfədən artıq seçilməsini qadağan etdiyindən, Trampın ikinci prezidentlik müddətindən sonra Respublikaçılar Partiyasında liderlik məsələsi də aktuallaşacaq.
Politoloq bu seçkilərin nəticəsini Trampın siyasi hakimiyyətinin sona çatması kimi deyil, onun prezidentlik fəaliyyətinin institusional baxımdan daha ciddi məhdudiyyətlərlə üzləşməsi kimi qiymətləndirir: "Demokratların Konqresdə çoxluğu Trampın prezidentlik səlahiyyətlərini aradan qaldırmır, lakin onun qərarlarının həyata keçirilməsi üçün daha mürəkkəb siyasi mühit formalaşdırır. Əsas məsələ bundan sonra Ağ Evin Konqreslə münasibətləri hansı istiqamətdə quracağıdır: kompromis və əməkdaşlıq, yoxsa qarşıdurma və siyasi blokada".
AYNURƏ MƏMMƏDOVA
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








