"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb.
İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə olunsa da, mənim diqqətimi ərəb partiyalarının 19 mandat əldə etməsi çəkir. Başqa sözlə, Qüdsü ilhaq etmək, Qəzza zolağını işğal altında saxlamaq və bu ərazilərdən fələstinliləri çıxarmaq istəyən bir ölkənin parlamentində yenə də 19 fələstinli ərəb deputat təmsil olunacaq.
Əvvəlcə qeyd edim ki, İsrailin ərəb vətəndaşları ilə Qəzza zolağında və İordan çayının qərb sahilində yaşayan fələstinlilər eyni xalqın nümayəndələridir. Onların ortaq etnik və tarixi kökləri var. Lakin hüquqi statusları və malik olduqları hüquqlar fərqlidir. Daha dəqiq desək, 1948-ci ildə İsrail dövləti yaradılarkən həmin ərazidə qalan və sonradan İsrail vətəndaşlığını əldə edən fələstinli ərəblərin nəsilləri bu gün də ölkənin vətəndaşlarıdır.
Onlar seçkilərdə səs verə, siyasi partiyalar yarada, parlamentə seçilə və dövlət qurumlarında işləyə bilərlər. Bu əhali İsrailin ümumi əhalisinin təxminən beşdə birini təşkil edir. Buna görə də ərəb vətəndaşlarının parlamentdə təmsil olunması İsrailin siyasi sistemində hüquqi baxımdan qeyri-adi hadisə deyil.
Ərəb partiyaları son illərdə siyasi baxımdan daha fəal mövqe nümayiş etdirirlər. Seçkilərin nəticələri də bunu göstərir. Bu, İsraildə yaşayan fələstinlilərin siyasi dünyagörüşü və ictimai-siyasi proseslərdə iştirak səviyyəsi ilə bağlıdır. Müqayisə üçün qeyd edim ki, əvvəlki parlamentdə ərəb partiyalarının mandatlarının sayı 10 olduğu halda, indi bu rəqəm 19-a yüksəlib. Bu nəticə ərəb seçicilərinin siyasi iştirakının gücləndiyini və onların səslərinin gələcək hökumətin formalaşmasında daha böyük əhəmiyyət qazandığını göstərir.
Düzdür, ərəb partiyaları bu nəticə ilə müstəqil şəkildə hökumət qura bilməzlər. Lakin Ayzenkot blokunun 48 mandatına ərəb partiyalarının dəstəyi əlavə olunarsa, 67 mandatlıq çoxluq yaranar. Riyazi baxımdan bu, hökumət qurmaq üçün kifayətdir. Hələlik belə bir siyasi razılaşma yoxdur. Üstəlik, həmin blokda təmsil olunan bütün partiyalar ərəb partiyaları ilə əməkdaşlığa müsbət yanaşmırlar. Hətta bəzi siyasi qüvvələr belə əməkdaşlığı əvvəlcədən rədd ediblər. Deməli, əsas məsələ təkcə mandatların sayı deyil, həm də siyasi razılaşmanın mümkün olub-olmamasıdır.
Bununla belə, ərəb partiyalarının 19 mandat qazanması İsrailin siyasi sistemi baxımından diqqətəlayiq nəticədir və regiondakı demoqrafik-siyasi reallıqların nəzərə alınmasının vacibliyini bir daha gündəmə gətirir.
Həm Türkiyədə, həm də ölkəmizdə Böyük İsrail layihəsinin həyata keçiriləcəyini düşünən, yaxud ən azı İsrailin belə bir planı reallaşdırmaq imkanına malik olduğuna inanan insanlar var. Halbuki təkcə bu seçkilərin nəticələri belə həmin layihənin qarşısında dayanan siyasi və demoqrafik reallıqların nə qədər mürəkkəb olduğunu göstərir.
Əvvəldə də qeyd etdiyim kimi, hər şeydən əvvəl, Yaxın Şərqdə 100 milyondan çox ərəb yaşayır. Bundan başqa, regionda kürdlər və türklər də var və onların ümumi sayı yəhudi əhalisinin sayından xeyli çoxdur. 1948-ci ildən bu günə qədər əhalisi təxminən 10-11 milyona çatmış İsrailin Böyük İsrail layihəsini həyata keçirməsi, ilk növbədə, etnik və demoqrafik baxımdan ciddi çətinliklərlə üzləşər. İsrailin özündən qat-qat çoxsaylı ərəb, kürd və türk əhalisi üzərində siyasi nəzarət qurması real görünmür.
İsraildə bu gün ərəb vətəndaşlarının yaşaması, onların siyasi həyatda iştirakı və parlamentdə təmsil olunması da regionun mürəkkəb etnik və demoqrafik mənzərəsini göstərən amillərdəndir. Qeyd edim ki, İsraildə ərəb əhalisinin sayı da illər ərzində xeyli artıb.
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










