Vergi öhdəliklərinin pozulmasına görə hansı cəzalar nəzərdə tutulur?
Vergi hesabatlarının və qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların vaxtında təqdim edilməsi vergi ödəyicilərinin əsas öhdəliklərindəndir. Bu tələblərin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müxtəlif məbləğlərdə maliyyə sanksiyaları nəzərdə tutulur.
Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən, vergi hesabatının üzrlü səbəb olmadan müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat, qanunvericilikdə nəzərdə tutulan digər məlumatların vaxtında verilməməsinə görə isə müvafiq hallarda 100 manat və ya 1 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər. Bəzi xüsusi hesabat və məlumat öhdəliklərinin pozulmasına görə maliyyə sanksiyası 10 000 manat təşkil edir. Sanksiyanın məbləği pozuntunun növündən və qanunvericiliyin müvafiq müddəasından asılıdır. Rəsmi mənbə
Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma isə müəyyən hallarda inzibati, daha ağır hallarda cinayət məsuliyyətinə səbəb ola bilər.
İnzibati məsuliyyət nəzərdə tutulan hallarda az miqdarda vergiləri və ya müvafiq sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək cərimə tətbiq edilə bilər. Qanunvericilikdə az miqdar dedikdə 50 000 manatdan artıq olmayan məbləğ nəzərdə tutulur. Müvafiq hüquqi şərtlər daxilində, bu əməli ilk dəfə törətmiş və vurulmuş ziyanı tam ödəyən şəxs inzibati məsuliyyətdən azad edilə bilər.
Vergi və müvafiq sığorta haqlarını ödəməkdən yayınma Cinayət Məcəlləsində müəyyən edilmiş hədlərə çatdıqda cinayət məsuliyyəti yarana bilər.
Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri və ya müvafiq sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə, iki ilədək müddətə islah işləri və ya qanunda göstərilən şərtlərlə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Azadlıqdan məhrumetmə ilə yanaşı, müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə də tətbiq edilə bilər.
Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya külli miqdarda olduqda, vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əməllər xüsusilə külli miqdarda törədildikdə isə qanunvericilikdə daha ağır cəzalar müəyyən edilib. Bu halda vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq oluna bilər. Müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə də nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilir:
Xeyli miqdar: 50 000 manatdan yuxarı, 200 000 manat daxil olmaqla.
Külli miqdar: 200 000 manatdan yuxarı, 500 000 manat daxil olmaqla.
Xüsusilə külli miqdar: 500 000 manatdan yuxarı.
Vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi maliyyə sanksiyalarının və daha ağır hüquqi nəticələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də vergi ödəyiciləri hesabatların təqdim edilməsi müddətlərinə, ödəniş öhdəliklərinə və qanunvericiliyin digər tələblərinə diqqətlə əməl etməlidirlər.
Rəşad Əliyev-Vəkillər Kollegiyasının üzvü
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










