İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir
"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloji və geostrateji məqsədlərə söykənir".
Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında xüsusi olaraq bəyan etdiyi kimi, xarici mərkəzlərin ölkəmizə qarşı həyata keçirdiyi ideoloji təxribatların başlıca qayəsi birliyimizi sarsıtmaq, Azərbaycanı özlərinə tabe etdirmək, müstəqillik yolumuzdan döndərmək və gələcəkdə idarə oluna bilən bir vasitəyə çevirməkdir:
"Bu çərçivədə İran ideoloji aparatının əsas məqsədi güclü, dünyəvi, suveren və milli-mənəvi dəyərlərinə sahib çıxan Azərbaycan dövlətinin daxili sabitliyini pozmaq, təhsil sisteminin dünyəvilik sütunlarını zədələmək və cəmiyyətdə süni sosial-dini ziddiyyətlər yaratmaqdır. Bu mənada, təhsil alan azyaşlı uşaqların və gənclərin hədəf seçilməsi təsadüfi deyil, dünyagörüşü hələ formalaşmaqda olan məktəbliləri elm, bilik və vətənpərvərlik ruhundan uzaqlaşdıraraq dini doqmalar və xurafat mühitində böyütmək gələcəkdə Yaxın Şərq tipli teokratik idarəetmə modelinin tətbiqi üçün sosial zəmin hazırlamağa xidmət edir. Azyaşlı qız uşaqlarının məcburi şəkildə dini geyim normalarına cəlb edilməsi onları həmyaşıdlarından, ümumi sosial mühitdən təcrid edir və özlərini yad bir sistemin mənsubu kimi qavramalarına şərait yaradır. Təhdidlərin böyük qismi də məhz bu sosial-psixoloji fərqliliklər üzərindən radikallaşma meyillərini təşviq etməyə hesablanmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası və "Ümumi təhsil haqqında" Qanuna əsasən, təhsilimiz dünyəvi xarakter daşıyır. Dünyəvi təhsilin əsas fəlsəfəsi uşağın etiqadını məhdudlaşdırmaq deyil, onu hər cür kənar ideoloji təzyiq və manipulyasiyalardan qoruyaraq azad düşüncəli, savadlı və vətənpərvər bir şəxsiyyət kimi formalaşdırmaqdır. Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi bərabərsizliyi və ayrı-seçkilik risklərini aradan qaldıran vacib sosial alətdir. İran mediası isə hüquqi və dünyəvi dövlət prinsipini zəiflətmək məqsədilə bu daxili intizam qaydalarını qərəzli şəkildə "dinə qarşı qadağa" kimi qələmə verməyə çalışır. Baxmayaraq ki dini nöqteyi-nəzərdən də yetkinlik yaşına çatmamış uşaqların dini inancla bağlı qərarlara cəlb olunması Qurani-Kərimin "dində məcburiyyətin olmaması" prinsipinə ziddir.
İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir. Azərbaycan dövləti hər zaman İslam dininə, adət-ənənələrimizə və dini-mənəvi irsimizə ən yüksək səviyyədə qayğı göstərir. İşğaldan azad edilmiş Şuşa, Ağdam, Zəngilan və digər ərazilərimizdə 70-ə yaxın məscid və ibadət ocağının bərpa olunması, din xadimlərinə və dini konfessiyalara dövlət maliyyə dəstəyinin artırılması, eləcə də COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammitinin və Şuşada Türk Dövlətləri Təşkilatının dini qurumlar rəhbərlərinin görüşünün keçirilməsi bunun bariz göstəricisidir. İran tərəfi məhz bu reallıqların üzərini örtmək, 44 günlük Vətən müharibəsindən sonra bölgədə Zəfər qazanmış və beynəlxalq nüfuzunu gücləndirmiş Azərbaycanın İslam dünyasındakı müsbət imicini zədələmək üçün məktəbli forması mövzusunu ideoloji silah kimi istifadə edir. Göründüyü kimi, İran mediasının məktəblərdəki geyim tələblərinə dair sərgilədiyi reaksiya dini həssaslıqdan deyil, doğrudan-doğruya Azərbaycanın müstəqil, dünyəvi və güclü dövlət yapısını zəiflətmək niyyətindən qaynaqlanır. Bu cür ideoloji təxribatların neytrallaşdırılması üçün ən etibarlı təminat dövlətimizin dünyəvilik prinsiplərinə sadəqət nümayiş etdirməsi, təhsil sistemində nizam-intizamın qorunması və cəmiyyətin ideoloji immunitetinin yüksəldilməsidir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










