Milli birlik və dövlətçilik: Azərbaycançılıq məfkurəsinin strateji rolu
"Azərbaycançılıq məfkurəsi Azərbaycan dövlətinin siyasi, ideoloji və mənəvi dayaqlarını özündə birləşdirən fundamental düşüncə sistemidir. Prezident İlham Əliyevin "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" fikri Azərbaycanın müasir inkişaf modelinin ideoloji mahiyyətini, milli birlik və dövlətçilik konsepsiyasının strateji əsaslarını ifadə edir. Bu məfkurə təkcə milli kimliyin qorunması deyil, həm də müstəqil dövlətin gələcəyinin müəyyənləşdirilməsi və xalqın vahid amal ətrafında səfərbər olunması fəlsəfəsidir.
Azərbaycançılıq ideologiyasının siyasi və dövlətçilik konsepsiyası kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri müstəsna əhəmiyyət daşıyır. Ulu Öndər mürəkkəb siyasi şəraitdə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, vahid dövlətçilik ideyası ətrafında birləşdirməyi bacarıb. Azərbaycançılıq məfkurəsini milli ideya səviyyəsinə yüksəltməklə dövlətin siyasi sabitliyinin, milli həmrəyliyin və müstəqilliyin ideoloji əsaslarını formalaşdırıb. Bu, təsadüfi siyasi yanaşma deyil, Azərbaycanın tarixi, coğrafiyası, milli-mənəvi dəyərləri və gələcək hədəfləri ilə uzlaşan strateji düşüncə idi".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, bu gün həmin ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, iqtisadi inkişafı, diplomatik uğurları, hərbi qüdrəti və suverenliyinin tam təmin olunması milli iradənin, dövlətçilik düşüncəsinin və xalq-dövlət birliyinin nəticəsi kimi qiymətləndirilir.
Onun sözlərinə görə, bütün bu uğurların arxasında yalnız konkret siyasi və iqtisadi qərarlar deyil, həm də cəmiyyətin ümumi milli məqsədlər ətrafında birləşməsini təmin edən azərbaycançılıq fəlsəfəsi dayanır.
Bəhruz Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər azərbaycançılıq məfkurəsinin gücünü, milli həmrəyliyin və dövlətə sədaqətin hansı nəticələrə gətirib çıxara biləcəyini nümayiş etdirib:
"Azərbaycan xalqı, ordusu və dövləti vahid iradə ortaya qoyaraq tarixi ədalətin bərpasına nail oldu. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də milli ideyanın, dövlətçilik şüurunun və azərbaycançılıq düşüncəsinin real gücünün təntənəsi idi.
Müasir dünyada geosiyasi rəqabətin, ideoloji qarşıdurmaların, informasiya müharibələrinin və milli identiklik böhranlarının genişləndiyi bir dövrdə azərbaycançılıq məfkurəsinin əhəmiyyəti daha da artır. Çünki güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də sağlam ideoloji təməllərlə formalaşır. Milli ideya cəmiyyəti parçalanmadan qoruyan, dövlətin strateji hədəflərinə ictimai dəstəyi təmin edən, gələcək nəsillərdə Vətənə bağlılıq və məsuliyyət hissini formalaşdıran mühüm amildir.
Azərbaycançılıq eyni zamanda ölkəmizin multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin və vətəndaş həmrəyliyinin ideoloji ifadəsidir. Azərbaycan cəmiyyətində müxtəlif etnik və dini mənsubiyyətlərin vahid dövlətçilik çərçivəsində bir arada yaşaması bu məfkurənin əhatəliliyini və birləşdirici mahiyyətini ortaya qoyur. Burada əsas prinsip fərqliliklərin qarşıdurmaya deyil, ümumi milli maraqlara xidmət etməsidir.
Hesab edirəm ki, azərbaycançılıq məfkurəsi bu gün yalnız keçmişimizin ideoloji irsi deyil, həm də gələcəyimizin strateji istiqamətidir. Bu ideya müstəqil Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, milli maraqlarının qorunması, cəmiyyətin həmrəyliyinin möhkəmləndirilməsi və yeni nəsillərin dövlətçilik düşüncəsi ilə yetişməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Azərbaycançılıq dövlətə sədaqət, Vətənə bağlılıq, milli maraqlara üstünlük, tarixi yaddaşa hörmət və gələcəyə inam deməkdir. Prezident İlham Əliyevin vurğuladığı bu fəlsəfə Azərbaycanın əldə etdiyi uğurların ideoloji izahı olmaqla yanaşı, qarşıdakı mərhələdə də milli inkişafın, siyasi sabitliyin və dövlətçilik iradəsinin əsas dayaqlarından biri olaraq qalacaq"-B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş






