Birqütblü dünyaya qarşı üç hegemonluq modeli: Duqin nə təklif edir?
Rusiyalı ictimai xadim, Kremlin əsas ideoloqlarından biri hesab olunan Aleksandr Duqinin sosial şəbəkə hesabında paylaşdığı xəritə müzakirələrə səbəb olub. Xəritədə ABŞ, Rusiya və Çin qlobal nizamın əsas aktorları kimi təqdim edilir və hər birinə müəyyən coğrafi məkan ayrılır. Duqin bu xəritə vasitəsilə beynəlxalq münasibətlərdə çoxqütblülük ideyasını, daha konkret desək, özünün "üçqütblü dünya modeli"ni əks etdirir.
Məsələn, ABŞ-ın təsir dairəsinə Amerika qitələri, Qrenlandiya və Yaponiya, Rusiyanın təsir dairəsinə Avropa və Afrika, Çinin təsir dairəsinə isə Asiyanın böyük hissəsi və Okeaniya daxil edilib. Duqinin təqdim etdiyi modeldə kiçik və orta dövlətlərin müstəqil geosiyasi subyekt kimi mövqeyi arxa plana keçir, onların yerləşdiyi coğrafiya isə böyük güclərin strateji hesablamalarının tərkib hissəsinə çevrilir.
Duqinin paylaşımının vaxtı da diqqət çəkir. O, xəritəni noyabrın 16-da, ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşü ərəfəsində yayımlayıb. Duqinin bu görüşü "üçqütblü dünya sammiti" adlandırması onun hadisəyə hansı ideoloji çərçivədən yanaşdığını göstərir.
Açığı, Aleksandr Duqini elə də ciddi siyasi nəzəriyyəçi hesab etmirəm. Onun son paylaşımı da bu yanaşmamı dəyişmir. Əslində, Duqinin irəli sürdüyü fikir yeni deyil. O, uzun müddətdir dünyanı üç əsas sivilizasiya və güc mərkəzi üzərindən izah etməyə çalışır.
Duqinin yanaşmasında Qərb, Rusiya və Çin fərqli siyasi və sivilizasion modelləri təmsil edir. Lakin bu təsnifatda ciddi ziddiyyətlər var. Moskva və Pekin uzun illərdir Qərbin qlobal hegemonluğuna qarşı çıxaraq çoxqütblü dünya nizamını müdafiə etdiklərini bildirirlər. Duqinin modelində isə digər dövlətlərə bərabərhüquqlu iştirakçı olmaqdan daha çox, bu üç mərkəzdən birinin ətrafında mövqe seçmək rolu verilir.
Bu isə çoxqütblülük anlayışının özü ilə ziddiyyət təşkil edir. Ən sadə formada ifadə etsək, əgər birqütblü dünya ABŞ-ın üstünlüyü və digər dövlətlərin onun siyasi-iqtisadi təsirindən asılılığı kimi tənqid edilirsə, həmin sistemin üç böyük dövlətin təsir dairələrinə bölünməsi nə dərəcədə fərqli model sayıla bilər? Başqa sözlə, bir hegemonun yerini üç hegemonun tutması avtomatik olaraq daha ədalətli beynəlxalq sistem yaratmır.
Duqinin xəritəsində Rusiyaya ayrılan coğrafiya da ciddi ziddiyyətlərlə doludur. Məsələn, Avropa və Afrikanın Rusiyanın təsir məkanında göstərilməsi Moskvanın yalnız postsovet məkanında deyil, daha geniş coğrafiyada aparıcı güc olmaq iddiasını əks etdirir. Halbuki Avropanın Rusiyanın təsir dairəsinə daxil edilməsi Moskvanın Qərblə münasibətlərindəki fundamental ziddiyyətlər fonunda real siyasi mənzərədən uzaq görünür.
Rusiya Avropa təhlükəsizlik arxitekturasında ABŞ və NATO-nun dominant mövqeyini əvəz edə biləcək güc deyil. Ən əsası, Avropa ölkələrinin heç də hamısı Rusiyanın təsir dairəsinə daxil olmağa razıdır. Bu dövlətlərin öz siyasi iradəsi və müstəqil strateji maraqları var.
Çinlə bağlı yanaşmada da oxşar problemlər mövcuddur. Duqin Pekinə Asiyanın böyük hissəsini, Okeaniyanı və ətraf əraziləri ayırıb. Aydındır ki, bu bölgü Çinin iqtisadi, texnoloji və hərbi gücünün yüksəlişini nəzərə alan geosiyasi təsəvvürə əsaslanır. Lakin Asiya dövlətləri avtomatik olaraq Pekinin regional üstünlüyünü qəbul etmirlər.
Xəritədə nəzərə alınmayan ən mühüm amillərdən biri Hindistandır. Dünyanın ən çox əhalisi olan ölkəsi, nüvə silahına malik böyük dövlət və BRICS-in aparıcı üzvlərindən biri olan Hindistan ayrıca güc mərkəzi kimi təqdim edilmir, əksinə, Çinin təsir dairəsinə daxil edilir. Halbuki Yeni Dehli nə Vaşinqtonun, nə Moskvanın, nə də Pekinin siyasi orbitində tam şəkildə yer almaq istəyir.
Hindistanın xarici siyasəti strateji muxtariyyət prinsipinə əsaslanır. Ölkə həm ABŞ-la müdafiə və texnologiya sahəsində əməkdaşlıq edir, həm Rusiya ilə münasibətlərini qoruyur, həm də Çinlə rəqabət aparır. Hindistanı birbaşa Çinin təsir dairəsinə daxil etmək onun müstəqil geosiyasi ambisiyalarını və regional güc statusunu nəzərə almamaq deməkdir.
Bundan başqa, Duqin Rusiya ilə Çinin maraqlarının sanki birmənalı şəkildə üst-üstə düşdüyü təəssüratını yaradır. Halbuki Mərkəzi Asiyada hər iki ölkənin fərqli iqtisadi və strateji maraqları mövcuddur. Moskva bu regionu tarixi təhlükəsizlik və təsir məkanı kimi görürsə, Pekin üçün Mərkəzi Asiya enerji təhlükəsizliyi, ticarət, nəqliyyat və "Bir kəmər, bir yol" təşəbbüsünün mühüm istiqamətlərindən biridir. Bu baxımdan, Duqinin xəritəsi ilə real geosiyasi və siyasi maraqlar arasında ciddi fərqlər var.
Xəritənin Azərbaycan baxımından da düşündürücü tərəfləri mövcuddur. Belə ki, Cənubi Qafqaz ənənəvi olaraq Rusiyanın təsir dairəsinə daxil edilən region kimi təqdim olunur. Halbuki son illərdə Kremlin bölgədəki təsir imkanları və mövqeləri zəifləyib. Hətta demək olar ki, regional geosiyasi balans müəyyən mənada Bakının xeyrinə dəyişib.
Məsələyə daha konkret yanaşsaq, Azərbaycan Duqinin xəritəsində əsas güc mərkəzləri kimi təqdim olunan hər üç ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bundan əlavə, Bakı ABŞ-la TRIPP layihəsi, Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi, Çinlə isə Transxəzər nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq edir.
Bu mənzərə göstərir ki, Cənubi Qafqaz artıq əvvəlki geosiyasi reallıqlarla idarə olunan region deyil. Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq etməyə, öz milli maraqlarını qorumağa və müstəqil xarici siyasət yürütməyə çalışır. Bakı hər hansı bir güc mərkəzinin təsir dairəsinə daxil olmaq istəmədiyini dəfələrlə bəyan edib.
Mənim qənaətimə görə, Duqinin xəritəsi mövcud beynəlxalq reallıqları deyil, müəyyən geosiyasi məktəbin arzuladığı dünya nizamını nümayiş etdirir. Bu modeldə dövlətlərin suverenliyi və müstəqil siyasi iradəsi böyük güclərin maraqlarına tabe edilir. Lakin müasir beynəlxalq münasibətlər bu qədər sadə və mexaniki bölgüyə sığmır.
Belə bir dünya nizamı isə hələlik reallıqdan daha çox, geosiyasi arzudan ibarətdir.
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









