Yumurta seçərkən ən çox edilən səhvlər: Mütəxəssisdən tövsiyələr
"Uzun müddətdir ki, qidaların süni üsullarla hazırlanması ilə bağlı müxtəlif videolar sosial şəbəkələrdə yayılır. Bu görüntülərin əsasən Çində çəkildiyi iddia olunur. Belə videolardan biri də "süni yumurta" mövzusundadır. Lakin internetdə yayılan görüntülər çox vaxt laboratoriya təcrübələrini, oyuncaq istehsalını və ya bitki mənşəli yumurta əvəzedicilərinin nümayişini əks etdirə bilər. Bu səbəbdən yumurta istehlakçılarının panikaya düşməsinə əsas yoxdur".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, yumurta istehlakçıları arasında süni yumurta ilə bağlı hər hansı şikayətlə qarşılaşmamışam. Eyni zamanda, rəsmi qurumlar tərəfindən də ölkədə belə bir halın qeydə alınması ilə bağlı məlumat verilməyib:
"Təbii ki, bu cür videolar bir çox insanda təşviş və narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, yumurtanın quruluşu saxlanma müddətindən və şəraitindən asılı olaraq dəyişə bilər. Müddəti keçmiş və ya uzun müddət saxlanılmış yumurta bişirildikdə fərqli görünə bilər. Məsələn, yumurtanın ağı bəzən daha rezinəbənzər konsistensiya ala bilər. Bu isə öz-özlüyündə onun saxta olduğuna dəlalət etmir.
Bir yumurtanı süni şəkildə hazırlamaq iqtisadi baxımdan da səmərəli görünmür. Belə məhsulun maya dəyəri təbii yumurtadan daha yüksək ola bilər. İstehsalçının əsas məqsədi gəlir əldə etməkdirsə, daha bahalı və mürəkkəb üsulla süni yumurta hazırlamasının iqtisadi məntiqi yoxdur. Üstəlik, bu proses praktik baxımdan da olduqca mürəkkəbdir.
Dünyada "Just Egg" kimi bitki mənşəli yumurta əvəzediciləri mövcuddur. Lakin bunları "süni yumurta" adlandırmaq düzgün deyil. Bunlar tərkibi və istehsal üsulu üzərində məlumat göstərilən, qablaşdırılmış və müəyyən pəhriz məqsədləri üçün nəzərdə tutulan məhsullardır. Qiymətləri də adi yumurta ilə müqayisədə kifayət qədər yüksəkdir.
Yumurta ilə bağlı əsas risk isə başqa məsələlərlə əlaqəlidir. Burada məhsulun düzgün saxlanmaması və kifayət qədər bişirilməməsi daha ciddi risk yaradır. Xüsusilə çiy və ya az bişmiş yumurtanın istehlakı qida zəhərlənməsi ehtimalını artıra bilər. Buna görə diqqət daha çox məhsulun təzəliyinə, saxlanma şəraitinə və gigiyenik qaydalara yönəldilməlidir.
Yumurtanın qabığını sındırdıqda xoşagəlməz və kəskin qoxu hiss olunursa, bu, ciddi xəbərdarlıq əlamətidir və belə məhsul istehlak edilməməlidir. Yumurta alarkən qablaşdırmaya, istehsal və son istifadə tarixlərinə, eləcə də saxlanma şəraitinə diqqət yetirmək vacibdir. Küçədən və mənşəyi bilinməyən yerlərdən alınan yumurtalarda risk daha yüksək ola bilər.
Təbii yumurtanın qabığı adətən bir qədər nahamar və mat görünür. Həddindən artıq parlaq və hamar qabıq bəzi hallarda emal prosesindən xəbər verə bilər. Lakin bu xüsusiyyət yumurtanın süni olduğunu göstərmir. Təzə yumurta sındırıldıqda sarısı adətən bütöv qalır və qabarıq görünür. Yumurtanın ağı isə iki fərqli konsistensiyaya malik təbəqədən ibarət olur.
Yumurtanın qabığında nəcis və ya digər çirkləndiricilər varsa, onu bişirməzdən əvvəl yumaq tövsiyə olunur. Lakin yumurtanı əvvəlcədən yuyub daha sonra soyuducuda saxlamaq düzgün deyil. Çünki yuma zamanı qabığın səthindəki qoruyucu təbəqə zədələnə və mikroorqanizmlərin qabıq məsamələrindən içəri keçməsi riski arta bilər.
Yumurtanı soyuducunun qapısında saxlamaq da məsləhət görülmür. Qapının tez-tez açılıb-bağlanması temperaturun dəyişməsinə səbəb olur. Bundan əlavə, qabığı çatlamış yumurtaları almaq və istehlak etmək olmaz. Çatlamış qabıqdan mikroorqanizmlərin yumurtanın içərisinə keçmə ehtimalı daha yüksəkdir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










