"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ
Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağa başladığı bu mərhələdə bağçaların rolu yalnız onun məktəbə hazırlanması ilə məhdudlaşmır. Burada uşaqların ünsiyyət qurması, ətraf aləmi tanıması, ilkin bilik və bacarıqlara yiyələnməsi də gözlənilir.
Bəs ölkəmizdə bağçalarda uşaqlara verilən təhsil nə dərəcədə qənaətbəxşdir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev bildirib ki, bu gün bağçalarla bağlı vəziyyət həqiqətən də ürəkaçan deyil:
"Bəli, müəyyən istiqamətlərdə işlər yaxşılaşdırılıb. Məsələn, bir neçə il bundan əvvəl təkcə qısa bir müddətdə minlərlə diplomsuz müəllim aşkarlandı və işdən çıxarıldı. Ondan sonra bir xeyli bağça müdirinin yol verdiyi qeyri-şəffaflıq və qeyri-loyallıq üzə çıxdı, onlar işdən çıxarıldı. Yəni bu istiqamətdə işlər görülür, yaxşıdır.
Əmma bağçalar bu gün metodiki prizmadan inkişaf etməlidirlər. Bağçalarda çalışan metodistlər, tərbiyəçilər, metodist müəllimlərin özünün inkişafı nə necədir? Şəxsən mən bağça müəllimləri üçün bir dənə də olsun praktiki kitab belə tanımıram. Kiab var, yazılır, amma kitabları açıb oxuyursan, kitablar praktikadan xeyli-xeyli uzaqdırlar".
Müsahibimiz əlavə edib ki, bağça müəllimliyi əslində çox vacib, çox məsuliyyətli bir işdir:
"Bütün dünyanın təhsil sistemində məktəbəqədər və ibtidai səviyyənin müəllimlərinin həm maaşı yüksək olur, həm də onların üzərində olan məsuliyyət daha çox olur. Çünkü bünövrəni onlar hazırlayırlar. Bünövrə yaxşı olmasa, onun üzərində tikiləcək növbəti mərtəbələr də təhlükəsiz olmayacaq. Bağça təhsilində, ibtidai təhsildə olan yanlışlıqlar bir köynəyin ən birinci düyməsinin yanlış bağlanmasına bənzəyir. Bir köynəyin üst düyməsini yanlış bağlayanda avtomatik bütün düymələr də yanlış bağlanır. Bağça təhsilinin əhəmiyyəti bax budur".
Elmin Nuriyevin sözlərinə görə, bizdə bağça təhsilinə həmişə formal yanaşılıb:
"Bu gün qəbul sınaqlarında müəllimlik ixtisasları üzrə ən aşağı bal məhz məktəbəqədər təhsil ixtisasındadır. Ən aşağı maaş alan müəllimlər məhz bağça müəllimləridir. Bağçalar yalnız uşaqların ata-anası işlədiyinə görə müvəqqəti olaraq bir neçə saat ərzində saxlanıldığı, nəzarət edildiyi yer olmamalıdır. Biz bu yanaşmadan xilas olmalıyıq. Bağçalar sığınacaq deyil ki, uşağı günün müəyyən hissəsində ora tapşıraq və günün müəyyən hissəsində oradan götürək. Birinci, bağçaya olan bu münasibət dəyişməlidir, əks halda biz bağçadan nəyisə gözləyə bilmərik. Bağça müəllimlərinə keçirilən təlimlər artırılmalı, onlarım inkişafı istiqamətində proqramlar hazırlanmalıdır. Bu gün bağçaya münasibət necədir? "Əşi, nə yaxşı ki bağça var, uşağı ora qoyub işə gedə bilirik"".
Ekspert xarici təcrübədəki vəziyyətdən danışıb:
"Xarici ölkələrdə bağçanın üzərinə məktəbdən qat-qat daha çox tələblər qoyulur. Avstraliya, ABŞ, Finlandiya, Sinqapur kimi ölkələrdəki bağça modelləri tamamilə fərqlidir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










