Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?
Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a bildirib ki, kreditlərdən çıxa bilməməyin əsas səbəbi gəlirlərin çatışmazlığıdır:
"Əgər gəlir və ya əməkhaqqı kifayət qədər yüksək olarsa, onun müəyyən hissəsini kredit ödənişinə yönəltməklə həmin krediti qısa müddətdə bağlamaq mümkündür. Lakin gündəlik zəruri istehlak mallarının alınması, eləcə də müəyyən ehtiyacların qarşılanması üçün məcburi kredit götürülməsi sonradan həmin borcların daimi və davamlı xarakter almasına gətirib çıxarır.
Maaş daxil olur, şəxs həmin vəsaitlə kredit kartı üzrə borcunu ödəyir. Bundan sonra gündəlik xərclərini qarşılamaq üçün kartda kifayət qədər vəsait qalmır. Nəticədə ya növbəti kreditə müraciət etməyə, ya da yenidən kredit kartı ilə ödənişlər etməyə məcbur olur. Beləliklə, vətəndaş yenidən borclanır və artıq hər ay eyni prosesi təkrarlamalı olur.
Nəticədə vətəndaş faktiki olaraq gələcək maaşını əvvəlcədən xərcləmiş olur. Bu isə iqtisadi baxımdan ciddi problemlərin yaranmasına, ailə büdcəsinə əlavə yük düşməsinə və maliyyə imkanlarının daha da məhdudlaşmasına səbəb olur.
Bunun əsas səbəblərindən biri gəlirlərlə yaşayış xərcləri arasında ciddi fərqin olmasıdır. Yəni gəlirlər aşağı, yaşayış xərcləri isə yüksəkdir. Ərzaq, kommunal xidmətlər, kirayə və digər məcburi xərclər inflyasiya və ümumi iqtisadi şərait fonunda getdikcə artır. Hər dəfə qiymətlər yüksəldikcə bu, ailə büdcəsində əlavə yük yaradır.
Eyni zamanda xərclərin yüksək olması insanların əlavə pul yığmasına da imkan vermir. Halbuki gözlənilməz xərclər hər zaman yarana bilər. Məsələn, toy və yas mərasimləri, xəstəlik və müalicə xərcləri, səfərlər, başqa ölkəyə getmək zərurəti və digər nəzərdə tutulmayan hallar müəyyən maliyyə ehtiyatının olmasını tələb edir. Belə bir yığım olmadıqda isə kreditə ehtiyac yaranır.
Həmin kredit bir müddətdən sonra borc yükünə çevrilir. Borc ödənişlərindən sonra əldə olunan əməkhaqqının gündəlik ehtiyacları qarşılamağa kifayət etməməsi də əsas problemlərdən biridir. Bu vəziyyət artıq əhalinin böyük bir hissəsi üçün sanki gündəlik həyat tərzinə çevrilib".
İqtisadçı qeyd edib ki, problemin həlli üçün daha yüksək əməkhaqqı təklif olunan yerlərdə çalışmaq lazımdır:
"Problemin aradan qaldırılması üçün ilk növbədə daha yüksək əməkhaqqı imkanlarının axtarılması vacibdir. İnsanlar öz üzərlərində işləməli, bacarıqlarını artırmalı, ixtisaslarını təkmilləşdirməli, daha yüksək maaş təklif edən iş yerlərinə müraciət etməlidirlər. Eyni zamanda ailə büdcəsinin daha planlı şəkildə idarə olunması, zəruri olmayan xərclərin azaldılması və müəyyən qənaət mexanizmlərinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu, təkcə fərdi maliyyə davranışı ilə bağlı məsələ deyil, ümumilikdə iqtisadi xarakter daşıyan problemdir. İstər əmlakın, istər gündəlik istehlak mallarının, istərsə də müxtəlif xidmətlərin qiymətlərinin davamlı artması ailə büdcəsində ciddi çətinliklərin yaranmasına səbəb olur.
Məhz gəlirlə xərclər arasında yaranan bu boşluğu bir çox hallarda kredit kartları və ya birbaşa kredit müraciətləri doldurur. İnsan mövcud gəliri ilə xərclərini qarşılaya bilmədikdə kreditdən istifadə etməyə başlayır.
Düşünürəm ki, minimum əməkhaqqının artırılması da problemin həlli yollarından biri kimi nəzərdən keçirilə bilər. Minimum əməkhaqqının yüksəldilməsi həm də ona görə vacibdir ki, özəl şirkətlər işçilərinə müəyyən edilmiş minimum həddən aşağı əməkhaqqı ödəməsinlər.
Bununla yanaşı, ailə büdcəsinin düzgün tənzimlənməsi, daha yüksək əməkhaqqı olan iş yerlərinə müraciət etmək üçün ixtisasartırma, yeni bacarıqların əldə olunması və insanın öz üzərində işləməsi də mühüm rol oynayır.
Əsas səbəblər bunlardır və onların aradan qaldırılması vacibdir. Ölkənin iqtisadi sisteminin daha da inkişaf etdirilməsi, yeni və daha yüksək maaşlı iş yerlərinin yaradılması, əməkhaqlarının artırılması da bu məsələdə xüsusi qeyd olunmalıdır.
İqtisadi problem ondan ibarətdir ki, əldə olunan gəlir mövcud xərcləri qarşılamağa kifayət etmir. Kreditlərin asan əlçatan olması isə bu problemi borclanma probleminə çevirən əsas amillərdən biridir.
Yəni kreditin əlçatan olması elə bir şərait yaradır ki, vətəndaş gündəlik maliyyə problemlərini həll etmək üçün məcburən kreditə müraciət edir. Bundan sonra isə borc yaranır və insan növbəti ayın əməkhaqqını faktiki olaraq əvvəlcədən xərcləmiş olur. Beləliklə, kredit ödənişi ilə yeni borclanma bir-birini əvəz edir və bu proses davamlı xarakter alır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








