TDT yeni mərhələdə: Azərbaycanın təşəbbüskarlığı hansı imkanları yaradır?

TDT yeni mərhələdə: Azərbaycanın təşəbbüskarlığı hansı imkanları yaradır?"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib. Görüşdə TDT çərçivəsində təhlükəsizlik və əməkdaşlığın inkişafı ilə bağlı mühüm məsələlərə toxunulub".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Azərbaycan TDT-nin inkişafında və təşkilatın beynəlxalq müstəvidə rolunun gücləndirilməsində fəal təşəbbüslər irəli sürən ölkələrdən biridir. Təşkilat ötən illər ərzində mədəni, tarixi və iqtisadi əlaqələrin inkişafından daha geniş əməkdaşlıq formatına doğru irəliləyib. Bu gün gündəlikdə nəqliyyat, enerji, təhlükəsizlik və beynəlxalq münasibətlər kimi məsələlər də xüsusi yer tutur:

"Prezident İlham Əliyev TDT-nin fəaliyyətini qiymətləndirərkən təşkilatın 2009-cu ildə Naxçıvan Zirvə görüşündən sonra mühüm inkişaf yolu keçdiyini vurğulayıb.

"Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq", - deyə dövlət başçısı bildirib.

Prezident çıxışında, həmçinin TDT-yə üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyinin beynəlxalq arenada təşkilatın rolunu və yerini gücləndirməkdən ibarət olduğunu qeyd edib.

Bu yanaşma göstərir ki, Türk dünyasının əməkdaşlıq gündəliyi artıq yalnız mədəni və tarixi yaxınlıqla məhdudlaşmır. TDT çərçivəsində təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə daha sıx koordinasiyanın formalaşdırılması məsələsi ön plana çıxır. Azərbaycanın bu prosesə yanaşmasında isə təşkilatın üzv dövlətlərin ortaq maraqlarını ifadə edə bilən daha təsirli platformaya çevrilməsi xətti diqqət çəkir.

Təhlükəsizlik anlayışı da artıq yalnız sərhədlərin qorunması və hərbi təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır. Enerji marşrutlarının təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyəti, iqtisadi sabitlik, beynəlxalq hüququn prinsipləri və ictimai-siyasi sabitlik də ümumi təhlükəsizlik mühitinin mühüm elementlərinə çevrilib. Prezident İlham Əliyevin TDT ilə bağlı çıxışlarında təhlükəsizlik məsələlərini iqtisadi və nəqliyyat əlaqələri ilə paralel şəkildə nəzərdən keçirməsi də bu baxımdan diqqət çəkir. 2025-ci ildə Qəbələdə keçirilən TDT Zirvə görüşündə dövlət başçısı sülh və təhlükəsizliyi inkişafın əsas şərtlərindən biri kimi təqdim edib və türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini vurğulayıb.

Bakıda son günlər keçirilən müxtəlif görüşlər də bu əməkdaşlığın ayrı-ayrı istiqamətlər üzrə dərinləşdiyini göstərir. Sentyabrın 15-də TDT-nin Müsəlman Dini Rəhbərləri Şurasının nümayəndələri Bakıda bir araya gəlib, sentyabrın 17-də isə təşkilata üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Bu görüşlər mahiyyət etibarilə fərqli sahələri əhatə etsə də, Türk dövlətləri arasında institusional və siyasi əlaqələrin genişləndirilməsi baxımından eyni əməkdaşlıq çərçivəsinin müxtəlif istiqamətlərini göstərir.

Prezidentin çıxışından TDT üçün daha geniş hədəfin nəzərdə tutulduğu görünür. Söhbət üzv dövlətlərin ortaq maraqlarını beynəlxalq siyasətdə daha effektiv ifadə edə bilən, iqtisadi və nəqliyyat imkanlarını birləşdirən, təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirən bir platformanın formalaşdırılmasından gedir.

Azərbaycanın bu prosesdəki mövqeyini müəyyənləşdirən əsas amillərdən biri onun coğrafi yerləşməsidir. Türkiyə ilə müttəfiqlik münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən əlaqələr, Avropa ilə Asiya arasında yerləşməsi və enerji-nəqliyyat layihələrindəki imkanları Azərbaycanı TDT daxilində mühüm bağlantı məkanına çevirir.

Prezident İlham Əliyev də Azərbaycanın coğrafi mövqeyinin bu baxımdan əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, həm TDT-nin Mərkəzi Asiya üzv dövlətləri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqələri nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin bütün ölkələrin xeyrinə həyata keçirilməsində Azərbaycanın rolunu artırır.

Burada "bütün ölkələrimizin xeyrinə" yanaşması xüsusilə diqqətəlayiqdir. Çünki Azərbaycanın TDT çərçivəsində irəli sürdüyü təşəbbüslər yalnız milli iqtisadi maraqlar müstəvisində deyil, daha geniş regional əməkdaşlıq kontekstində təqdim olunur. Təbii ki, hər bir dövlət öz milli maraqlarını əsas götürür. Lakin Azərbaycanın təqdim etdiyi modeldə bu maraqların digər türk dövlətlərinin iqtisadi inkişafı, nəqliyyat bağlantıları və enerji imkanları ilə uzlaşdırılması əsas xətt kimi çıxış edir.

Bakı üçün bu proses eyni zamanda Azərbaycanın regional əhəmiyyətinin artması baxımından mühüm imkanlar yaradır. Mərkəzi Asiya ilə Türkiyə arasında əlaqələr genişləndikcə Azərbaycan həmin əlaqələrin mühüm tranzit və siyasi qovşaqlarından biri kimi çıxış edə bilər. Beləliklə, TDT daxilində əməkdaşlığın genişlənməsi ilə Azərbaycanın nəqliyyat, enerji və siyasi əhəmiyyətinin artması paralel proseslərə çevrilir.

TDT üzv dövlətləri geniş coğrafiyada yerləşir və onların qarşılaşdığı çağırışlar eyni formada və eyni vaxtda meydana çıxmır. Bu baxımdan müntəzəm zirvə görüşləri ilə yanaşı, daha çevik siyasi məsləhətləşmə mexanizmlərinin mövcudluğu da əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə 2024-cü ildə Şuşada keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu formatın inkişafında mühüm mərhələ olub. Həmin görüşdə Qarabağ Bəyannaməsi də qəbul edilib.

Şuşanın TDT üçün seçilməsi də Azərbaycanın təşkilat daxilindəki təşəbbüskarlığının göstəricilərindən biri kimi qiymətləndirilə bilər. 2024-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev Türk dünyasının və TDT-nin gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirmişdi.

Azərbaycanın TDT-dəki mövqeyini gücləndirən digər mühüm amil Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında əlaqələrin inkişafında oynadığı roldur. Azərbaycanın həm Mərkəzi Asiyanın türk dövlətləri, həm də Türkiyə ilə fəal münasibətləri onun coğrafi mövqeyini real iqtisadi və siyasi bağlantıya çevirir.

Bu baxımdan Azərbaycan TDT daxilində Şərq-Qərb istiqamətində əməkdaşlığın inkişafına töhfə verə biləcək əsas ölkələrdən biridir. Mərkəzi Asiyanın enerji və digər iqtisadi resurslarının Xəzər üzərindən qərbə daşınması, Türkiyə ilə bağlantıların genişləndirilməsi və Avropa bazarlarına çıxış imkanları bir-birini tamamlayan istiqamətlərdir.

Bakı üçün bu xəttin başqa bir əhəmiyyəti də ondan ibarətdir ki, TDT-nin geosiyasi çəkisi yalnız siyasi bəyanatlarla deyil, üzv dövlətlərin bir-birinə real ehtiyac yaratdığı iqtisadi, enerji və nəqliyyat əlaqələri ilə də möhkəmlənə bilər. Bu isə Azərbaycanın coğrafi mövqeyini təşkilatın ümumi maraqları ilə birləşdirən əsas amillərdən biridir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında sənədlər imzaladığı da vurğulanıb. Bu məqam Azərbaycanın TDT daxilindəki əməkdaşlığının yalnız çoxtərəfli formatla məhdudlaşmadığını göstərir. Bakı təşkilat daxilindəki əməkdaşlığı üzv dövlətlərlə ikitərəfli münasibətlərin inkişafı ilə paralel şəkildə aparır.

Əslində, güclü ikitərəfli əlaqələr çoxtərəfli platformaların da daha səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradır. Azərbaycan baxımından TDT çərçivəsində əsas məqsədlərdən biri də məhz bu iki istiqamətin - ikitərəfli münasibətlər və çoxtərəfli əməkdaşlığın - bir-birini tamamlamasına nail olmaqdır. Bu yanaşma Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq platformasına çevrilməsi prosesində Azərbaycanın rolunu ön plana çıxarır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 203
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 358
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 206
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 220
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

12:31 229
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 140
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 240
.

Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı

10:39 244
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 209
.