Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladıPrezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Oxu.Az President.az-a istinadən müraciətin mətnini təqdim edir:

"Sizi "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.

Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə davam edir. Münaqişələr bitdikdən uzun müddət sonra partlayıcı sursatlar insanların həyatlarını itirməsinə, mülki şəxslərin yaralanmasına, infrastrukturun zədələnməsinə və yenidənqurma layihələrinin ləngiməsinə səbəb olmaqda davam edir. Bu baxımdan, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir.

Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır.

Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır.

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib.

Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir.

Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.

Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.

Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir.

İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.

Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir.

Bir çox çağırışlar qalsa da, indiyədək əldə edilən nəticələr Azərbaycanın inteqrasiya olunmuş yanaşmasının səmərəliyini nümayiş etdirir. Biz bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırıq. Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər.

Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın və minatəmizləmənin əhəmiyyəti Azərbaycanın Bakıda uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində olub.

Bununla yanaşı, ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib və bu məsələnin qlobal prioritet kimi tanınması üçün fəaliyyətini davam edir.

Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir.

Əminəm ki, bu Konfrans açıq dialoq, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın inkişafı üçün dəyərli platforma rolunu oynayacaq. Bakıda aparılan müzakirələr beynəlxalq minatəmizləmə standartlarının gücləndirilməsinə, innovasiyanın təşviqinə, təhlükəsiz şəhərlərin bərpasının dəstəklənməsi, təhlükəsiz, dayanıqlı və davamlı icmaların qurulması kimi ümumi məqsədimizə nail olunmasına töhfə verəcək.

Bütün iştirakçılara ən xoş arzularımı çatdırır və Konfransın işinə uğurlar arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.