"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?

Sosioloq Naib Niftəliyev Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurmaq istəyən şəxsə ilk növbədə "pulun varmı?" sualı verilir:

"Kişilərin evlənmək məsələsində yubanmasının və tərəddüd etməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var. Bu, həm qadınların münasibəti və davranışı, həm də sosial-iqtisadi amillərlə bağlıdır.

Düşünürəm ki, hazırda həm qadınlar, həm də kişilər komforta əvvəlkindən daha çox üstünlük verirlər. Xüsusilə qadınların ailə qurmaqla bağlı tələbləri və şərtləri artıb. Bəzən az maaş alan, orta gəlirli və ya aşağı sosial təbəqəyə mənsub şəxslərlə ailə qurmaq istəmirlər.

Bu vəziyyət xüsusilə ali təhsilli, müəyyən uğur qazanmış, cəmiyyətdə özünə yer tutmuş və karyerasında sürətlə irəliləyən qadınlarda daha çox müşahidə olunur. Onlar hətta müəyyən uyğunluq olsa belə, maddi imkanları və gələcəklə bağlı hədəfləri nəzərə alaraq bəzi kişiləri qəbul etmirlər. Buna görə də problemin səbəbi həm kişilərdə, həm də qadınlardadır. Məsələyə birtərəfli yanaşsaq, yanlış nəticəyə gələ bilərik. Bütün amilləri nəzərə almaq vacibdir.

Əslində, kişilər evlənmək istəyirlər. Sadəcə ailə qurmaq üçün zəruri olan resursları və maddi vasitələri vaxtında toplaya bilmirlər. Ailə qurmaq üçün ən vacib məsələlərdən biri kişinin yaşayış yeri təmin etmək və ailənin əsas ehtiyaclarını qarşılamaq imkanına malik olmasıdır. Hər bir insanın evlənənədək müəyyən zaman dövrünə ehtiyacı olur.

Azərbaycanda insanların özünü reallaşdırmaq imkanları müəyyən qədər genişlənsə də, digər ölkələrlə müqayisədə bəzi sahələrdə hələ də zəifdir. Maaşlar da o qədər yüksək deyil. İnsan düşünür ki, az maaşla necə ailə qura və ailəsini necə dolandıra bilər. Hətta buna cəhd göstərsə belə, qarşı tərəf mövcud riskləri nəzərə alaraq "yox" cavabı verə bilər.

Nəticədə müəyyən yubanmalar başlayır. Gözləmələr, fərqli münasibətlər, qarşıdurmalar və qeyri-müəyyənlik şəraitində münasibətlər tədricən zəifləyir və aşınır.

Kişilərin evlənməyə tələsməməsi, qadınların isə tələblərini həddindən artıq yüksəltməsi demoqrafik vəziyyətə də təsir göstərir. Bu, doğum səviyyəsinin azalmasına, ailədə sabitliyin, sədaqətin və qarşılıqlı anlaşmanın zəifləməsinə səbəb ola bilər. Eyni zamanda xəyanət, nikahdankənar və məsuliyyətsiz münasibətlər kimi deviant davranış formalarının genişlənməsi üçün şərait yaradır. Bunlar ailə institutunu zəiflədən amillərdir.

Ailə məsələlərində etnomədəni, etnososioloji və etnopsixoloji məqamlar ciddi şəkildə nəzərə alınmalıdır. Təbii ki, bütün bunlar sosial-iqtisadi motivlərlə də birbaşa bağlıdır.

Təsadüfi deyil ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurmaq istəyən şəxsə ilk növbədə "pulun varmı?" sualı verilir. Deməli, həmin psixologiya və düşüncə bu gün də müəyyən formada davam edir".

N.Niftəliyev qeyd edib ki, insanlar maddi imkanları nəzərə almaqda müəyyən qədər haqlıdırlar:

"Ancaq bəzən bu məsələdə ifrata varırlar. Təxminən 15-20 il əvvəl ailə münasibətlərində sədaqət, qarşılıqlı anlaşma və birgə inkişaf maddi-iqtisadi hədəflərdən daha üstün tutulurdu. İndi isə ilk meyar kimi insanın hazırkı imkanları önə çıxır.

Belə düşünülür ki, bir insanın maddi imkanı varsa, onunla ailə qurmaq olar. Başqa bir şəxsin ailəsi imkanlıdırsa, onunla qurulan ailədə gələcəkdə xoşbəxtlik təmin ediləcək. Pulu olmayan insanla isə xoşbəxt gələcəyin mümkün olmadığı qənaəti formalaşır. Bu, olduqca lokal, sərt və birtərəfli düşüncə tərzidir.

Çox az insan düşünür ki, iki nəfər ailə quraraq birlikdə inkişaf edə, bir-birinə dəstək verə və ailənin rifahını birgə yüksəldə bilər. Adətən hər kəs öz ailəsində və ətrafında gördüyü nümunələrə uyğun davranır.

İnsanın müəyyən yaşdan sonra qərar verməsi bir tərəfdən asanlaşsa da, digər tərəfdən çətinləşir. Müəyyən düşüncə və davranış formaları artıq oturuşubsa, qərar qəbul etmək mümkündür. Lakin həmin xüsusiyyətlər formalaşmayıbsa, sonradan onları yaratmaq daha çətin olur. Xüsusilə təbəqələşmiş cəmiyyətdə bu, kifayət qədər mürəkkəb məsələdir.

Azərbaycanda da cəmiyyətin təbəqələşməsi prosesi gedir. Bu təbəqələşmənin təbii nəticələrindən biri də ailə quranların sayının azalmasıdır. Maddi imkanı yüksək olan şəxslər bəzən gec evlənərək daha yaxşı rifah təmin etmək istəyirlər. Maddi imkanları məhdud olan şəxslər isə yüksək tələblərə cavab verməyə və daha yaxşı ailə qurmağa çalışırlar. Eyni zamanda imkanlarının məhdudluğunu nəzərə alaraq risk etməkdən çəkinirlər. Nəticədə evlilik yaşı istər-istəməz yüksəlir və proses yubanır.

Səbəblər çoxşaxəlidir. Onlar həm sosial-iqtisadi amillərlə, həm də ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Azərbaycanda inkişaf var. Ancaq bu inkişaf hələ mənzil, əməkhaqqı, uşaqpulu və pensiya təminatını Avropanın orta statistik göstəriciləri səviyyəsinə çatdıracaq həddə deyil.

Zamanla bu problemlər aradan qaldırıldıqca sosial, etik və milli dəyərlərə müəyyən mənada qayıdışın baş verəcəyini düşünürəm. İnsanlar "tez yuxudan duranla tez ailə quran uduzmaz" prinsipini yenidən xatırlayacaqlar. Bu ifadə bir qədər obrazlı səslənə bilər, lakin etnososioloji baxımdan aktual və ciddi məsələdir.

Hər bir insan ailə qurarkən bütün amilləri nəzərə alır. Son dövrlərdə ailədaxili münaqişələrin və boşanmaların sayının da kəskin şəkildə artdığını görürük.

Biz ailə problemlərini sosioloji cəhətdən tədqiq edib düzgün istiqamət müəyyənləşdirmək əvəzinə, daha çox qlobal tendensiyaları müşahidə edir və həmin axına qoşuluruq. Halbuki bəzən mövcud axına qarşı getmək və milli ailə modelinin xüsusiyyətlərini qorumaq da lazımdır".

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında bildirib ki, kişilər evlilikdən sonra üzərlərinə düşəcək və təkbaşına daşımalı olduğunu düşündüyü ağır məsuliyyətdən çəkinirlər:

"Son illərdə kişilərin evlilikdən uzaq durması daha çox müzakirə olunur. Bunu yalnız kişilərin ailə qurmaq istəməməsi və ya məsuliyyətdən qaçması ilə izah etmək düzgün deyil. Məsələnin iqtisadi, sosial və psixoloji tərəfləri var.

Cəmiyyətimizdə ailənin maddi təminatı əsasən kişinin üzərinə qoyulur. Kişidən evi, sabit işi və davamlı gəliri olmasa belə, ailənin bütün ehtiyaclarını qarşılaması gözlənilir. Toy xərcləri, mənzil məsələsi, gündəlik yaşayış, gələcəkdə övladların təminatı kişini ciddi təzyiq altında saxlayır. Gəlirinə və gələcəyinə əmin olmayan kişi evlilik qərarını təxirə salır. Burada söhbət evliliyin özündən qaçmaqdan getmir. Kişi daha çox evlilikdən sonra üzərinə düşəcək və təkbaşına daşımalı olduğunu düşündüyü ağır məsuliyyətdən çəkinir.

Məsələnin başqa tərəfi də var. Kişidən hər vəziyyətdə güclü görünmək, yorulmamaq, qorxmamaq və bütün problemləri tək həll etmək tələb olunur. Onun narahatlığını dilə gətirməsi, çətinlik çəkdiyini deməsi və dəstək istəməsi çox vaxt zəiflik kimi qəbul edilir. Bu yanaşma kişini emosional olaraq tək qoyur. O da ailə həyatını qarşılıqlı paylaşım kimi deyil, hər şeyi öz üzərinə götürməli olduğu ağır bir sistem kimi görür.

Ailə yalnız kişinin maddi imkanları hesabına qurulan bir təsisat deyil. Sağlam evlilikdə kişi və qadın həyatın məsuliyyətini birlikdə daşıyır. Maddi məsələlər, məişət qayğıları, övladların tərbiyəsi və ailədaxili münasibətlər tərəflərin qarşılıqlı əməkdaşlığı ilə tənzimlənir. Evlilikdə biri daim verən, digəri isə yalnız gözləyən tərəfə çevriləndə münasibətdə tarazlıq pozulur.

Son illərdə boşanmaların artması da kişilərin evliliyə münasibətinə təsir edir. Ətrafında davamlı münaqişə, xəyanət, ağır boşanma prosesi, övlad və əmlak üstündə mübahisə görən insan evlilik haqqında mənfi qənaət formalaşdırır. Valideynlərinin gərgin münasibəti içərisində böyüyən kişi öz ailəsində də eyni problemləri yaşayacağından narahat olur. Uşaqlıqda gördüyü ailə modeli onun gələcək münasibətlərinə birbaşa təsir göstərir".

Psixoloq qeyd edib ki, sosial şəbəkələr də evlilik haqqında mənfi təsəvvürləri artırır:

"Sağlam və sakit ailə münasibətləri adətən gündəmə gəlmir. Münaqişə, xəyanət, zorakılıq və boşanma xəbərləri isə daha çox diqqət çəkir. İnsan davamlı şəkildə bu cür hadisələrlə qarşılaşdıqda elə düşünür ki, evliliklərin böyük hissəsi uğursuzluqla nəticələnir. Halbuki sosial şəbəkədə görünənlər bütün ailələrin real mənzərəsini göstərmir.

Boşanmaların sayının artmasını yalnız ailə dəyərlərinin zəifləməsi ilə əlaqələndirmək də düzgün deyil. Əvvəllər bir çox ailə sağlam münasibətlərə görə deyil, sosial qınaqdan, iqtisadi asılılıqdan və insanların nə deyəcəyindən çəkinərək davam edirdi. Bu gün insanlar zorakılıq, davamlı təhqir, xəyanət və ağır psixoloji təzyiq olan münasibətdə qalmaq istəmirlər. Ona görə də hər boşanmanı ailə institutunun zəifləməsi kimi təqdim etmək doğru yanaşma deyil.

Nikahdan əvvəl uzun müddət sevgili qalmaq bəzi cütlüklərdə rəsmi evliliyin təxirə salınmasına gətirib çıxarır. Tərəflər münasibətin verdiyi emosional yaxınlığı və rahatlığı yaşayırlar. Rəsmi evlilik isə onların düşüncəsində əlavə məsuliyyət, maddi xərc, ailələrin münasibətə müdaxiləsi və övlad planı ilə əlaqələnir. Buna görə də mövcud münasibəti dəyişdirməyə ehtiyac görmürlər.

Ancaq münasibətin uzun müddət davam etməsi evliliyə hazır olmaq demək deyil. Əsas məsələ tərəflərin gələcəklə bağlı nə düşündükləridir. Evlilik, övlad, yaşayış yeri, maddi məsuliyyət, karyera və ailələrin münasibətə müdaxiləsi əvvəlcədən açıq şəkildə danışılmalıdır. Bu mövzular müzakirə edilmədikdə münasibət illərlə davam edir, amma heç bir istiqamətdə inkişaf etmir. Tərəflərdən biri evlilik gözləyir, digəri isə qərar verməkdən yayınır. Nəticədə münasibətdə narazılıq, inamsızlıq və emosional yorğunluq yaranır.

Rəsmi nikahı sadəcə toy və ya sənəd kimi görmək də düzgün deyil. Nikah münasibətə hüquqi, sosial və psixoloji məsuliyyət gətirir. Tərəflərin bir-birinə, gələcək övladlarına və birgə həyatlarına münasibətini rəsmiləşdirir. Əsas məsələ hər iki tərəfin eyni gözlənti ilə münasibətdə olmasıdır. Biri ailə qurmaq və övlad sahibi olmaq istəyir, digəri isə münasibətin mövcud vəziyyətdə qalmasını düşünürsə, gec-tez ciddi problem ortaya çıxır.

Kişilərin evlilikdən uzaqlaşmasını yalnız məsuliyyətsizlik, sərbəst yaşamaq istəyi və ya qadınlara qarşı inamsızlıqla izah etmək olmaz. Burada maddi çətinliklər, ailədən gələn mənfi təcrübələr, uğursuz evlilik nümunələri, cəmiyyətin kişiyə yüklədiyi ağır gözləntilər və münasibət qurmaq bacarıqlarının zəifliyi mühüm rol oynayır.

Gəncləri evlənməyə məcbur etmək və ya ailə qurmadıqlarına görə qınamaq çıxış yolu deyil. Onları sağlam münasibət qurmağa, düzgün tərəfdaş seçməyə, hisslərini ifadə etməyə, münaqişələri təhqir və zorakılıq olmadan həll etməyə, maddi məsələləri əvvəlcədən danışmağa və ailə məsuliyyətini bölüşməyə hazırlamaq lazımdır. Evlilik qorxulu yük və ya bir tərəfin bütün həyatını digərinə həsr etməsi deyil. Evlilik sevgi, hörmət, etibar və qarşılıqlı məsuliyyət üzərində qurulan tərəfdaşlıqdır. Sağlam ailə yalnız kişinin qazancı və ya qadının fədakarlığı ilə formalaşmır. Sağlam ailə iki insanın şüurlu qərarı, qarşılıqlı anlayışı və gündəlik əməyi ilə qurulur".

Necə deyərlər, "Arşın mal alan" filmində Tellinin Vəliyə dediyi kimi: "Pulun var gələrəm".

Yazı Medianın İnkişaf Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 141
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29.09.2026 207
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il

29.09.2026 232
.

Qızıl bazarlarında son vəziyyət

Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)

29.09.2026 159
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29.09.2026 213
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 128
.

İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə

29.09.2026 158
.

Ətin "kimdən gəldiyi" bəlli olacaq - Elektron identifikasiya nəyi dəyişir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

AQTA-nın sentyabrın 28-də Daşkəsəndə keçirdiyi görüşdə heyvanların fərdi identifikasiyasının xəstəliklərin vaxtında aşkarlanması və baytarlıq tədbirlərinin izlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Prosesin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparıldığı və heyvanla

29.09.2026 215
.