Kişilər arasında ilk solist qadın: "Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam"

Kişilər arasında ilk solist qadın: "Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam"Xalq artisti, Milli Konservatoriyanın professoru Şəfiqə Eyvazova: "Deyirlər ki, qadınlar arasında ilk solist olmuşam, xeyr, mən kişilər arasında ilk solist qadın oldum. Məndən sonra qızlar kamança sinfinə yazıldılar. Ona görə deyirlər ki, Şəfiqə qızlar sülaləsi yetişdirdi".

8 Mart onun üçün təkcə Qadınlar bayramı deyil, həm də doğum günüdür. Gələn il qeyd edəcəyi 80 illik yubileyi üçün bu günün özəllikləri də çoxdur. İllər onu təkcə tanınan kamança ifaçısı kimi sevdirməyib, həm də çox musiqiçiyə örnək ola biləcək şöhrətli bir ömür yaşadıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Xalq artisti, Milli Konservatoriyanın professoru Şəfiqə Eyvazova ilə bir illik cəhdlərdən sonra baş tutan müsahibəmiz də elə bu özəl günə təsadüf etdi.

"Sizi bir az incitdim, amma şükür Allaha ki, nəhayət razılaşdıq" - deyə Xalq artisti həyat yolundan danışdı.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

Klassika ilə ürəyin birliyi

- Şəfiqə xanım, internet materiallarında doğum tarixiniz 9 mart kimi qeyd olunub. Özünüz isə bu tarixin 8 mart olduğunu deyirsiniz. Özünüzdən eşidək, hansı daha dəqiqdir?

- Mən 8 martda doğulmuşam. Anam da bunu təsdiqləyir. Həyətimizdə kirayə yaşayan rus qadın da "sən 8-ində doğulmusan. Hətta anana da, sənə də o gün hədiyyə almışdım" deyirdi. Biz - səkkiz uşaq hamımız xəstəxanada yox, evdə anadan olmuşuq. Sadəcə, bilməyiblər, təcili yardım anadan olan kimi yox, səhəri gün çağırılıb. Ona görə doğum tarixim 9 mart kimi qeyd olunub.

- Yaxşı yadımdadır, uşaq idim, həmişə ailəliklə televizorda verilən konsertlərdə ifanızı izləyirdik. Valideynlərim də, digər böyüklər də: "Bu ifaçı çox ağır təbiətli, abırlı qadındır" deyirdilər. Bu xüsusiyyət doğulub böyüdüyünüz "Dağlı məhəlləsi"nin adət-ənənəsindən qaynaqlanırdı, yoxsa ailədən?

- Hər ikisinin rolu vardı. Anamın xalası oğlu aşıq olub, Xızıda el şənliklərində oxuyub. Anamın babası Çıraqəli kişi də saz çalıb, qoşmaları, şeirləri olub. Yaxşı ki, Firudin Qurbansoy onun yazdıqlarını arxivdən götürərək kitaba salıb. Çıraqəli babam Mikayıl Müşfiqlə dayıoğlu-bibioğlu olub. Görünür, mənə, qardaşıma və bacıma musiqi qabiliyyəti və sevgisi də nəsildən gəlib. Bir qardaşım 13 yaşından qarmon çalır. Bacım da 25 il qadın toylarında ifa edib. Digər qardaşım isə Əməkdar artist, ud ifaçısı Yasəf Eyvazovdur. Mənim musiqi taleyim bir az qəribə olub. Qohumlar deyirdi ki, qız nədir, kamança nədir. Bu barədə başım çox çəkib... "Dağlı məhəlləsi" idi. Ancaq atam heç kimin fikrinə qulaq asmadı. Uşaqlar öyrənmək üçün altı ay kamançaya gedir. Mən isə bir aya öyrəndim. Bir aydan sonra müəllimim dedi ki, bu qız mənim sinfimdə olacaq.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

- Yeri gəlmişkən, o vaxt Habil Əliyev kamanı ilə məşhur idi. Siz də qadın kamança ifaçısı kimi tanınandan sonra deyirdilər ki, Şəfiqə xanım ifaçılıqda kişi-qadın söhbətini yığışdırdı...

- Musiqidə kişi-qadın yoxdur. Habil Əliyev bizim böyük sənətkarımız olub. Bilmirdim ki, mənim haqqımda yaxşı sözlər deyə bilər. "Cavanlardan kimi bəyənirsən?"- deyə jurnalist ondan soruşanda mənim adımı çəkib: "Şəfiqə xalqın dilində çalır, onu xalq sevir" deyib. Düzü, çox sevindim ki, belə böyük bir sənətkar mənim haqqımda bu cür xoş sözlər deyib. Bilirsinizmi, zövq barədə mübahisə etməzlər, hərənin bir zövqü var. Habil müəllim ürəyini çalırdı, gözəl də alınırdı. Mən isə ürəyimi klassika ilə birləşdirirəm. Öz zövqümü, çalarlarımı klassik muğamlarla sintez edib ifa edirəm.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

Həm orkestrdə, həm ansamblda

- Maraqlıdır ki, siz uşaq ikən ailənizdə musiqi sevgisi olub. Sonra bu ənənə ailə qurduqdan sonra da davam edib: həyat yoldaşınız da, qızınız da tanınan ifaçılardır...

- Bilmirəm, bu təsadüfdür, ya tale... Əhsən Dadaşov məni ansamblına dəvət edəndə 16 yaşım olmamışdı. Asəf Zeynallı adına musiqi məktəbində oxuyurdum. Orkestrdə çalışmaq fikrinə düşdüm və müəllimimdən icazə almağa gəldim. Səid Rüstəmov məni qəbul edəndə hündür görünmək üçün saçımı "babetta" yığdım, dikdaban tufli geyindim. Səid müəllim 60 nəfərin arasından məni imtahan etdi. Not çaldım, sonra "muğam çal" dedi. "Rast" muğamı ifa etdim. İndiki uşaqlar kamançanı tam kökləyə bilmir, mən isə kökləyirdim. Hafiz Mirzəliyev mənə yaxınlaşdı, kamançanı alıb kökləmək istədi. Uşaq idim axı. Dedim yox-yox, mən özüm. Bu cəhət Səid müəllimin diqqətindən yayınmayıb. Bir nüansı da deyim: Səid müəllim heç bir musiqiçini imtahan etməyib. Təsadüfə bax ki, yeganə olaraq məni və Əhsən Dadaşovu imtahan edərək orkestrə götürüb. O məni imtahan edəndə Əhsən müəllim də otaqda idi. Səid müəllim məni orkestrə qəbul etdi, amma xəbərim olmadı. Bir gün ansamblda nağara çalan İzzət xanım məni görüb: "Səid müəllim səni ansambla götürüb, niyə gəlmirsən?" - deyə maraqlandı. Sevincdən ağlaya-ağlaya anamın üstünə qaçdım. O vaxtdan orkestrə daxil oldum. O orkestrdə Baba Salahov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Dadaş Dadaşov kimi böyük sənətkarlar var idi. Əhsən Dadaşov da öz ansamblını yeni yaratmışdı. O, məktəbə gəlib "Şəfiqəni ansambla götürə bilərəmmi?" - deyə icazə aldı. Mən eyni vaxtda həm Səid Rüstəmovun rəhbərlik etdiyi orkestrə, həm də Əhsən Dadaşovun Xalq Çalğı Alətləri Ansamblına daxil oldum. Ansamblda yeganə qadın ifaçı idim. Ansambla kanon ifaçısı qadın da, başqa kamançaçalan da məndən sonra gəldi. Həyat yoldaşım Arif də ansamblda ifa edirdi. Nə onun mənə, nə də mənim ona başqa bir fikrimiz vardı. Hər ikimiz sənətimizlə məşğul idik. O, Konservatoriyaya daxil olan zaman "Konservatoriyanı, ya ansamblı seçərdin?" - deyə soruşanda "Əhsən Dadaşovu... O, elə konservatoriyadır", - deyə cavab verib. İndi o ansambldakıların hər biri professordur. Çünki onlar Əhsən müəllimin əlindən su içiblər. Əhsən müəllim qardaşım Yasəfi də imtahan edib ansambla götürdü.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

Kişilər arasında ilk solist qadın

- O ansamblla çox məşhur müğənnilər oxuyurdu...

- Bizim ansambla axın vardı. Zeynəb Xanlarovadan tutmuş digər müğənnilərə və xanəndələrə qədər... Yeganə ansambl idi ki, ilk dəfə xarici ölkəyə qastrola getdi. Mənim xaricə ilk səfərim Arif Babayevlə olub. Xarici ölkələrə daha çox solo ifalarla gedirdim. 1967-ci ildə Arif Babayev və Tofiq Məmmədovla Misirə getdik. Məni siyahıya salan maestro Niyazi olub. 16 yaşımdan efirdə olduğum üçün məni tanıyırdı. Həmin ildə ikimizin haqqında radioda oçerk səsləndi. Mənim haqqımda Əhsən Dadaşov, onun haqqında Bəhram Mansurov danışdı. 1968-ci ildə ansamblla - Şövkət Ələkbərova, Elmira Rəhimova, İslam Rzayev və Gülağa Məmmədovla birlikdə Əlcəzairə qastrol səfərinə getdik. O qədər gözəl səfər oldu ki, indi də unuda bilmirəm. Bizim ansamblda olan nüanslar heç bir ansamblda yox idi. Əhsən müəllim bizimlə saatlarla məşq edirdi. Onun zəhmətkeşliyi bizə də sirayət etmişdi. Çox xatirələrim, möcüzəli günlərim, böyük sənətkarlarla ünsiyyətim olub. Nə gizlədim, hamı xətrimi çox istəyirdi.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

- Siz ansamblda ilk solist qadın idiniz?

- Orkestrdə qadınlar vardı, amma ilk solist mən oldum. Deyirlər ki, qadınlar arasında ilk solist olmuşam, xeyr, mən kişilər arasında ilk solist qadın oldum. Məndən sonra qızlar kamança sinfinə yazıldı. Ona görə deyirlər ki, Şəfiqə qızlar sülaləsi yetişdirdi. Ramiz Quliyev həmişə mənə Qaqarin deyirdi. Asəf Zeynallı adına məktəbdə də müəllim kimi çalışdım. Sonralar da qızlar bu sənətə oğlanlardan çox axın edirdi. Vasif Adıgözəlov zarafatla "Siz Şəfiqənin çörəyini yeyirsiniz" deyirdi. Çoxlu tələbələrim olub. İndi onların çoxu təqaüdə çıxır. Aralarında Konservatoriyada, musiqi məktəblərində müəllim kimi çalışanlar da var. Tələbələrimə qarşı əlimdən gələni əsirgəməmişəm. İndi də barmağımdan süzülən musiqiləri tələbələrə aşılamaqda davam edirəm. Həmişə deyirəm ki, ölüb gedəcəyəm, niyə bunu uşaqlardan gizlədim? Estafeti cavanlara vermişəm. Qoy nə qədər ürəkləri istəyir ifa etsinlər. Şükür ki, indi də gözəl cavan ifaçılarımız var. Ancaq bizim ifaçılıq dövrümüz tamam fərqli idi. O vaxt xalq arasında musiqiyə maraq da ayrı cür idi. İndi əvvəlki ab-hava yoxdur. Xalqın zövqünü çaşdırıblar. Bir az yaşlı nəsildə klassikaya maraq qalıb. Yeni nəslin zövqü dəyişib. Bəlkə özümüz onların zövqünü dəyişdirmişik. Görünür, özümüzdə də təqsir var. Tələbələrimə deyirəm ki, musiqiyə qarşı zövqlü, tələbkar, məsuliyyətli olun. Pula görə bayağı şeylərin dalınca qaçmayın. Biz də kasıb olmuşuq, asan dolanmamışıq. Mən heç vaxt toylara getməmişəm. Yanlış anlaşılmasın, toya getmək ayıb deyil, dolanışıq üçün gedirlər. Ancaq toya gedəndə də zövqlü ifalar olmalıdır.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

Əhsən müəllimdən sonra...

- Bizdə əvvəllər üç xalq çalğı alətləri ansamblı vardı. Əhsən Dadaşovun ansamblının sonrakı fəaliyyəti necə oldu?

-1976-cı ildə Əhsən müəllim rəhmətə getdi. Bir il sonra ansamblı Əhsən Dadaşov adına "Xatirə" ansamblı adlandırdılar. Mən Əhsən müəllimdən sonra ansambldan uzaqlaşdım. 28 yaşım vardı. Qardaşım da bir müddətdən sonra çıxdı. Əhsən müəllim qardaşımı işə götürəndə "Şəfiqə evə bəzən gec gedir, bir gedib, bir gəlin" dedi. Mən indiki cavanlara belə bir sənətkar və rəhbərlə işləməyi arzulayıram. O, əvəzolunmaz insan idi. Əhsən müəllimdən sonra mən "Trio"larda və solo ifalarla çıxış etdim. Bəhram Mənsurov məni üçlükdə ifa etməyə dəvət etdi. 1965-ci ildə ilk dəfə solo ifa etdim. 1967-ci ildə isə müəllimlik fəaliyyətinə başladım. Gələn il pedaqoji fəaliyyətimin 60, ifaçılıq fəaliyyətimin 62 ili tamam olacaq. Bu, 80 illiyimə ən gözəl töhfədir.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

- Siz 2003-cü ildə Türkiyənin Tekfen-Kara deniz Filarmoniya Orkestrinin də solisti olmusunuz...

- Həmin orkestrdən dəvət almağım qəfil oldu. Türkiyədə bir rəhbər şəxsin qızı mənim ifamı görəndən sonra xoşuna gəlib və atasına təklif edib. Beləcə məni orkestrə dəvət etdilər. 2008-ci ilə qədər o orkestrdə çalışdım, qastrollara çıxdım. Daha sonra qızım Mehri orada ifa etməyə başladı. O da bir neçə şəhərdə konsertlərdə çıxış etdi. Ancaq orkestrin rəhbəri 102 yaşında dünyasını dəyişəndən sonra onların fəaliyyəti də dayandı.

Kişilər arasında ilk solist qadın: Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam

Ömür vəfa etsə...

- İndi niyə ifa etmirsiniz? İfanız üçün darıxanlar çoxdur...

- İnanın, çoxları "sizin üçün darıxırıq, niyə ifa etmirsiniz. Siz ifa edəndə kövrəlirik" deyirlər. Görünür, ifam duyğulara təsir edir. Əlbəttə, bunları eşitmək mənə xoşdur. İndi ancaq yubiley tədbirlərində, verilişlərə dəvət alanda, yaşıma uyğun yerlərdə ifa edirəm. Sevinirəm ki, insanların yaddaşında gözəl ifaçılığımla qalmışam. Ancaq mən hələ xalqıma borcluyam. Əgər ömür vəfa etsə, bundan sonra da xalq üçün ifaçılıq sənətində töhfələrimi verəcəyəm.

- 8 Mart Qadınlar bayramıdır. Qadınlara nə arzulayırsınız?

- Qadınlara xoşbəxtlik arzulayıram. Həyat yoldaşlarına sadiq olsunlar. Dünyamızda əmin-amanlıq olsun. Övladları xoşbəxt olanda qadınlar da xoşbəxt olur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 594   Tarix: 08 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.