Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti: dəyişən dünya nizamı və Azərbaycanın artan strateji əhəmiyyəti

Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti: dəyişən dünya nizamı və Azərbaycanın artan strateji əhəmiyyətiMüasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların dərinləşdiyi, qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı və dövlətlər arasında strateji tərəfdaşlığın xüsusi əhəmiyyət qazandığı bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti diqqət mərkəzindədir. Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işinə başlayan 9-cu sammitdə Avropanın və digər tərəfdaş dövlətlərin 50-yə yaxın ölkəsinin liderləri bir araya gəlib. Bu, İrlandiyanın indiyədək ev sahibliyi etdiyi ən böyük beynəlxalq liderlər toplantısıdır.

"Avropa - güclü, təhlükəsiz və əlaqəli" mövzusu altında keçirilən sammit yalnız Avropa dövlətlərinin cari problemlərinin müzakirəsi baxımından deyil, həm də qlobal siyasi proseslərin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir. Görüşdə Avropanın təhlükəsizliyi, iqtisadi rəqabətqabiliyyətliliyi, enerji təminatı, nəqliyyat bağlantıları, innovasiyalar, Ukraynadakı müharibə və demokratik institutların xarici müdaxilələrdən qorunması kimi məsələlər müzakirə olunur.

Hazırkı beynəlxalq vəziyyət göstərir ki, Avropa qarşısında dayanan çağırışlar artıq ayrı-ayrı dövlətlərin milli sərhədləri çərçivəsində həll edilə biləcək xarakter daşımır. Enerji böhranları, hərbi münaqişələr, kibertəhdidlər, informasiya müharibələri və iqtisadi rəqabət dövlətlərdən daha geniş əməkdaşlıq tələb edir. Məhz bu baxımdan Avropa Siyasi Birliyi müxtəlif siyasi və iqtisadi mövqeləri təmsil edən ölkələrin dialoq platforması kimi əhəmiyyətini artırır.

2022-ci ildə yaradılmış bu format Avropa İttifaqına üzv olan və olmayan dövlətləri ortaq problemlərin müzakirəsi üçün bir araya gətirir. Onun əsas üstünlüyü siyasi dialoqun daha geniş coğrafiyanı əhatə etməsi, dövlət başçılarına birbaşa fikir mübadiləsi aparmaq və ikitərəfli münasibətləri inkişaf etdirmək imkanı yaratmasıdır. Sammitlərdə hüquqi baxımdan məcburi qərarlar qəbul edilməsə də, bu görüşlər beynəlxalq siyasi münasibətlərin istiqamətlənməsində mühüm rol oynayır.

Dublində keçirilən toplantının gündəliyində Ukrayna müharibəsinin xüsusi yer tutması da təsadüfi deyil. Münaqişənin uzanması Avropanın müdafiə və təhlükəsizlik siyasətinə, enerji bazarlarına və iqtisadi sabitliyinə ciddi təsir göstərir. Eyni zamanda, xarici müdaxilələr, dezinformasiya kampaniyaları və hibrid təhdidlər Avropa dövlətlərinin təhlükəsizlik anlayışını daha geniş müstəviyə daşıyır. Bu mənada sammit iştirakçıları üçün əsas məsələlərdən biri yalnız mövcud təhlükələrə reaksiya vermək deyil, həm də gələcək risklərin qarşısını ala biləcək ortaq mexanizmlər formalaşdırmaqdır.

Azərbaycanın bu platformada iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin əhəmiyyətini bir daha gündəmə gətirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan regional proseslərlə yanaşı, daha geniş beynəlxalq siyasi gündəlikdə də fəal iştirak edir. Ölkəmiz müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar prinsipləri əsasında qurur.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini müəyyən edən əsas amillərdən biri enerji təhlükəsizliyidir. Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə ehtiyac duyduğu bir şəraitdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu daha da artır. Cənub Qaz Dəhlizi, təbii qaz ixracının genişləndirilməsi və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin Avropa ilə əməkdaşlığının uzunmüddətli perspektivlərini müəyyənləşdirir.

Digər mühüm məsələ nəqliyyat və logistika bağlantılarıdır. Qlobal ticarət marşrutlarının dəyişdiyi, Şərq ilə Qərb arasında alternativ nəqliyyat yollarına tələbatın artdığı bir vaxtda Azərbaycanın geostrateji mövqeyi xüsusi üstünlük yaradır. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin genişləndirilməsi ölkəmizi beynəlxalq iqtisadi əlaqələrin mühüm iştirakçısına çevirir. Bu imkanlar Avropa dövlətləri üçün də yeni iqtisadi və logistika perspektivləri açır.

Azərbaycanın beynəlxalq siyasi mövqeyini gücləndirən digər istiqamət Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasıdır. Regionda təhlükəsizlik mühitinin möhkəmlənməsi, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişlənməsi yalnız Cənubi Qafqaz dövlətlərinin deyil, daha geniş coğrafiyanın maraqlarına xidmət edir. Azərbaycan öz suverenliyinə və milli maraqlarına əsaslanan siyasət həyata keçirməklə regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına çalışır.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi nəzərdə tutulur. Bu perspektiv ölkəmizin beynəlxalq siyasi dialoq məkanında artan rolunun mühüm göstəricisidir. Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın diplomatik imkanlarının, təşkilatçılıq təcrübəsinin və müxtəlif ölkələri ortaq müzakirə platformasında birləşdirmək potensialının nümayişi olacaq.

Bu fakt eyni zamanda Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin formalaşması üçün əlavə imkanlar yaradır. Enerji, nəqliyyat, iqtisadiyyat, təhlükəsizlik və humanitar əməkdaşlıq sahələrində mövcud potensialın reallaşdırılması qarşılıqlı maraqlara əsaslanan münasibətlərin daha da dərinləşməsinə xidmət edə bilər.

Prezident İlham Əliyevin xarici siyasət strategiyasının əsas xüsusiyyətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul edən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və tərəfdaşları ilə bərabərhüquqlu əməkdaşlıq quran dövlət kimi çıxış etməsidir. Məhz bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və müxtəlif siyasi platformalarda mövqeyinin güclənməsinə şərait yaradıb.

Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti dəyişən dünya nizamında dövlətlərarası münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm siyasi hadisədir. Azərbaycanın bu prosesdə iştirakı, enerji və nəqliyyat təhlükəsizliyində artan rolu, eləcə də 2028-ci ildə Bakının sammitə ev sahibliyi perspektivi ölkəmizin beynəlxalq diplomatiyada mövqeyinin gücləndiyini göstərir. Bu, Azərbaycanın yalnız regional deyil, həm də qlobal əməkdaşlıq proseslərində söz sahibi olmaq istiqamətində həyata keçirdiyi siyasətin mühüm nəticələrindən biridir.

Müşfiq Cəfərov
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 66   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 292
.

"Təhminə ilə həyat yollarımız oxşayır"

"Təhminə və Zaur" filmindəki Təhminə ilə taleyimiz oxşayır. Həyat yollarımız, çəkdiyimiz əziyyətlər, özümüzü olduğumuz kimi qəbul etdirməkdə yaşadığımız çətinliklər. O, film qəhrəmanıdır, mən isə real insan. Azadlıq insanın özgüvənidir. Sizi sıxan, qadağa qoyan insan yoxdur. Heç vaxt icaz

14:33 75
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12:57 148
.

Azərbaycanda şəxsi məlumatlarımız təhlükəsizdirmi? - Kiber təhdidlər artır

Rəqəmsal texnologiyaların sürətli inkişafı və gündəlik xidmətlərin internet üzərindən həyata keçirilməsi şəxsi məlumatların təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Bu gün istifadəçiləri düşündürən əsas suallardan biri də budur: rəqəmsal platformalarda paylaşdığımız şəxsi məlumatlar nə dərəcəd

11:42 180
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 336
.

Ər-Riyad hava limanı raket hücumuna məruz qalıb

Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini açıqlayıblar. xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Saria "Al Masirah" telekanalına müsahibəsində bildirib. "Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadl

10:41 175
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 295
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 412
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12:52 145
.