Çernobıldan acı xatirələr: "Komandanlıq dedi ki, o iki nəfərə dəyməyin, qoyun qalsınlar evlərində"
"Həmin dövrdə nəinki biz, demək olar, bütün dünyada Atom Elektrik Stansiyasında (AES) partlayışın fəsadlarının nə ola biləcəyini çoxları bilmirdilər. Belə bir təsəvvürümüz, bilgimiz yox idi. Xüsusi olaraq qeyd edim ki, partlayış olandan sonra əvvəlcə hökumət səviyyəsində bu partlayışı müəyyən qədər gizlətməyə və törətdiyi fəsadları çox açıb-ağartmamağa çalışırdılar. Sonradan zəhərlənmiş, yəni radiasiya ilə çirklənmiş ərazinin miqyasının böyük olduğunu görəndə artıq bunun ört-basdır edilməsinin mümkün olmadığı ortaya çıxdığı üçün bu barədə məlumat verməli oldular".
Bunu Oxu.Az-a müsahibəsində 1986-cı il aprelin 26-da Çernobıl AES-də partlayış zamanı həmin ərazidə SSRİ Daxili Qoşunlarında hərbi xidmət keçən Güloğlan Salman oğlu Quliyev deyib.
Hazırda həkim-terapevt kimi fəaliyyət göstərən Güloğlan Quliyevlə müsahibəni təqdim edirik:
- Güloğlan həkim, Çernobıl AES-də partlayış baş verən zaman siz orada nə işlə məşğul olurdunuz?
- Məlum olduğu kimi, Çernobıl AES-də partlayış 1986-cı il aprel ayının 25-dən 26-na keçən gecə baş verib. Partlayışdan dərhal sonra bizim hərbi hissə həmin əraziyə aparılıb. Biz əvvəlcə Çernobıl AES-in 4-7 kilometrliyində yerləşdirildik. Bizim əsas vəzifəmiz mühafizə xidməti olub. Yəni - təhlükəsizliyin təmin olunması, şəhər və şəhər ətrafında qalan əhalinin radiasiya ilə çirklənmiş ərazidən çıxarılması, həmin ərazilərdə strateji obyektlərin qorunması, şəhərə və AES-ə giriş-çıxışın məhdudlaşdırılması olub.
- Siz hadisə yerinə partlayışdan neçə gün sonra getmişdiniz?
- Partlayışdan beş gün sonra idi.
- Hərbi xidmətdə neçənci ildə və harada olmusunuz?
- Mən hərbi xidmətə 1984-cü ilin may ayında çağırılmışdım. Bizim xidmət müddəti 1986-cı ilin may ayında qurtarmalı idi, amma tərxis olunmağımıza iki həftə qalmış partlayış baş verdi və bizim hərbi hissəni bütövlükdə Çernobıl AES-ə göndərdilər.
- Siz birbaşa hadisənin baş verdiyi Pripyat şəhərinə getmişdiniz?
- Bəli, birbaşa Pripyata. Dediyim kimi, əvvəlcə 4-7 km-likdə olmuşuq, bir neçə gündən sonra məlum olub ki, artıq radiasiya ilə zəhərlənmiş hissə bizdən çox-çox arxadadır. Ona görə əvvəlcə 15 km-liyə, sonra isə 30 km geriyə bizi çəkiblər və biz orada xidmətimizi aparmışıq.
- Hansı tarixə kimi xidmətiniz davam edib?
- İyun ayının 23-nə qədər.
- Sizi partlayış baş verən əraziyə aparanda hadisənin bu qədər dəhşətli olduğunu bilirdiniz?
- Qətiyyən. Ümumiyyətlə, həmin dövrdə nəinki biz, demək olar, bütün dünyada AES partlayışının fəsadlarının nə olduğunu çoxları bilmirdilər. Belə bir təsəvvürümüz, bilgimiz yox idi. Xüsusi olaraq qeyd edim ki, partlayış olandan sonra əvvəlcə hökumət səviyyəsində onu müəyyən qədər gizlətməyə və törətdiyi fəsadları çox açıb-ağartmamağa çalışırdılar. Sonradan zəhərlənmiş, yəni radiasiya ilə çirklənmiş ərazinin miqyasının böyük olduğunu görəndə artıq bunun ört-basdır edilməsinin mümkün olmadığı ortaya çıxdığı üçün bu barədə məlumat verməli oldular. Eyni zamanda deyim ki, ümumiyyətlə, radiasiyanın insan orqanizminə zərəri haqqında da bizim heç bir məlumatımız yox idi.
- Belə başa düşdüm ki, siz tərxis olunana kimi bunun nə qədər böyük fəsadları olacağı ilə bağlı heç nə bilmirdiniz.
- Xeyr. Bu barədə heç bir bilgimiz yox idi. Amma əraziyə yerləşəndən iki-üç gün sonra o fəsadları orqanizmimizdə hiss etməyə başlamışdıq.
- Nə hiss edirdiniz, məsələn?
- Əvvəlcə ərazidə olan bütün hərbçilərdə güclü halsızlıq başladı. Yorğunluq və çox güclü başağrıları olurdu, həddən çox iştahasızlıq vardı. Təsəvvür edin ki, bütün hərbi hissəni yeməyə aparırdılar, amma yemək elə olduğu kimi qalırdı. Çünki hamı yeməkdən imtina edirdi, daha doğrusu, heç kim yemək istəmirdi. Əsas fəsadlar bunlar idi. Yuxusuzluq, əsəbiliklə başladı və davam etdi.
- Bəs bunun qarşısını almaq üçün hər hansı tədbir görülmürdümü?
- Tutarlı heç bir addım atılmırdı. Ona görə yox ki, istəmirdilər, sadəcə, həmin an radiasiyanın fəsadlarının aradan qaldırılması üçün nə etmək lazım olduğunu bilən yox idi. Bizə verilən qoruyucular da kifayət qədər keyfiyyətsiz idi. Yəni həmin dövrdə müəyyən maskalar, qoruyucu geyimlər verirdilər, amma bu, çox az idi. Ümumilikdə, dövlət səviyyəsində bu cür hadisəyə hazırlıqsızlıq açıq-aydın görünürdü.
- Faciədən sonra oradakı insanlarla bağlı ən çox diqqətinizi çəkən nə oldu?
- Birinci növbədə həmin insanların özləri də bu şüalanmanın, yəni AES-də partlayışın fəsadlarını o qədər də bilmirdilər və bunu adi bir partlayış kimi qəbul edirdilər. Ona görə də o insanların ərazidən çıxarılması çox ciddi çətinliklər yaradırdı. Onlar heç cür evlərindən çıxmaq istəmirdilər. Bizə isə əmr verilmişdi ki, ərazidə bir nəfər də qalmamalı, hamı hökmən çıxarılmalıdır. Yəni əhalinin oradan çıxarılması bizim üçün çox ciddi çətinliklər yaradırdı. Onlara vəziyyəti izah etmək, başa salmaq, hadisənin miqyasını çatdırmaq çox çətin məsələ idi.
- Güloğlan həkim, orada olduğunuz müddətdə səhhətinizdə dəyişiklik hiss etməyə başlamışdınızmı?
- Bəli. Demək olar ki, biz oraya gedəndən bir neçə gün sonra artıq şüalanmanın ilkin fəsadlarını özümüzdə hiss edirdik. Yorğunluq, halsızlıq, başağrıları ilkin əlamətlər idi.
Məsələ burasındadır ki, bu, çox nadir hadisə olduğuna görə yaranan fəsadların, xəstəliyin aradan qaldırılması üçün tibb sahəsində ciddi bir araşdırma yox idi ki, nə etmək lazımdır. Ona görə də hansısa bir dərin, tutarlı müalicə kursu da olmurdu. Biz istər həmin dövrdə, istərsə də xidmətdən sonrakı dövrdə ancaq simptomatik müalicələr alırdıq.
- Yəni şüalanma əleyhinə müalicə almadınız heç?
- O müalicələr ümumiyyətlə heç vaxt başlamadı... (dərindən ah çəkir) Ancaq simptomatik... Məsələn, tutaq ki, halsızlıq, yorğunluq, başağrısı, təzyiqin düşməsi halları olurdu, sonra mədə-bağırsaq, sinir sistemində, endokrin sistemlərdə problemlər yaranırdı. Şüalanmanın ən çox təsir etdiyi qalxanvari vəzidir, yəni zob xəstəliyi yaranırdı və mən məhz həmin xəstəliklərə qarşı müalicələr almışam.
- Doktor, Çernobılda baş verən faciənin videogörüntülərini biz çox sonralar gördük. Bilmirəm, nə dərəcədə çatdırıldı bizə. Maraqlıdır ki, Çernobıldan danışanda sizin gözünüzün önünə hansı mənzərə, hansı hadisə gəlir?
- Əslində, elə hadisələr çox olub. Ən çox yadımda qalan isə - orada iki yaşlı insan vardı, onlarla bağlıdır. Dediyim kimi, bizə əmr verilmişdi ki, ərazidəki bütün insanları çıxaraq. Amma onlar təxliyədən sonra gizlicə gecə ilə öz evlərinə qayıdıb bir neçə gün orada qalmışdılar. Biz onları təsadüfən aşkarladıq və çıxarmağa cəhd etdik. Heç cür mümkün olmadı. Onlar bizə müqavimət göstərir, daş atır, çıxmamaq üçün hər şey edirdilər. Bu səhnə kənardan çox acınacaqlı görünürdü... (dalır)
İş o həddə çatdı ki, biz vəziyyəti hərbi komandanlığa məruzə etdik və dedilər ki, eybi yox, qoyun qalsınlar orada. Bildiyiniz kimi, həmin ərazilərdə kənd təsərrüfatı yaxşı inkişaf etmişdi. Xüsusən də kartofçuluqla məşğul olurdular. Həmin iki nəfər, yaşları olardı təxminən 70 civarında, heç nə olmamış kimi o cür şüalanmış ərazidə kartof əkib-becərməklə, öz işləri ilə məşğul idi. Biz də kənardan onların necə həvəslə işlədiklərinə baxırdıq. Hamımız da bilirdik ki, onların becərdiyi məhsulun özü də zəhərlidir və qida kimi qəbul edilə bilməz. Amma onlar heç nə olmamış kimi həyatlarına davam edirdilər. Həmişə onları xatırlayıram.
- Həkim, sizcə, bu hadisə insanlığa nəyisə öyrətdi?
- Mənə elə gəlir ki, birincisi, insanlığın çox məsələlərin qarşısında aciz olduğunu göstərdi. Təsəvvür edin, hansısa səhlənkarlıqdan, ya nədənsə partlayış olur, şüalanma baş verir və artıq insanın gücü çatmır faciənin qarşısını alsın.
İkincisi, o partlayış, ümumiyyətlə, atom enerjisi və onun istehsalı, istehlakı haqqında insanlarda tamam başqa təsəvvür yaratdı. İnsanlıq anladı ki, əslində, bu nə qədər təhlükəlidir və bu məsələlərlə məşğul olmaq üçün nə qədər məsuliyyət lazımdır. Bəşəriyyət anladı ki, AES tikməklə iş bitmir. Əgər bunu tikirsənsə, sən onu son dərəcə ciddi qorumalısan və tam dəqiqlik olmalıdır.
Bundan başqa, həmin qəzanın baş verdiyi ilkin dövrdə biz görürdük ki, yanğını söndürmək üçün vertolyotlarla əraziyə nələrsə tökürlər. Ancaq bir reysdən sonra həmin vertolyotlar artıq işləmirdilər. O dərəcədə şüalanma vardı ki, bütün cihazlar xarab olurdu. Yəni insanların şüalanmanın təsiri haqqında təsəvvürü son dərəcə zəif idi, hətta yox dərəcəsində idi.
Təsəvvür edin ki, nüvə reaktorunda partlayış olub və hərbçiləri aparıb, həmin AES-in beş addımlığında yerləşdiriblər. Şüalanmanın fəsadı Avropaya qədər gedib çıxıb, amma biz düz faciənin ortasında guya nələrsə edirik.
- Yəni hesab edirsiniz ki, əslində, sizin etdiklərinizin bir anlamı yox idi?
- Əlbəttə, yox idi. Mən orada olanda da bilirdim və sonralar da demişəm ki, əslində, orada etdiklərimiz acizlik idi. Sözün həqiqi mənasında, nəinki bütöv bir dövlət, bütün dünya bir AES-in partlamasının əlində aciz qalmışdı. Bizi isə sadəcə, nələrsə etmək xatirinə oraya göndərmişdilər.
- Doktor, qeyd etdiniz ki, oradan qayıdan insanların çoxu müxtəlif xəstəliklərdən vəfat edib. O qorxu hissini, yəqin, siz də yaşamısınız...
- Həmin dövrdə biz çox gənc idik, o məsələlər haqqında bilgimiz indiki qədər deyildi. Məsələn, deyirdilər ki, radiasiya ilə zəhərlənmiş insanların əksəriyyəti qan xəstəliklərindən, qan xərçəngindən və digər bədxassəli şişlərdən ölür, amma biz bunu çox adi qəbul edirdik. Bir növ biz bu dərinliyi dərk etmirdik. Amma qayıdandan müəyyən bir dövr sonra mənim əsgər yoldaşlarımın ölüm xəbərlərini aldıqca başa düşürdüm ki, əslində, o nə qədər dəhşətli bir şey imiş...
- Pripyat şəhərində yaşamağa icazə verilməsə də, artıq gedib-gəlməyə icazə verilib. Gedib oraları görmək keçibmi heç ürəyinizdən?
- Yox... Qətiyyən...
- Səbəb?
- (dalır) Mənimlə birgə hərbi xidmət keçən insanların çoxları ilə sonralar da əlaqələrimiz davam edib. Onların əksəriyyəti faciədən sonrakı ilk illərdə şüalanmanın fəsadları səbəbindən vəfat etdi, hərəsi bir xəstəlikdən...
O üzdən həmin ərazi haqqında məndə ağır, hətta olduqca ağır təəssürat var. Oraya getməklə bağlı bir neçə dəfə imkan da, təşəbbüs də, söhbət də olub, amma mən özümü buna hazır bilməmişəm... Çox ağırdır, çox çətindir... Danışanda belə, yenə o ağır hissləri yaşayıram deyə heç xatırlamaq da istəmirəm. Yəni ora haqqında praktiki olaraq yaxşı heç bir fikir məndə yoxdur.
BiG.Az

Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş