Prezident "Euronews"a müsahibə verib - Tam mətn

Prezident "Euronews"a müsahibə verib - Tam mətnAzərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı "Euronews" televiziyasına müsahibə verib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tam variantını təqdim edirik.

Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.

Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.

- Builki Forumun mövzusu "Dünya Düzəninin Yenidən Düşünülməsi"dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?

- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.

İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.

-Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir?

- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.

Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.

-Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobal kollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərək irəliləyə bilərik?

- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.

Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.

Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.

- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?

- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.

Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrin başlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm bir hissədir, elə deyilmi?

- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.

Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.

Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək.

- Siz artıq prezident Trampla danışmısınız və o Sizin fikirlərinizi bölüşürmü?

- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir.

- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çox xoşdur.

- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.

-Sağ olun. Sizi görmək xoş idi.

- Sağ olun.

Prezident "Euronews"a müsahibə verib - Tam mətn


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 14 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü

16:23 221
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:01 293
.

Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi

Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni

11:42 308
.

Din xadimləri dövlət qulluqçusu ola bilməyəcək

Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmaya

19:00 179
.

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO

Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələri

21:15 95
.

Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi

İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər

19:45 161
.

Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir

"Gələn ildən etibarən Vergi Məcəlləsində bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü bir sıra güzəştlərin müddəti başa çatır". xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib. O bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

21:45 1
.

"Kurtlar Vadisi"nin Çakırı toyda kisənin ağzını açdı: gəlinə görün nə hədiyyə etdi

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca qatıldığı toy mərasimində bahalı hədiyyəsi ilə diqqət mərkəzinə düşüb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Mersin şəhərində kirvəsi və yaxın ailə dostu Ali Topçunun oğlu Süleyman Topçunun toyunda iştirak edib. İstanbulda vəkil kimi fəaliyyət göstərə

18:45 222
.

Kişi arvadının istəyi ilə ikinci dəfə evləndi

ABŞ-da qadın ev işlərindən və uşaqlara qulluq etməkdən yorulduğu üçün ərinə ikinci dəfə evlənməyi təklif edib. xarici mediaya istinadən xəbər verir ki, ailəsini dolandırmaq üçün həftənin altı günü işləməyə məcbur olan kişi evdə həyat yoldaşına kifayət qədər kömək edə bilməyib. Qadın isə həm ev işlərinin

19:30 183
.