"Bu əlaqələr dərin tarixi köklərə bağlanır"

"Bu əlaqələr dərin tarixi köklərə bağlanır""Tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqları əsasında formalaşıb. Azərbaycan dövləti ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələr XX və XXI əsrdə daha geniş şəkildə müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan müttəfiqlik səviyyəsinə qalxıb. Bu münasibətlər istər türk birliyi çərçivəsində, istərsə də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində hər iki dövlətin birlikdə siyasi iradə nümayiş etdirdiyini göstərir. Bu əlaqələrin dərin tarixi kökləri sübut edir ki, hər iki ölkə arasında qarşılıqlı münasibətlər təkcə strateji maraqlar çərçivəsində deyil, həm də soykökə bağlılıqdan, eyni milli-mənəvi dəyərlərə malik olmaqdan irəli gəlir. Məhz elə bunun nəticəsi idi ki, XX yüzilliyin əvvəllərindən başlayaraq dünyada gedən geosiyasi proseslər Cənubi Qafqazda yaşayan xalqların da gələcək həyatlarının qurulmasına təsirsiz ötüşmədi".

BiG.AZ xəbər verir ki, bu fikirləri Tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyə Respublikası XX əsrin əvvəllərində olduğu kimi yenə Azərbaycanın yanında yer aldı:

"Qardaş ölkə Azərbaycanı ilk olaraq 1991-ci ilin 9 noyabr tarixində müstəqil dövlət kimi tanıdı. 14 yanvar 1992-ci ildən Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradıldı.

1990-cı illərin əvvəllərində Türkiyə - Azərbaycan münasibətlərində Naxçıvan xüsusi yer tuturdu. İstər iqtisadi, istərsə də sosial məsələlərin həlli istiqamətində ozamankı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevlə qarşılıqlı diplomatik əlaqələrin saxlanmasına üstünlük verilirdi. 1991-1993-cü illərdə muxtar respublika əhalisinin maddi sıxıntılarının aradan qaldırılması, gənclərin Türkiyənin müxtəlif şəhərlərində təhsilə cəlb edilməsi, Naxçıvanla Türkiyə arasında "Ümid" köprüsünün açılması (28 may 1992-ci il) ölkələrimiz arasında olan qardaşlıq əlaqələrinin əsas göstəricilərindən idi. 1992-ci ilin mart ayının 22-24-də Türkiyə Respublikasında səfərdə olan Ulu Öndər Heydər Əliyev iki ölkə arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafına təkan verdi. 1992-ci ildə Ermənistan Respublikası silahlı qüvvələrinin Naxçıvanın sərhəd bölgələrinə hücumlar təşkil etdiyi zaman Türkiyə Respublikası may ayının 18-də Ermənistanın hərbi təcavüzünü pisləyən bəyanat verdi. Bəyanata 57 dövlət qoşuldu.

1996–2003-cu illər Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığında keyfiyyətcə yeni bir mərhələni təşkil edib. İlk illər Turkiyə ilə xarici ticarətimizdə ixracın əsas hissəsi kimya məhsulları, metal və pambıq idisə, sonralar Azərbaycan Respublikasından Türkiyəyə ixracın 70 faizini neft məhsulları təşkil edib. 1996-cı ildə Azərbaycanın xarici ticarətində ixracın 6,2 faizi, idxalın isə 22,5 faizi Turkiyə Republikasının payına düşüb.

Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə 5 may 1997-ci ildə Türkiyəyə rəsmi səfərə gedən ulu öndər Heydər Əliyev "Çankaya köşkü"ndə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında sənədlərin imzalanması mərasimində iştirak edib. Prezidentlər Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın dərinləşməsi barədə bəyannamə imzalayıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış tərəfdaşlıq sənədləri dövlətlərimizin daha sıx əlaqələr yaratmasına şərait yaradıb.

2013-cü il iyunun 26-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Transanadolu Təbii Qaz Boru Kəməri layihəsi (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalanıb. Azərbaycan və Türkiyənin, habelə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə vacib töhfə kimi qiymətləndirilən TANAP Xəzər qazının Avropa ölkələrinə nəqlini təmin etməklə Azərbaycan Respublikasının beynəlxalq satış bazarlarına çıxışına və orada möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda layihənin reallaşması Azərbaycan Respublikası və Türkiyə Respublikasının iqtisadi potensialının, enerji təhlükəsizliyinin və strateji rolunun artmasına xidmət edir.

Azərbaycan Respublikasının ən ağrılı problemi olan Qarabağ məsələsində də qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq arenalarda dəstəkləyib. Türkiyə Respublikası Azərbaycan Respublikası Silahlı Qüvvələri mənsublarının qardaş ölkədə təlimlərdə iştirakını, onların ən yüksək səviyyədə hərbi sirlərə yiyələnməsini təmin edib. Azərbaycan ordusu istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif təlimlərdə əldə etdiyi döyüş qabiliyyətləri hesabına 2016-cı ildə Lələtəpə yüksəkliyinin alınmasında, 2018-ci ilin Günnüt zəfərində misilsiz rəşadət nümayiş etdirib. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törədilən genişmiqyaslı hərbi təxribatını pisləyən Türkiyə Respublikası hər zaman Azərbaycanın yanında olacağını bəyan edib. Azərbaycan Respublikasına bütün vasitələrlə dəstək olmağa hazır olduğunu deyən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada erməni diasporuna, erməni lobbilərinin bir növ əsirinə çevrilən dövlətlərə öz bəyanatı ilə mesaj vermiş oldu. Türkiyənin iqtidar və müxalifətinin, həmçinin mediyasının Azərbaycanın haqq savaşında yanında olması İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə əldə etməsində, Azərbaycana qarşı Ermənistanın işğalçı mövqeyinin ifşa olunmasında mühüm rol oynadı. Türkiyə Respublikasından alınmış ən müasir hərbi texnikaların, xüsusilə Bayraktar pilotsuz uçuş aparatlarının Azərbaycan əsgərinin yanında olması qələbənin təminatında çox böyük rol oynadı. Xüsusilə Azərbaycan mediası ilə birgə Qarabağ həqiqətlərinin işıqlandırılmasında rolu olan Türkiyə telekanallarının, xəbər portallarının, qəzetlərin, sosial şəbəkələrin müstəsna rolu tarixi Zəfərin qazanılmasında öz bəhrəsini verdi.

Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanıl­ması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.

Cənubi Qafqaz regionunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qardaşlıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər ən yüksək səviyyəyə qaldırılıb. Azərbaycanla Türkiyə arasında 9 fevral 1994-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, həmçinin 16 avqust 2010-cu il tarixdə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"ni əsas tutaraq 15 iyun 2021-ci il tarixdə iki qardaş ölkə arasında müttəfiqlik müqaviləsi - "Şuşa bəyannaməsi" imzalandı. Bu və digər əməkdaşlıq protokolları Azərbaycanın istər iqtisadi, istərsə də hərbi baxımdan təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin istər siyasi, istərsə də hərbi cəhətdən Azərbaycan dövlətinin yanında olması ilə bağlı bəyanatları iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olmasını göstərir.

Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər nə bu günün, nə də dünənin iqtisadi maraqları əsasında formalaşıb. Bu əlaqələr dərin tarixi köklərə bağlanır. Bizə yaxın olan təkcə yüz illik bir tariximizə nəzər saldıqda qardaşlıq münasibətlərinin necə qırılmaz tellərlə bağlı olduğunu müşahidə edirik. Türkiyə-Azərbaycan əlaqələrinin tədqiq edilməsi və gələcəkdə də yaranacaq əməkdaşlıq sahələri ilə bağlı ənənənin davam etdirilməsi baxımından tarixi reallıqların işıqlandırılması tarixçilərin, ümumiyyətlə bu sahə ilə bağlı araşdırma aparan hər bir mütəxəssisin qarşısında əsas tədqiqat obyekti olmalıdır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 436   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını bıçaqlayıb özünü öldürdü - Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdə

03.08.2026 240
.

Xoşqədəmlə Doğuş niyə birlikdə yaşamır?

Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş TikTok-da açdıqları canlı yayım zamanı izləyicilərin suallarını cavablandırıblar. Axşam.az xəbər verir ki, cütlüyə izləyicilərdən biri "Niyə birlikdə yaşamırsınız" sualını ünvanlayıb. Suala cavab verən Doğuş iş qrafikinin buna səbə

03.08.2026 471
.

Bakıda daha bir FACİƏ: 19 yaşlı oğlan 18-ci mərtəbədən yıxılıb öldü

Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42-də qeydə alınıb. Orada yaşayan xalasıgilə qonaq gələn, 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli 18-ci mərtəbədən yıxılaraq ölüb. Araşdırma aparılır. Qeyd edək ki, Nizami rayonund

03.08.2026 190
.

Kartdan karta köçürmə əməliyyatlarına limit qoyulmasının səbəbləri açıqlandı

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri bankların, eləcə də elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsasl

03.08.2026 298
.

Yay istirahəti üçün Avropanın ən idealşəhəri - Gəzinti və çimərlik bir arada

Yay istirahəti üçün həm tarixi abidələri kəşf etmək, həm də təbiətin qoynunda dincəlmək istəyənlər üçün Avstriyanın paytaxtı Vyana ideal seçimlərdən biri hesab olunur. Şəhər zəngin memarlığı, geniş parkları və Dunay sahilindəki istirahət məkanları ilə turistlərin sevimli istiqamətlərindən biridir. b

03.08.2026 163
.

Saakaşvili özünü Odisseylə müqayisə etdi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanada Kristofer Nolanın yeni filmi olan "Odisseya"nı izlədiyini bildirib. xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazaraq özünü Odisseylə müqayisə edib. Onun sözlərinə görə, Odisseyin taleyi onun taleyinə bənzəyir v

03.08.2026 272
.

Nuridə Məmmədova vəzifəsindən azad olundu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. BİG.AZ "Report"a istinadla xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədovanın işdən azad olunmasına səbəb yaşayış yerini dəyişməsi olub. Belə ki, o, öz istəy

03.08.2026 164
.

38° isti olacaq

Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-3

03.08.2026 204
.

Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı iddialar: Dərsliklər niyə tənqid olunur?

"Sistemin daxilində kök salmış yarıtmazlığın və elmi geriliyin ən bariz nümunələrindən biri təhsilin əsas elmi qurumu sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutunun və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqi

03.08.2026 192
.

TOP MP3