Tariflərin 1-2 qəpik dəyişməsi: Səbəblər, təsirlər – İZAH

Tariflərin 1-2 qəpik dəyişməsi: Səbəblər, təsirlər – İZAHTarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin və elektrik enerjisinin tarif tənzimlənməsinə dair müraciətlərə baxılıb. İclasda bir sıra qərarlar qəbul olunub.

Qərara əsasən, əhalinin illik istehlakının 1200 kub metrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır. Yəni, 2 qəpik.

Əhali üçün 1200-2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır.

Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə qaldırılır.

Qərar verilib ki, "Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılsın.

Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1000 kub metr üçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır.

"Azərkontrakt" ASC tərəfindən "Azərenerji" ASC-yə enerji istehsalı üçün satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır.

Hasilatçıdan ("Azneft" İB) alınan qazın tarifi 7,5 qəpikdən 9,0 qəpiyə artırılır.

Qərarla müəyyən edilib ki, "Azərkontrakt" ASC tərəfindən "Azəriqaz" İB və "Naxçıvanqaz" İB-yə satılan qazın tarifi 11 qəpikdən 11,8 qəpiyə qaldırılsın.

İxrac olunan elektrik enerjisinin, habelə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün təbii qaz istehsalçı tərəfindən müqavilə qiyməti ilə alınır.

Tarif dəyişikliyini zəruri edən səbəblər

Ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib.

Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir;

Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur.

İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51%-ni təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kub metrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır.

Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır. Qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.

Dövlət tərəfindən təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır.

Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı subsidiyalaşdırılma azalır.

Sahəyə investisiya qoyuluşlarının təmin edilməsi üçün imkanlar genişlənir və cəlbedicilik artır.

Təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün yaranan zərurət qarşılanır.

Xarici səbəblər

Dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVİD-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1000 kub metri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda 600 dollara yaxın olub.

Sentyabrda qiymət artımı davam edib, birjalarda 1000 kubmetri 700 dollar olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1200-1400 dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır.

Qazın qiymət artımına səbəblərdən biri də Avropada qaz ehtiyatlarının kəskin azalmasıdır. Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına görə, hazırda Almaniyada qaz rezervuarlarının 69,3%-i. Avropada isə 75,9%-i doludur.

Enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən iqtisadiyyatlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib. 2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın təbii qaz idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7%, Çinin LNG idxalı isə 30% artıb.

Tarif dəyişikliyinin əhaliyə təsirləri

İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.

Təbii qaz tarifləri üzrə bəzi ölkələrlə müqayisə

Azərbaycanda 1 kub metr təbii qazın tarifinin əhali üzrə yuxarı həddi 25 qəpikdir.

Digər ölkələrə nəzər salaq:

Türkiyə: 36 qəpik;

Ukrayna: 87 qəpik;

Gürcüstan: 29 qəpik;

Belarus: 34 qəpik.

Azərbaycanda 1 kub metr təbii qazın tarifinin qeyri-əhali abonenti üzrə yuxarı həddi 25 qəpikdir.

Bu, Türkiyədə 60 qəpik, Ukraynada 2 manat, Belarusda isə 55 qəpikdir.

Tarif dəyişikliyinin iqtisadiyyata müsbət təsirləri

Bu qərar dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılmasına gətirib çıxaran addımdır.

Büdcədə sərbəstləşən vəsaitin digər büdcə xərclərinə və sosialyönümlü tədbirlərə yönəldilməsi gözlənilir.

Yeni investisiya qoyuluşları təmin edilməsi üçün şans yaranır

Digər müsbət təsirlər:

İstehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi imkanının yaradılacaq,

Təbii qaz hasilatı və satışı sahəsinin, o cümlədən hasilatçıların zərərlə fəaliyyətinin qarşısı alınacaq.

İqtisadiyyatın ayrı-ayrı sektorlarında yeni tariflərlə əlaqədar təbii qazın maya dəyərində xüsusi çəkisinin artımı 0,1-2,4% həcmində proqnozlaşdırılır.

Elektrik enerjisi üzrə isə məqamları təqdim edirik.

Elektrik enerjisi ilə bağlı qərarda aşağıdakı məsələlər nəzərdə tutulub:

Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir,

Qeyri-əhali üzrə büdcə təşkilatları, ticarət, xidmət sahələri və sənaye üzrə elektrik enerjisinin qiyməti 9 qəpik/kVts-dan 10 qəpik/kVts-a artırılır,

Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir,

Gecə-gündüz tarifi yalnız almüminium sənayesinə tətbiq olunmaqla ortalama tarif 4,55 qəpik/kVts-dan 5,0 qəpik/kVts-a artırılır.

Bu vaxta qədər gecə-gündüz tarifi tətbiq olunan kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilir.

Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisi müqavilə qiyməti ilə verilir.

Səbəblər

"Azərenerji" ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisinin topdan və pərakəndə tariflərinin yenidən tənzimlənməsi zərurəti yaranıb;

Elektrik enerjisinin topdansatış tarifinin artırılması nəticəsində "Azərişıq" ASC üzrə yaranan əlavə xərc bütün istehlakçılar (əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət və s.) üzrə bölüşdürülməlidir.

Əhaliyə təsir

Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur.

İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək. Bu kateqoriya əhali abonentlərin 63%-ni təşkil edir.

Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.

Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır.

Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib;

2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb;

Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Bu iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaq.

Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Azərbaycanda alternativ enerji istehsalçıları üçün əlverişli imkanlar yaranır. Bu sektor inkişaf edərsə, təbii qaz sərfiyatı və təbii qaz əsaslı enerji istehlakı azala, iqtisadiyyatda yeni xidmət sahələri, inkişaf etdikcə daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.

Ümumiyyətlə, belə nəticəyə gəlmək olar ki, tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq. Büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2082   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı

DSX-nin şəhid hərbi qulluqçuları və mülki işçisi "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında v

17.08.2026 252
.

Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA

İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri

17.08.2026 207
.

"Hələ çox illəri deyə-gülə yola salacağıq"

Aparıcı Leyla Quliyeva həmkarı Tural Əsədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında Tural Əsədovla fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib: . "Nə qədər ki, gülməyə zarafatımız, danışmağa söhbətimiz, qırmağa qeybətimiz, kövrəlməyə səmimiyyətimi

17.08.2026 319
.

Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşa bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə "Məkkə sazişi" tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir. Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışarkən bildirib:. "Məsələn, Azərbaycanla Ermənista

17.08.2026 187
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17.08.2026 207
.

Qarabağda Böyük Qayıdış: Qarşıda duran böyük məqsədlər

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışının təmin edilməsidir. Bu proses dövlə

17.08.2026 175
.

Tramp İranı ağ bayraq qaldırmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp İranı təslim olmağa çağırıb. xəbər verir ki, o, bu barədə "Fox News" açıqlamasında deyib. O, İranın yaxşı poker oynadığını, güc nümayiş etdirdiyini, lakin pərdəarxasında güclü təzyiqə məruz qaldığını bildirib. Tramp rəsmi Tehranın ağ bayraq qaldırmalı olduğunu vurğulayı

17.08.2026 149
.

Son altı ayda 30 min insan ölüb - Azərbaycanda ŞOK STATİSTİKA

Bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb

17.08.2026 192
.

36 dərəcə isti olacaq

Avqustun 18-də havanın 36 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti, gündüz 28-3

17.08.2026 224
.