Aynur Talıbova: "AzTV-yə düzəlmək üçün 3 min manat rüşvət verməlisən"

Aynur Talıbova: "AzTV-yə düzəlmək üçün 3 min manat rüşvət verməlisən"Məşhur teleaparıcı Aynur Talıbovanın "Qafqazinfo"ya müsahibəsi

- Aynur xanım, bir müddətdir ki, efirdə görünmürsüz. Ancaq müəyyən aparıcılar var ki, onlar tamaşaçı qarşısına çıxmasalar belə, simaları unudulmur. Siz də belə aparıcılardansız. Bəs indiki teleaparıcılar niyə yadda qalmırlar? Problem nədədir?

- Bu, tez-tez aparıcıların dəyişməsindən irəli gələ bilər. Nə bilim, biri gəlir, digəri gedir, ulduz əlindən hərəkət etmək olmur, nə yerdə, nə də göydə... (gülür). Aparıcı kəlməsinə qarşı allergiya yaranıb "ulduzlar" sayəsində. Özümü aparıcı hesab etmirəm. Çünki nə radioda, nə də televiziyada çalışarkən missiyam sadəcə nəyisə "aparmaqdan" ibarət olub, layihələrimin ideya müəllifi, rejissoru, ssenaristi, koordinatoru, musiqi redaktoru, prodüseri və sair əksər hallarda özüm olmuşam. Səmimiyyət çox önəmlidir.

Peşəkarlıq da iki cür olur: akademik və istedadla doğulan... Efir bir-birini təkrar edən kəmsavad insan yığınına çevrilib. Əlbəttə, əvəz edilməyən insan yoxdur, amma təkrar olunmayanlar var. Məsələn, kim nə deyir-desin. Gəlin baxaq ki, ikinci Mirşahin var? Yoxdur. Onun şəxsi keyfiyyətlərini, dünən elə, bu gün başqa cür danışmağını çox müzakirə edə bilərik. Bəyənə də bilərik, bəyənməyə də, tənqid də edərik. Ancaq fakt budur ki, başqa Mirşahin yoxdur. Sizin suala cavab olaraq deyirəm ki, aparıcıların əksəriyyəti süni, yaxud orijinal olmadıqlarına görə yadda qalmırlar.

Əslində onlar günahkar deyil. Günah pəltəkləri, nitqində qüsurları olanları, savadı, görüntüsü ekrana yaramayanları efirə çıxaranlardadır. Keyfiyyət faktoru artıq meyar deyil. Olsaydı, bir media məktəbi qurulardı. Məsələn, bu dəqiqə əhalinin böyük əksəriyyətinin məmnuniyyətlə izlədiyi qonşu ölkəni götürək. Türkiyədə TRT məktəbdir. Universitet diplomuna bərabər prestijdə diksiya kursları var. İdman şərhçiləri minimum 3 il təcrübədən sonra efirə çıxıb canlı oyunları şərh etmək imkanı əldə edirlər. Bizdə isə ayrı-ayrı qurumlarda jurnalistika kursları mövcud olmasına rəğmən elə dərin məktəb yoxdur. Amma müəllimlikdə iddialı adamların əlindən iynə atsan, yerə düşməz (gülür)... Ona görə MTRŞ boş-boş danışmasın. Daha ciddi problemləri araşdırsınlar, bacarırlarsa düzəltsinlər.

Kanallara baxmıram desəm, yalan olar. Peşəkar alışqanlıq gərəyi hər gün mütləq pultu əlimə alıb bir zappinq edirəm və hər dəfə ölürəm gülməkdən. Bir-birilərinə nə qədər yalandan tərif etmək olar, ilahi, maksimum 5-10 saniyə bəs edir ki, "yalansa" deyib çox da vaxt itirmədən başqa kanala keçirəsən... Sözün əsl mənasında üzülürəm. Eyni mənzərə radio dinləyərkən də yaranır. Həddindən çox şablon, əzbərçilik və təqlid var. Mikrofon arxasında insanlar özü kimi olmurlar. Qəribə bazar münasibətləri yaranıb. Şiddətlə işləmək istəyirəm. Ancaq nə işləyim? Harada layihələrimi reallaşdırım? Mövcud reallığın içərisində özümü görmürəm.

- Aparıcıların əksəriyyətinin siz deyən kimi "manıs" olmasının səbəbi məhz kitab və məktəbin olmamasından irəli gəlir?

- Az əvvəl "Facebook"dan bir xəbər oxudum. Ana dilimizdə bir çox insandan yaxşı danışan, efir görünüşü xoş olan Yelena Sidorenko efirdən gedib. O, artıq başqa qurumda çalışacaq. Efir görüntüsü və diksiyası normal olan çox sayda adam artıq tamam başqa sahələrdə fəaliyyət göstərir. Tamaşaçının gözünü və qulağını oxşayan efir insanının yetişməsi uzun vaxt aparır. Təəssüf ki, yetişmiş kadrlar müəyyən mərhələdən sonra çox müxtəlif səbəblərdən dolayı artıq efirdə qala bilmirlər. Gələnlər də bütün kriteriyalarına görə gedənlərin şamla axtarılmasına səbəb olurlar. Evinə gəlib, divana oturub əlinə pultu alıb xəbər izləmək istəyirsən, əvəzində "bozbaş" qoxusundan boğulursan.

Xəbər və söhbətlərin məzmunu qalır bir tərəfdə, çox vaxt zövqsüz geyim, seçilən saç düzüm şəkilləri, taxılan bijuteriyalar, bərbad diksiya saç-baş yoldurur. Efirə çıxan insan dediyi sözün məsuliyyətini daşımalı, özünə qarşı tələbkar olmalıdır. 15 il əvvəl karyeraya başladığım zaman bu tələblər vardı, indi keyfiyyət və səviyyə heç kimə maraqlı deyil. Hesab edirlər ki, TV insanları maarifləndirməklə məşğul olmalı deyil. Bunu da reytinq səbəbiylə qarşı tərəfə istehlakçıya yükləyirlər. Əgər tamaşaçı önünə atılan hər şeyi məmnuniyyətlə yeyir və etiraz etmirsə, deməli, bütün növdə sevimli və baxdıqca baxılan şoulara layiqdir...Təəssüflənirəm, amma bilmirəm, buna dəyər, ya yox (gülür)...

-Siz ilk dəfə ANS-də çalışmağa başladız. Daha sonra ayrıldız, bir neçə il sonra yenidən əməkdaşlıq etməyə başladız. İkinci qayıdışınızın səbəbi nə idi?

-Mən Türkiyədə jurnalistika üzrə təhsil almışam. Həyatımın 10 ili İstanbulda keçib. Orada yetişmişəm. 18-19 yaşımdan çalışaraq oxumağa başlamışam. Əgər Türkiyədəki TV və media sektorunda karyera qurmaq istəyirsənsə, tələbə vaxtından işləməyə başlamalısan, iki-üç il təcrübə keçməlisən. Amma orada mediada qalıb çalışmaq imkanımı qaçırdım. Qayıdanda bilirdim ki, ANS-də çalışacam. Çünki biz peşə seçmək mərhələmizdə olduğumuz zamanlarda SSRİ dağılmaqda, Azərbaycanda Qarabağ problemi alovlanmaqda idi və insanlar cəbhə xəttindən onlara obyektiv xəbəri gətirən insanları axtarırdılar, səbrsizliklə onların xəbərlərini gözləyirdilər, o vaxt əsas məsələ və gündəm bu idi. Ona görə jurnalist olmaq həvəsinə düşmüşdüm. Bunu edən Çingiz Mustafayev və Azərbaycan Nyus Servis vardı...

Stringerlikdən gələn təcrübənin yanında olmaq istəyirdim. Ancaq heç bir şəkildə radio xəyallarımda yox idi. Elə alındı ki, radioda çalışmağa başladım. ANS-ə gələndə yaxşı kollektivlə qarşılaşdım. Rahib Azəri, Doktor Ziya, Tofiq Orucov və efirdən uzaq digər insanların işə verdikləri dəyər önəmli idi. Daha sonra çalışdığım heç bir yerdə o ortamı görə bilmədim. Kollektiv işdən danışırıqsa, mənim üçün bərabər çalışdığım insanların ağıllarının, dünya görüşlərinin və savadlarının ən az mənimkinə bərabər olmağını, ətrafımda güclü kolleqalar görmək istəyirəm. 9 il sonra dəvət etdilər. Radionun 20-ci ildönümündə əfsanə komandanı yenidən bir araya gətirmək istəyi vardı rəhbərlikdə. Amma baş tutmadı.

- Amma nədənsə indi hamı ANS-i tərk edir. Elə son olaraq Ləman Ələşrəfqızı ilə TV rəsmiləri arasında qalmaqal yaşandı...

-(Gülür). Nə deyə bilərəm? Məşhur bir mahnıda deyildiyi kimi... Kimlər gəldi, kimlər keçdi, kimlər getdi... Hələ də bu getmələr polemikaya səbəb ola bilirlər demək ki. 10 -15 il eyni yerdə işləmək söhbəti mənə çatmır. Məncə, o zaman mümkün ola bilər ki, siz özünüzü daim yeniləyəsiz. Karyeranda maddi və mənəvi baxımdan yeniliklər varsa və inkişaf edirsənsə, çox uzun müddətdə eyni yerdə işləmək olar. Mənə görə, bütün TV-lərdə şərait və məzmun eynidir. Fərqli olan təkcə departament rəhbərinin, şirkət sahibinin şəxsi keyfiyyətləri, onlarla olan qarşılıqlı münasibətdir. Beləcə 2002-ci ildə radio və 3 ayrı TV-kanalda başlayan karyera macərası "tükənmişlik sindormu" ilə başa çatdı (gülür)...

-Siz eyni zamanda Xəzər TV-də çalışmısız. Deyəsən, verilişiniz reytinq qurbanı olmuşdu...

- Xəzər TV-də bir sezon çalışdım, oradakı hər kəslə münasibətlərim əladır. Milli kulinariya ilə bağlı proyekt başa çatdıqdan sonra sosial layihə ilə davam etməyi təklif etdilər. Türkiyədə 15 il əvvəl məşhur kinorejissor Sinan Çətinin hazırladığı "Film kimi" layihəsinin yeni adaptasiyasını eləyək dedik. Ailə dramları işlənirdi. Sadəcə olaraq verilişinin qurğusuna görə skandal yox idi. Səliqəli layihə olmasına rəğmən arzu edilən reytinqi gətirmədi. Vəziyyətdən çıxış yolu olaraq dedilər ki, həmin vaxt Xoşqədəm Hidayətqızının ATV-də apardığı veriliş tərzində elementlər qatmaq lazımdır. Anladım ki, orada missiyam bitib, başqa iş axtarmaq lazımdır.

Heç kimsəyə oxşamaq istəmirəm. 2002-də Azərbaycan gələndə həyata sıfırdan başladım. O vaxt kolleqam və yaxın dostum dedi ki, AzTV-yə düzəlmək üçün 3 min manat rüşvət verməlisən. Nə rüşvət? Bu bir iş əxlaqıdır. Bu işdən 100 və ya min manat ala bilərəm. Müəllimlərimin, valideynlərimin mənə öyrətdiyi odur ki, gördüyün işi vicdanla yerinə yetirməlisən. Mənə görə rüşvət dilənçilikdir.

Sizə bir misal çəkim. Biz rayonları səyahət edən verilişlər hazırlayanda çox sayda insanla rastlaşırdıq. Bəzən yemək yemək təklifini işlərimizin çoxluğuna görə qəbul etməyəndə o yemək pulunu cibimizə zorla qoymaq istədikləri məqamları görmüşük. Qəbul etmədiyimizi görəndə çox təəccübləniblər. Sadəcə qonaqpərvərliyə görə təşəkkür edib getdiyimizi və yerli icra hakimiyyətləri daxil bir çox qurumdan heç nə ummamaq, gözləməmək və istəməmək ya səmimi görünmədi adamlara, yaxud əbləh dedilər. Çalışdğım bütün qurumlarda işimizi görmək üçün hər cür şəraiti yaradıblar və bu imkana görə də hamısına minnətdaram. Dolayısıyla, reketlik, şantaj və dilənçiliklə məşğul olmamaq və bunun altında əzilməmək, vicdanən rahat olmağı hər kəsə arzulayıram.

Mənə heç kəs "efirdən get" deməyib. Əyləncə adamı deyiləm. Toy sənayesi yaxşı inkişaf edib deyə pul qazanmaq üçün bu sektora addım atmadım. Çünki insanları əyləndirmək üçün bu dünyaya gəlməmişəm, bu missiya mənə aid deyil.

- Sosial şəbəkələrdə aktiv bir məşhursuz. Ölkədə baş verən hadisələrə həmişə reaksiya verirsiz. Nəzərə alsaq ki, sizin kimi aparıcılar çox azdır.

- Türkiyədə "Gezi parkı" hadisələrini, yəqin ki, xatırlayırsız. O zaman "Muhteşem Yüzyıl" serialının ən məşhur vaxtları idi. Həftəlik 50-60 min pul alan aktyorlar camaatla birgə meydana çıxıb etiraz etdilər. Dedilər ki, biz bu parkın beton yığınına çevrilməsini istəmirik. Bizdə bunu edəcək cəsarət harada var? Məsələn, "Sovetski" söküldü. Onun içərisində tarixi binalar da var. Bununla bağlı bəzi ziyalılar kampaniya keçirməyə cəhd etsələr də ictimai rəy formalaşmadıra bilmədilər. İctimai məsələyə münasibət bildirmək, yaxud hansısa tərs, əyri, haqsız məsələlərə etiraz etmək, hansısa məmuru tənqid etmək dövlətin, prezidentin düşməni olmaq deyil. Kim deyə bilər ki, dövləti, vətəni məndən çox sevir? Vətəndaş cəmiyyəti nə deməkdir? Bitki kimi yaşamaq olmaz, mən yeyim, qarnım tox olsun. Yerdə qalan hamının canı cəhənnəmə... Ağızlarını açan kimi də deyirlər ki, mən siyasətlə məşğul olmuram. Hər hansı şeyə qarşı öz münasibətimi bildirməkdən çəkinmirəm.

- Vaxtı ilə nikahdankənar övladınızın olması barədə xəbərlər yayıldı. Siz də bu məsələni müzakirə edənlərə sərt cavab verdiz. Bu cür "qınaq" sizə psixoloji təsir etdi?

-Müəyyən bir təbəqənin nə qədər düşük, bədbəxt olduğunu gördüm. Şəxsi həyat deyilən bir şey var. Biz toy etdik, şəkilləri belə o vaxt feysbukda paylaşmadım. Mən də toyxanalarda pul toplamaq xətrinə təmtəraqlı məclis edə bilərdim. O dönəm çalışdığım Xəzər TV-dən təklif etdilər ki, maqazin proqramı toyundan görüntülər çəksin, razılaşmadıq. 2013-cü ilin yanvar ayında baş tutan toyda hamı əyləndi, çalışdığım operatorlar dincəldilər, video yox, sadəcə fotolar çəkildi. Bilirsiniz, bizim insanlardakı ikiüzlülüyə heyrət edirəm. Toy və yas mərasimlərindən hamı narazıdır və öz məclislərini də eyni qaydada edirlər. Niyə? Mən də şablon şadlıq sarayı təntənəsinə qarşı çıxdım.

Toyunda iştirak etdiyim bir çox insanı çağırmadım, pul atmaq üçün qutu belə yox idi. Qısacası, bu mənim şəxsi həyatımdır və onu ictimai şəkildə hər kəsə sərgiləmək istəmirəm. Özünə hörmət etməyən adamlara bunu başa salmaq müşkül məsələdir deyə baş qoşmadım. Öz haqq və hüquqlarını müdafiə etməkdən məhrum olan insanların başqalarının şəxsi həyatında "qayda-qanun" yaratmağa çalışması qədər zavallı bir görüntü sərgilədiklərini görmək sadəcə yumşaq təbəssüm yaradır. Bu bir gerçəkdir ki, efirə çıxan insan artıq ictimaiyyətə mal olmuş birisidir və müzakirə edilməsi normaldır.

Ancaq bu müzakirələr aparılarkən şəxsən tanımadığın birisinə qarşı hörmətsizlik və tərbiyəsizlikdə hədd qoymamaq təəccübləndirir məni. Heç kimi sevmək məcburiyyətində deyilsiniz, amma bu qədər nifrət, yəqin ki, həsəddən və yarımçıqlıq kompleksindən qaynaqlanır. Yazı-pozu əhli belə tənqid və təhqiri səhv salır. Fikir vermək olmaz, savadsızlıqdan irəli gəlir (gülür)... Yenə qayıtdıq oxumaq məsələsinə. O da hər zaman lazımdır: oxumaq, yəni öz üzərində işləmək. Hal-hazırda etdiyim şey başqa deyişlə...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5322   Tarix: 22 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371