Bəhruz Quliyev: "Tramp, Si Cinpin və Putinin mümkün üçtərəfli dialoqu yeni Yalta razılaşması cəhdinə çevrilə bilərmi?"
"Tarixdə elə məqamlar olub ki, dünyanın taleyi milyonlarla insanın iştirak etdiyi proseslərdən daha çox, bir neçə böyük dövlət rəhbərinin əyləşdiyi masa arxasında həll edilib. İkinci Dünya müharibəsinin son mərhələsində Çörçill, Ruzvelt və Stalin Yalta konfransında müharibədən sonrakı dünya nizamının əsas konturlarını müəyyənləşdirirdilər. Əslində, həmin görüşlər təkcə müharibənin yekunlarını deyil, onilliklər boyu davam edən geosiyasi qarşıdurmanın da əsaslarını formalaşdırdı.
Bu gün isə beynəlxalq münasibətlər sistemində yenidən böyük güclərin maraqlarının toqquşduğu, dünya nizamının dəyişdiyi və yeni güc mərkəzlərinin meydana çıxdığı bir mərhələdəyik. Belə bir şəraitdə Donald Tramp, Si Cinpin və Vladimir Putinin mümkün üçtərəfli dialoqu ilə bağlı sualın meydana çıxması təsadüfi deyil. Görəsən, XXI əsrin yeni Yaltası formalaşa bilərmi?
İlk növbədə qeyd etmək lazımdır ki, bu ehtimal artıq reallığa çevrilməkdədir. Donald Tramp, Si Cinpin və Vladimir Putinin 19 noyabr 2026-cı ildə Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində üçtərəfli görüşü nəzərdə tutulub. Bu görüşün özü beynəlxalq siyasətdə ciddi rezonans doğurur.
Hesab edirəm ki, burada məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Bəli, dünyanın üç aparıcı gücünün liderlərinin bir masa arxasında əyləşməsi yeni geosiyasi reallıqların müzakirəsi baxımından mühüm hadisədir. Lakin bu, mütləq şəkildə dünyanın xəritəsinin yenidən bölüşdürülməsi demək deyil." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, burada hər üç liderin öz strateji məqsədləri var. Tramp ABŞ-ın qlobal liderliyini qorumaq, nüvə təhlükəsizliyi və beynəlxalq münaqişələrdə Vaşinqtonun mövqelərini möhkəmləndirmək istəyir. Si Cinpin Çinin iqtisadi və siyasi nüfuzunu genişləndirməyə, ABŞ-la münasibətlərdə öz şərtlərini diktə etməyə çalışır. Putin isə Rusiyanın beynəlxalq təcriddən çıxmasına, Ukrayna müharibəsi ətrafında Moskvanın maraqlarının nəzərə alınmasına və postsovet məkanında təsir imkanlarının qorunmasına çalışır.
Bu maraqların müəyyən məqamlarda üst-üstə düşməsi mümkündür. Ancaq onların arasında ciddi ziddiyyətlər də mövcuddur. Elə buna görə də Şençjen görüşünü avtomatik olaraq yeni Yalta konfransı adlandırmaq düzgün olmaz.
Bununla belə, ən ciddi təhlükə başqa məqamdır. Böyük dövlətlərin öz aralarında razılaşaraq digər ölkələrin taleyini onların iştirakı olmadan müzakirə etməsi ehtimalı Ukrayna, Tayvan, Avropa və digər regionlar üçün kifayət qədər həssas məsələdir.
"Düşünürəm ki, Azərbaycan da bu proseslərə xüsusi diqqətlə yanaşmalıdır. Çünki Cənubi Qafqaz böyük güclərin geosiyasi maraqlarının kəsişdiyi məkanlardan biridir. Bizim üçün əsas məsələ hansısa güc mərkəzinin təsir dairəsinə daxil olmaq deyil, dövlət suverenliyimizi, milli maraqlarımızı və müstəqil xarici siyasət kursumuzu qorumaqdır.
Mənim qənaətim budur ki, XXI əsrdə dünyanın taleyini üç liderin qapalı danışıqlar masasında müəyyənləşdirmək əvvəlki dövrlərlə müqayisədə daha çətindir. Çünki artıq beynəlxalq münasibətlər sistemində təkcə üç güc mərkəzi yoxdur. Türkiyə, Avropa İttifaqı, Hindistan və digər regional aktorlar da qlobal proseslərə ciddi təsir göstərirlər.
Ona görə də əsas sual dünyanın Tramp, Si Cinpin və Putin arasında bölünüb-bölünməyəcəyi deyil, yeni dünya nizamının hansı prinsiplər üzərində qurulacağıdır. Azərbaycan isə bu yeni nizamda öz taleyini özü müəyyən edən, müstəqil qərar verən dövlət kimi çıxış edir."-deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










