ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?
ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub.
Ümumiyyətlə, son illərdə ABŞ və Avropanın bir sıra ölkələrində müsəlman icmalarının demoqrafik çəkisi artır, onların siyasi proseslərdə iştirakı genişlənir və bu dəyişikliklər tədricən dövlət institutlarında da öz əksini tapır.
Məsələn, Böyük Britaniyanın statistik göstəriciləri bu tendensiyanı aydın şəkildə nümayiş etdirir. 2011-ci ildə İngiltərə və Uels əhalisinin 4,9 faizi özünü müsəlman kimi təqdim edirdisə, 2021-ci ildə bu göstərici 6,5 faizə yüksəlib. Müsəlman əhalinin sayı isə 2,7 milyondan 3,9 milyona çatıb. Daha diqqətçəkən məqam əhalinin yaş strukturudur. 2021-ci il siyahıyaalınmasının nəticələrinə əsasən, İngiltərə və Uelsdə müsəlmanların median yaşı 27 olub. Bu göstərici ölkə əhalisinin ümumi median yaşından xeyli aşağıdır. Deməli, söhbət yalnız mövcud əhalinin sayının artmasından deyil, həm də gələcək seçici nəslin formalaşmasında payı getdikcə böyüyən icmadan gedir.
Bu demoqrafik dəyişikliklər artıq siyasi təmsilçilikdə də özünü göstərir. 2024-cü il parlament seçkilərindən sonra Britaniya İcmalar Palatasında müsəlman deputatların sayı rekord həddə - təxminən 25 nəfərə çatıb. Londonda müsəlman mənşəli siyasətçi Sadiq Xanın mer seçilməsi isə bu prosesin daha əvvəl başlamış nümunələrindən biridir.
ABŞ-da da oxşar dinamika müşahidə olunur. "Pew Research Center"in 2026-cı il məlumatlarına görə, ölkədə müsəlmanların sayı təxminən 5,5 milyona çatıb. 2007-ci ildə bu rəqəm 2,4 milyon idi. Eyni zamanda, ABŞ-da müsəlmanların seçkili vəzifələrdə təmsilçiliyi də artır. CAIR təşkilatının 2026-cı il hesabatında ölkənin 26 ştatında müxtəlif səviyyələrdə fəaliyyət göstərən 255 müsəlman seçkili vəzifə sahibi qeydə alınıb. Abdul El-Sayedin Senata seçilməsi isə bu prosesin federal səviyyədə mühüm nəticələrindən biridir.
Beləliklə, müsəlman icmaları artıq yalnız seçkilərdə müəyyən namizədlərə dəstək verən sosial qrup deyil. Onlar öz siyasi təmsilçilərini irəli sürən, seçkilərin nəticələrinə təsir göstərən və ictimai gündəliyin formalaşmasında iştirak edən siyasi aktorlara çevrilirlər. Bu proses Qərb ölkələrində müsəlman icmalarının siyasi və ictimai təsirinin genişlənməsini göstərir. Bunu bütövlükdə "siyasi islamın" yüksəlişi kimi qiymətləndirmək isə fərqli siyasi və ideoloji istiqamətləri eyniləşdirmək olardı.
Düzdür, Abdul El-Sayed özünü ilk növbədə Miçiqan seçicilərinin təmsilçisi kimi təqdim edir. Onun siyasi platforması səhiyyə xidmətlərinin əlçatanlığı, sosial təminat, iqtisadi bərabərsizlik və korporativ təsirin məhdudlaşdırılması kimi məsələlərə əsaslanır. Eyni zamanda, Qərbdə müsəlman kimliyi ilə tanınan bir sıra siyasətçilər LGBT hüquqlarını, dünyəvi idarəçilik modelini və liberal siyasi gündəliyi dəstəkləyirlər.
Bu məqam ümumi tendensiyanın əhəmiyyətini azaltmır. Əksinə, göstərir ki, Qərbdə müsəlman icmalarının siyasi inteqrasiyası vahid ideoloji xətt üzrə inkişaf etmir. Onların bir qismi liberal siyasi sistem daxilində fəaliyyət göstərir, digərləri isə dini və mədəni kimliklərinin ictimai-siyasi həyatda daha geniş təmsil olunmasına çalışırlar. Bütün bu fərqli mövqeləri birləşdirən əsas məqam müsəlman kimliyinin siyasi həyatda əvvəlki dövrlərlə müqayisədə daha görünən olması və siyasi təmsilçiliyin genişlənməsidir.
Reallıq ondan ibarətdir ki, demoqrafik çəkisi artan, gənc əhali strukturuna malik olan və siyasi institutlarda daha geniş təmsilçilik qazanan icmaların gələcək seçkilərə və siyasi qərarlara təsir imkanları da genişlənir.
Abdul El-Sayedin Senata seçilməsi bu baxımdan sadəcə fərdi siyasi uğur deyil. Bu hadisə ABŞ-da müsəlmanların siyasi təmsilçiliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Böyük Britaniyada müşahidə olunan demoqrafik və siyasi dəyişikliklərlə birlikdə nəzərdən keçirildikdə isə Qərb cəmiyyətlərində müsəlman icmalarının artan ictimai-siyasi rolunun daha geniş mənzərəsini ortaya qoyur.
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










