Avropada yeni etiraz dalğası: Z nəsli siyasi sistemə meydan oxuyur

Avropada yeni etiraz dalğası: Z nəsli siyasi sistemə meydan oxuyurAvropanın bir sıra ölkələrində etiraz aksiyaları geniş vüsət alıb. Bu prosesdə aparıcı qüvvə isə əsasən gənclər, daha dəqiq desək, "Z" nəslinin nümayəndələridir.
Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirən əsas məqam mövcud siyasi və iqtisadi sistemdən narazılıqdır.
Əslində, Z nəslinin etiraz dalğasının gec-tez Avropaya çatacağı gözlənilən idi. Bunun ilk ciddi siqnalları hələ 2025-ci ildə ortaya çıxmışdı. Həmin vaxt dünyanın müxtəlif regionlarında gənclərin sosial şəbəkələr vasitəsilə təşkilatlanaraq hakimiyyətlərə qarşı kütləvi etirazlara başlaması yeni siyasi tendensiyanın formalaşdığını göstərirdi.
Bu baxımdan 2025-ci ilin sentyabrında Nepalda baş verən hadisələr xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 4-də hökumətin sosial media platformalarına girişi məhdudlaşdırması gənclərin narazılığını daha da artırdı. Sentyabrın 8-də Katmandu və digər şəhərlərdə başlayan etirazlar qısa müddətdə hökumət əleyhinə genişmiqyaslı aksiyalara çevrildi. Gənclər korrupsiya, nepotizm, işsizlik, iqtisadi bərabərsizlik və siyasi elitanın cəmiyyətin problemlərinə biganə münasibətinə etiraz edirdilər. Təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı sərt müdaxiləsi, insan tələfatı və zorakılıq hadisələri vəziyyəti daha da gərginləşdirdi.
Nəticədə sentyabrın 9-da baş nazir KP Şarma Oli istefa verməyə məcbur oldu. Beləliklə, Nepalda Z nəslinin ön sıralarda olduğu etirazlar hakimiyyət dəyişikliyinə gətirib çıxaran siyasi prosesin başlanğıcına çevrildi. Bu hadisə göstərdi ki, sosial şəbəkələr vasitəsilə təşkilatlanmış, ənənəvi siyasi strukturlardan asılı olmayan gənclər qısa müddətdə ciddi siyasi qüvvəyə çevrilə bilərlər.
Bundan cəmi bir neçə həftə sonra, sentyabrın 25-də Madaqaskarda da oxşar proses başladı. İlk etirazların səbəbi elektrik enerjisinin və içməli suyun mütəmadi olaraq kəsilməsi idi. Lakin narazılıqlar qısa müddətdə daha geniş xarakter aldı. Gənclər yüksək yaşayış xərclərinə, işsizliyə, korrupsiyaya, nepotizmə və hakimiyyətin idarəçilik siyasətinə qarşı çıxmağa başladılar.
Etirazlar sosial şəbəkələrdə özünü "Gen Z Madagascar" adlandıran gənclər hərəkatının təşkilatlanması ilə daha da genişləndi. Sentyabrın 29-da Prezident Andri Rajoelina baş nazirin və bütün hökumət üzvlərinin vəzifədən azad edildiyini açıqladı. Lakin bu addım nümayişçiləri sakitləşdirmədi. Əksinə, etirazçılar prezidentin istefasını tələb etməyə başladılar.
Oktyabrın 11-də ordunun xüsusi hərbi bölmələrindən biri nümayişçilərin tərəfinə keçərək prezidentə qarşı çıxdı. Oktyabrın 13-də Rajoelina ölkədən qaçdığını açıqladı, oktyabrın 14-də isə hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan etdilər. Oktyabrın 17-də polkovnik Maykl Randrianirina ölkənin keçid dövrü prezidenti kimi and içdi. Beləliklə, Madaqaskarda gənclərin başçılıq etdiyi etirazlar nəticəsində ölkənin siyasi idarəçiliyində köklü dəyişiklik baş verdi.
Mən həmin vaxt da qeyd edirdim ki, bu prosesləri sadəcə ayrı-ayrı ölkələrdə baş verən lokal etirazlar kimi qiymətləndirmək düzgün deyil. Nepal və Madaqaskar nümunələri yeni nəslin etirazlarının siyasi sistemlər üçün nə qədər ciddi sınağa çevrilə biləcəyini göstərən ilkin siqnallar idi.
Serbiya isə bu prosesin Avropadakı ən diqqətçəkən nümunələrindən birinə çevrildi. 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmir yolu vağzalının dam örtüyünün uçması və nəticədə 16 nəfərin həyatını itirməsi ölkədə geniş ictimai narazılığa səbəb oldu. Hadisə ilə bağlı məsuliyyət, korrupsiya və dövlət qurumlarının fəaliyyəti ətrafında yaranan suallar tələbə etirazlarının başlanmasına təkan verdi.
2025-ci ilin əvvəlindən etibarən tələbələrin rəhbərlik etdiyi nümayişlər Serbiyanın yüzlərlə şəhər və qəsəbəsinə yayıldı. Etirazçılar məsul şəxslərin cəzalandırılmasını, korrupsiya ilə bağlı sənədlərin açıqlanmasını, dövlət institutlarının hesabatlılığının təmin edilməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdilər. Yanvarın 28-də baş nazir Miloş Vuçeviç istefa verdi. Lakin bu, etirazların dayanmasına səbəb olmadı.
Proses 2026-cı ildə də davam etdi. Nəhayət, oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində tələbə hərəkatının dəstəklədiyi siyahı ilkin rəsmi nəticələrə əsasən 52,71 faiz səs topladı və parlamentdə 140 mandat əldə etdi. Prezident Aleksandr Vuçiçin dəstəklədiyi siyahı isə 39,17 faiz səslə 104 mandat qazandı. Beləliklə, tələbə hərəkatı küçə etirazlarından seçki mübarizəsinə keçərək Serbiyanın siyasi həyatında mühüm nəticə əldə etdi. Bu hadisə göstərdi ki, yeni nəslin siyasi fəallığı yalnız etiraz aksiyaları ilə məhdudlaşmaya, seçki prosesinə də ciddi təsir göstərə bilər.
İndi isə diqqət Avropanın digər ölkələrinə yönəlib. Fransa, Almaniya, İtaliya, Albaniya, Portuqaliya və İspaniyada gənclərin iştirakı ilə genişmiqyaslı aksiyalar keçirilir. Belçika, Niderland və bir sıra digər ölkələrdə də etiraz çağırışları yayılır.
Fransada etirazların əsas səbəbləri arasında təhsil sistemindəki problemlər, yaşayış xərclərinin artması, mənzil əlçatanlığının azalması və gənclərin gələcəklə bağlı narahatlıqları yer alır. Almaniyada isə oktyabrın 31-də 34 şəhərdə keçirilən aksiyalarda minlərlə insan iştirak edib. Gənclər təhsilə, səhiyyəyə və sosial təminata daha çox vəsait ayrılmasını tələb etməklə yanaşı, məcburi hərbi xidmətin yenidən tətbiqinə də qarşı çıxırlar. İtaliya və İspaniyada da sosial problemlər, yaşayış xərcləri və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı narazılıqlar etirazlara səbəb olur. Albaniyada isə korrupsiya, işsizlik və təhsil problemləri gənclərin əsas narazılıq mövzularındandır.
Maraqlıdır ki, bütün bu ölkələrdə etirazların konkret səbəbləri fərqlidir. Bir ölkədə əsas problem mənzil qiymətləri, digərində təhsil, başqa birində isə korrupsiya və işsizlikdir. Lakin bütün bu narazılıqları birləşdirən ümumi məqam var: gənc nəsil mövcud siyasi və iqtisadi sistemin onun gözləntilərinə cavab vermədiyini düşünür. Siyasi elitaların bu narazılıqları aradan qaldırmaq imkanlarının məhdud olması isə etirazların daha da genişlənməsinə zəmin yaradır.
Z nəslinin ənənəvi siyasi təşkilatlardan, partiyalardan və ideoloji mərkəzlərdən asılı olmadan təşkilatlanmaq imkanları xüsusilə diqqət çəkir. Daha sadə desək, informasiya saniyələr ərzində yayılır, etiraz çağırışları qısa müddətdə minlərlə insana çatır, ayrı-ayrı ölkələrdə baş verən hadisələr isə digər cəmiyyətlər üçün nümunəyə çevrilir. Nepalda baş verənlər Madaqaskarda, Serbiyada yaşananlar isə Avropanın digər ölkələrindəki gənclər üçün müəyyən mənada təcrübə rolunu oynadı. Onların bir-birindən öyrənməsi, oxşar etiraz üsullarından istifadə etməsi və sosial şəbəkələr vasitəsilə qarşılıqlı təsir göstərməsi artıq diqqətdən kənarda qala bilməyən tendensiyadır.
Məncə, qarşıdakı dövrdə bu proseslərin daha da genişlənməsi üçün kifayət qədər zəmin var. Xüsusilə iqtisadi çətinliklərin, siyasi gərginliyin, korrupsiyanın, sosial bərabərsizliyin və ictimai etimadsızlığın yüksək olduğu ölkələrdə Z nəslinin etirazları daha ciddi siyasi nəticələr doğura bilər. Çünki bu nəsil əvvəlki nəsillərdən fərqli olaraq, mövcud vəziyyətlə barışmaq və dəyişiklikləri uzun illər gözləmək istəmir. Onlar problemlərin həllində daha sürətli, konkret və real nəticələr tələb edirlər.
Mənim qənaətimə görə, biz sadəcə ayrı-ayrı ölkələrdə gənclərin etirazlarını müşahidə etmirik. Söhbət yeni nəslin mövcud siyasi və sosial düzənlə qarşıdurmasından gedir. Bu qarşıdurmanın hansı nəticələr doğuracağını indidən dəqiq müəyyənləşdirmək mümkün deyil. Ancaq bir məqam aydındır: əvvəlki nəsillərin siyasi idarəetmə metodları ilə yeni nəslin gözləntilərini qarşılamaq getdikcə çətinləşir. Artıq Z nəsli yalnız dinlənilmək deyil, qərarların qəbulunda iştirak etmək və dəyişikliklərin birbaşa tərəfinə çevrilmək istəyir.

Turan Rzayev-politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 154   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib

Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy

02.11.2026 418
.

"Arsenal" 14 ildən sonra ilk dəfə "Enfild"də qələbə qazandı

İngiltərə çempionu "Arsenal" 14 ildən sonra ilk dəfə Premyer Liqa oyununda "Enfild" stadionunda "Liverpul"u məğlub edib. -ın xəbərinə görə, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" alman hücumçu Kay Havertsin qolu sayəsində "Liverpul"

02.11.2026 348
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

12:06 203
.

Avropada yeni etiraz dalğası: Z nəsli siyasi sistemə meydan oxuyur

Avropanın bir sıra ölkələrində etiraz aksiyaları geniş vüsət alıb. Bu prosesdə aparıcı qüvvə isə əsasən gənclər, daha dəqiq desək, "Z" nəslinin nümayəndələridir. Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirə

14:46 154
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

02.11.2026 463
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

12:55 194
.

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas

02.11.2026 401
.

Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir

02.11.2026 514
.

Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə

Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər

02.11.2026 380
.