Başqasına təhsil dərsi keçməzdən əvvəl öz evinizə baxın

Başqasına təhsil dərsi keçməzdən əvvəl öz evinizə baxınİran rəsmiləri Azərbaycan qızlarına təhsil almaq üçün qapılarını açdıqlarını bəyan edirlər. Guya Azərbaycanda hicablı qızlar təhsildən məhrum edilir, İran isə onları qəbul etməyə, oxutmağa, gələcəklərini qurmağa hazırdır. Özlərini elə aparırlar ki, sanki İranda bütün qadınlar ağ günə çıxıb, bütün qızlar azadlığa qovuşub, bütün problemlər həll olunub, indi də növbə Azərbaycanı xilas etməyə çatıb. Belə çıxır ki, İran qadınlarının bütün dərdləri bitib, Azərbaycan qızlarının dərdi isə Tehranın boynuna düşüb!
Bu nə cür qayğıdır, cənablar? Azərbaycan qızlarının təhsilindən ötrü bu qədər narahat olanlar, bəs öz ölkələrindəki qızların vəziyyətinə nə vaxt nəzər salacaqlar? Başqa ölkənin məktəbli qızlarına himayədarlıq etməyə girişməzdən əvvəl öz ölkənizdə qadınların hansı məhdudiyyətlərlə üzləşdiyinə, onların geyiminə dövlətin necə müdaxilə etdiyinə bir baxın. İllərdir qadınların geyimi və şəxsi seçimləri ətrafında mübahisələrin yaşandığı bir ölkənin rəsmiləri indi Azərbaycana gəlib qızlarımızın hüquqlarının müdafiəçisi roluna girirlər. Bu ziddiyyəti görməmək mümkün deyil.
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simaei-Sərəf Azərbaycan qızlarını İran universitetlərində təhsil almağa dəvət edib. Ardınca birinci vitse-prezident Məhəmməd Rza Aref təşəbbüsün məktəblilərə də şamil olunmasını təklif edib. Görünür, Azərbaycan qızlarının hicab məsələsi İran rəsmilərinin yadına elə bir vaxtda düşüb ki, bu mövzudan siyasi təbliğat vasitəsi kimi istifadə etmək fürsəti yaranıb.

Ancaq İran rəsmiləri bir həqiqəti unudurlar: Azərbaycan müstəqil dövlətdir, öz təhsil siyasəti, qanunları və dövlətçilik ənənələri var. Azərbaycan qızlarının gələcəyi barədə qərarları Tehrandakı kabinetlərdə oturan məmurlar vermirlər. Bizim uşaqlarımızın təhsili də, onların hüquqları da başqa dövlətin siyasi bəyanatlarının mövzusu deyil. İranın Azərbaycan qızlarına təhsil təklif etməsi həmin qızların taleyi üzərində ona hər hansı söz haqqı qazandırmır.
Məsələnin ən ağrılı tərəfi isə budur ki, Azərbaycan qızlarının təhsili barədə danışan İran rəsmiləri öz ölkələrində yaşayan azərbaycanlıların ana dilində təhsil hüququ ilə bağlı suallara eyni həvəslə cavab vermirlər. İranın Elm və Təhsil Nazirliyinin deyil, Azərbaycanın Elm və Təhsil Nazirliyinin oktyabrın 26-da yaydığı açıqlamada İranda Azərbaycan dilində təhsil verən məktəblərin olmadığı, ali təhsil sistemində də bu dildə tədrisin təmin edilmədiyi bildirilib. Nazirliyin açıqlamasında İranda təxminən 40 milyon etnik azərbaycanlının yaşadığı qeyd olunur.
İndi gəlin, məsələni sadə dillə qoyaq: İranda milyonlarla azərbaycanlı yaşayırsa, onların övladları niyə öz ana dillərində məktəb təhsili almaq imkanından məhrum olmalıdırlar? Azərbaycan dilində danışan, bu dildə düşünən, bu dildə layla eşidən uşaqların öz ana dillərində təhsil almaq istəyi niyə İran rəsmilərinin diqqətindən kənarda qalır? Siz Azərbaycandakı qızların təhsili barədə bu qədər narahat olursunuzsa, Təbrizdə, Ərdəbildə, Urmiyada və başqa azərbaycanlı şəhərlərində yaşayan uşaqların ana dili məsələsinə niyə eyni həssaslıqla yanaşmırsınız?
Yoxsa sizin üçün təhsil hüququ yalnız siyasi məqsədlərinizə uyğun gələndə yada düşür? Yoxsa azərbaycanlı uşağın ana dilində təhsil almaq arzusu sizin üçün Azərbaycan qızının hicab məsələsindən daha az əhəmiyyətlidir? Əgər belə deyilsə, onda bu suallara aydın cavab verin!
İran rəsmiləri bilməlidirlər ki, ana dili məsələsi adi bir dərs cədvəli və ya məktəb proqramı problemi deyil. Ana dili xalqın yaddaşıdır, kimliyidir, tarixidir. Uşağa öz dilində oxumaq və yazmaq imkanı verməmək həmin dilin gələcək nəsillərə ötürülməsini çətinləşdirir. Azərbaycanlıların öz ana dilində təhsil arzusu heç kimin lütfü deyil, onların mədəni və dil hüquqları ilə bağlı tələbidir.
İran rəsmilərinin Azərbaycan qızlarına qayğısı səmimidirsə, buyursunlar, əvvəlcə təhsil hüququna münasibətdə ikili standartların olmadığını göstərsinlər. Öz ölkələrindəki azərbaycanlı uşaqların ana dilində təhsil imkanları barədə konkret addımlar atsınlar. Azərbaycan qızlarına universitet qapılarını açmaqdan danışmaq asandır. Bəs milyonlarla azərbaycanlı uşağın öz ana dilində təhsil alması üçün hansı qapıları açmısınız?
Bir məsələni də aydınlaşdıraq. Azərbaycanda məktəbli geyimi ilə bağlı qaydaların müzakirəsi Azərbaycanın öz daxili məsələsidir. Həmin qaydaların uşaqların təhsil hüququna təsiri barədə suallar varsa, onlar açıq şəkildə müzakirə edilməli və aydın cavablandırılmalıdır. Ancaq bundan istifadə edərək İranın özünü Azərbaycan qızlarının xilaskarı kimi təqdim etməsi qəbul edilə bilməz. Azərbaycan cəmiyyətinin öz problemlərini müzakirə etmək üçün nə Tehranın icazəsinə, nə də onun himayəsinə ehtiyacı var.
İranın təhsil təklifinin arxasında hansı siyasi hesabların dayandığını qaydındır və belə bəyanatların yaratdığı ziddiyyət göz qabağındadır: bir tərəfdən başqa ölkənin qızlarının təhsilindən danışılır, digər tərəfdən İranda yaşayan azərbaycanlıların ana dilində təhsil məsələsi açıq qalır. Məhz buna görə İran rəsmilərinin sözləri konkret suallarla yoxlanmalıdır. Siyasi şüarlar deyil, real hüquqlar və real imkanlar əsas götürülməlidir.

Cənab İran rəsmiləri, Azərbaycan qızlarına ağ gün vəd etməzdən əvvəl öz ölkənizdəki qadınların və qızların vəziyyətinə baxın! Onlara yalnız hansı geyimi seçməli olduqlarını deyil, öz həyatları barədə necə qərar verə biləcəklərini də düşünün. Sonra isə İranda yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil hüququ barədə verilən suallara cavab verin. Başqa ölkənin övladlarına sahib çıxmaq iddiası ilə çıxış etməkdən əvvəl öz ölkənizdəki soydaşlarınızın hüquqlarına münasibətinizi göstərin.
Azərbaycan qızları İranın siyasi təbliğatına mövzu olmaq üçün yaşamırlar. Onlar bu ölkənin vətəndaşlarıdır, gələcəyin müəllimləri, alimləri, həkimləri, mühəndisləri və ziyalılarıdır. Onların təhsil hüququ da, gələcəyi də siyasi nümayişlərdən qat-qat vacibdir. Bu məsələni həll etmək Azərbaycanın öz vəzifəsidir.
İran rəsmilərinə son sözümüz budur: Azərbaycan qızlarına göstərdiyiniz qayğını əvvəlcə İranda yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil hüququna münasibətinizlə sübut edin. Sözlə himayədarlıq etmək asandır, əsas məsələ öz evində ədaləti təmin etməkdir.Azərbaycan xalqı nə öz qızlarının gələcəyini müəyyənləşdirmək üçün Tehrandan məsləhət gözləyir, nə də öz hüquqlarını müdafiə etmək üçün kənardan himayədar axtarır.

Şəmsi QOCA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 147   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

27.10.2026 367
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27.10.2026 332
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 372
.

Konsertləri ləğv oluna bilər

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay

27.10.2026 433
.

Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri

11:45 97
.

Arda Mbappenin gözünü yolda qoydu

İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə

27.10.2026 451
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27.10.2026 315
.

Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı

Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. -a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları

10:41 181
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 360
.