Azərbaycanlılar Türkiyədə niyə daha az mənzil alır? - SƏBƏB
Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır.
Bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb.
2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əldə etmişdilər.
Cari ilin avqust ayında isə azərbaycanlılar Türkiyədə 92 mənzil alıblar. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 14,8% azdır. İyul ayında 90 mənzil alınmışdı. Beləliklə, aylıq müqayisədə alışlar 2,2% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə xarici ölkə vətəndaşlarına 13 141 mənzil satılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,3% azdır. Azərbaycan vətəndaşlarının alışları xaricilərə satılan mənzillərin təxminən 4,3%-ni təşkil edib.
Təkcə avqust ayında Türkiyədə xarici vətəndaşlara 1 938 mənzil satılıb. Ən çox mənzil alanlar arasında Rusiya vətəndaşları 343 mənzillə birinci yerdə qərarlaşıblar. Sonrakı yerləri Ukrayna (147 mənzil) və İran (140 mənzil) vətəndaşları tutublar.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışlarının azalmasını bir neçə amillə izah etmək olar:
"İlk növbədə, bunu təkcə azərbaycanlıların Türkiyə daşınmaz əmlak bazarına marağının zəifləməsi kimi qiymətləndirmək düzgün olmaz. Çünki 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə xarici vətəndaşlara ümumilikdə 13 141 mənzil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azdır. Azərbaycan vətəndaşlarının alışları isə 5,3 faiz geriləyib. Bu, azalmanın Türkiyənin daşınmaz əmlak bazarında müşahidə olunan ümumi tendensiya ilə də əlaqəli olduğunu göstərir. Əsas səbəblərdən biri Türkiyədə mənzil qiymətlərinin və yaşayış xərclərinin artmasıdır. Mənzil qiymətləri nominal ifadədə yüksəlsə də, yüksək inflyasiya şəraitində daşınmaz əmlakın real gəlirliliyi əvvəlki qədər cəlbedici olmaya bilər. Türkiyədə 2026-cı ilin ikinci rübündə mənzillərin orta kvadratmetr qiyməti illik müqayisədə 30,6 faiz artaraq 51 850 lirəyə çatıb. Bu da xarici investorların daha böyük ilkin kapital ayırmasını tələb edir. Digər mühüm amil Türkiyə lirəsinin məzənnəsi və investisiyanın gəlirliliyi ilə bağlı gözləntilərdir. Azərbaycanlı alıcı mənzili lirə ilə alsa da, sərmayəsinin nəticəsini çox vaxt dollarla və ya manatla qiymətləndirir. Mənzilin qiymətinin artması lirənin dəyərdən düşməsindən yaranan itkini kompensasiya etmədikdə, belə investisiyanın cəlbediciliyi azalır. Eyni zamanda, yüksək faizlər və maliyyələşmə xərcləri daşınmaz əmlaka yatırım qərarlarını çətinləşdirir".
Müsahibimiz əlavə edib ki, Türkiyədə mənzil alan azərbaycanlıların hamısını investor hesab etmək olmaz:
"Bir qismi mənzili yaşayış, təhsil, ailə və ya gələcəkdə Türkiyəyə köçmək məqsədilə əldə edir. Buna görə alışların azalması həm investisiya gəlirliliyi ilə bağlı gözləntiləri, həm də şəxsi maliyyə imkanlarını əks etdirə bilər.
Digər tərəfdən, Türkiyədə xaricilərə mənzil satışlarının azalması bazarda rəqabətin və alternativ investisiya imkanlarının təsiri ilə də bağlı ola bilər. İnvestorlar daşınmaz əmlakı bank depozitləri, istiqrazlar, qızıl və digər aktivlərlə müqayisə edirlər. Hansı aktivin daha yüksək gəlir və daha az risk vəd etməsi onların seçimlərinə təsir göstərir.
Nəticə etibarilə, azərbaycanlıların Türkiyədə mənzil alışlarının azalmasının kökündə qiymətlərin yüksəlməsi, investisiyanın real gəlirliliyi ilə bağlı suallar, valyuta riski və maliyyə xərcləri dayanır. Bununla belə, səkkiz ay üzrə 5,3 faizlik azalma kəskin geriləmə deyil. Səbəbləri dəqiq müəyyənləşdirmək üçün alıcıların mənzilləri hansı məqsədlə aldıqları, alışların hansı şəhərlərdə azaldığı və investisiyaların gəlirliliyi barədə əlavə məlumatlar lazımdır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş







