Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR
Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərini yerinə yetirirlər.
Lent.az xarici mediaya istinadla uşaq isterikasının səbəblərini və valideynlərin belə vəziyyətlərdə necə davranmalı olduğunu təqdim edir.
Uşaq isterikasına görə cəzalandırılmamalıdır
Uşaq qışqıranda ona eyni şəkildə cavab vermək vəziyyəti daha da ağırlaşdıra bilər.
Psixoloqların sözlərinə görə, emosiyalar insanın daxili ehtiyacları haqqında məlumat verir. Onlar nə istədiyimizi, nədən narahat olduğumuzu və hansı vəziyyətin dəyişməsini arzuladığımızı anlamağa kömək edir.
Bu baxımdan uşağın qəzəblənməsini sadəcə pis davranış kimi qiymətləndirmək doğru deyil.
Mütəxəssislər hesab edir ki, qəzəb tutmaları uşağın inkişaf prosesinin bir hissəsidir.
Uşaq böyüdükcə müstəqil olmağı, sosial qaydaları mənimsəməyi və hansı hallarda güzəştə getməli olduğunu öyrənir.
Bəzən bu proses güclü emosional reaksiyalarla müşayiət olunur.
Əgər uşaq özünü idarə edə bilmirsə, bu, onun hələ emosiyalarını tənzimləmək bacarığını tam mənimsəmədiyini göstərə bilər.
Belə vəziyyətdə valideynin əsas vəzifəsi uşağı cəzalandırmaq deyil, ona hisslərini idarə etməyin yollarını öyrətməkdir.
Uşağa hisslərini adlandırmağı öyrədin
Psixoloqlar emosiyaları idarə etməyin yollarından biri kimi onları sözlə ifadə etməyi tövsiyə edir.
Bu yanaşmanın əsas ideyası ondan ibarətdir ki, insan hisslərini tanıyıb adlandırdıqda onları anlamaq və idarə etmək daha asan olur.
Kiçik uşaqlara emosiyaları öyrətmək üçün müxtəlif üz ifadələrinin təsvir olunduğu şəkilli kitablardan istifadə etmək mümkündür.
Məsələn, gülümsəyən, gülən və ya qaşqabaqlı üz şəkillərini göstərərək uşağa sevinc, kədər və qəzəb kimi hissləri izah etmək olar.
Məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlar üçün isə "emosiya termometri" üsulu faydalı ola bilər.
Bu zaman uşaq öz qəzəbinin gücünü müəyyən şkala üzrə qiymətləndirir.
Yeniyetmələrlə isə filmlər və onların qəhrəmanları haqqında danışmaq tövsiyə edilir.
Məsələn, valideyn belə suallar verə bilər: "Səncə, bu qəhrəman nə hiss edirdi?", "Niyə əsəbiləşdi?", "Onun qəzəbi hansı nəticələrə səbəb oldu?"
Bu cür söhbətlər uşağın emosional düşünmə və özünüifadə bacarıqlarının inkişafına kömək edə bilər.
Valideynlər öz qəzəblərini gizlətməməlidirlər
Bir çox valideyn uşaqlarının yanında əsəbiləşməyin düzgün olmadığını düşünür.
Lakin psixoloqlar hesab edirlər ki, emosiyaları tamamilə gizlətmək əvəzinə, onları sağlam şəkildə idarə etməyi göstərmək daha faydalıdır.
Məsələn, valideyn əsəbiləşdiyi zaman belə deyə bilər:
"Ürəyim sürətlə döyünür".
"Fikirlərim qarışıb".
"Hazırda özümü əsəbi hiss edirəm".
Daha sonra isə sakitləşmək üçün nə etdiyini uşağa izah edə bilər.
"Birkaç dəfə dərindən nəfəs alacağam".
"Bir az su içəcəyəm".
"Özümü sakitləşdirmək üçün qısa fasilə verəcəyəm".
Beləliklə, uşaq qəzəbin sadəcə qadağan edilən hiss olmadığını, onu idarə etməyin mümkünlüyünü öyrənir.
Valideynlər emosiyalarla davranış arasındakı fərqi uşağa aydın şəkildə izah etməlidirlər.
Məsələn, uşağa belə demək olar:
"Sənin əsəbiləşdiyini başa düşürəm, amma başqalarını vurmaq olmaz".
"Qəzəblənə bilərsən, lakin əşyaları sındırmağa icazə verilmir".
Psixoloqlar bildirirlər ki, vurmaq, dişləmək və əşyaları qəsdən zədələmək kimi davranışlara qarşı qaydalar ardıcıl şəkildə tətbiq edilməlidir.
Uşaq bilməlidir ki, hisslərini ifadə etmək olar, amma aqressiv hərəkətlər qəbuledilməzdir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










