Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlamasıTürkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:

Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.

Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.

Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyimizi zəruri edir.

İlk növbədə, Azərbaycan-İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.

Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır. Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olmuşlar. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.

Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır.

Azərbaycanın İslam dünyası ilə münasibətləri də hər hansı siyasi konyunkturadan deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərindən qaynaqlanır. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir. 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəmizə göstərilən beynəlxalq etimadın ifadəsidir.

Bu xüsusda xatırlatmaq istərdik ki, İslamın təməl prinsipləri sırasında ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik mühüm yer tutur. İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiq olunmalıdır.

Azərbaycan xalqı tarixən imperializmə, müstəmləkəçiliyə və neokolonial yanaşmalara qarşı çıxmışdır. Bu prinsipial mövqe bu gün də dəyişməz olaraq qalır.

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlama verməsi ciddi təəssüf doğurur. Belə açıqlamalar Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər.

Azərbaycan xalqı öz milli-mənəvi və dini dəyərlərinə tarix boyu böyük hörmətlə yanaşmışdır. Ölkəmizdə dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərir və dini müxtəlifliyi cəmiyyətimizin zənginliyi hesab edir.

Təhsil sahəsində tətbiq olunan qaydalar isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu prinsip Türkiyə Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. Buna görə də Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir.

Türkiyənin özündə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi müzakirələr cəmiyyətdə qütbləşməni dərinləşdirir. Hesab edirik ki, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də ümumilikdə müsəlman dünyasının həmrəyliyinə xidmət edir. Bu qəbildən olan məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması isə xüsusilə yolverilməzdir. AKP iqtidarını bu zərərli siyasətdən çəkinməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyətinə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlər də Azərbaycan ictimaiyyətində haqlı hiddət doğurur.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edir. Lakin bu tarixi ifadənin mahiyyətinin təhrif edilməsinə yol vermək olmaz. Burada söhbət məhz bir millətdən və iki müstəqil dövlətdən gedir. Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını digərinə qəbul etdirməsinə əsas vermir.

Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, öz dövlətçiliyini bərpa etmiş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil daxili və xarici siyasət həyata keçirən suveren dövlətdə yaşayır.

Yeni Azərbaycan Partiyası hesab edir ki, Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.

Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 158   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!

I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu

12.10.2026 404
.

Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA

Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib

11:31 135
.

Məktəblər ideoloji təsir mübarizəsinin meydanına çevrilməməlidir

Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur

11:09 129
.

Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi

"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı

11:12 153
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 137
.

Yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq

Azərbaycan ilə Kamboca arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, investisiya

11:08 134
.

Prezidentlər təkbətək görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:05 117
.

Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı

"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. "Ümid edirəm ki, Bakıda keçiriləcə

15:03 0
.

Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ

12:45 139
.