İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir
"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilən bəyanatda siyasi dialoqun dərinləşdirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, təhsil, nəqliyyat, rəqəmsal transformasiya və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər kimi önə çəkildi. Prezidentin çıxışı göstərdi ki, Azərbaycan xarici siyasətində Asiya istiqamətinə, xüsusilə Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafına sistemli yanaşır".
Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib. O qeyd edib ki, İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri Azərbaycan-Kamboca münasibətlərinin yalnız diplomatik təmaslarla məhdudlaşmaması, konkret iqtisadi və praktiki nəticələrə hesablanması zərurəti idi:
"Prezident vurğuladı ki, iki ölkə arasında siyasi münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövcud olsa da, ticarət dövriyyəsi hələ aşağı səviyyədədir. Bu vəziyyət münasibətlərin inkişafı üçün istifadə olunmamış imkanların qaldığını göstərir. Başqa sözlə, tərəflər artıq formalaşmış siyasi dialoqu iqtisadi tərəfdaşlığa çevirmək və qarşılıqlı əlaqələrə yeni məzmun qazandırmaq niyyətindədirlər.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı həm də Azərbaycanın xarici siyasət coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini qorumaqla yanaşı, Cənub-Şərqi Asiya dövlətləri ilə də siyasi, iqtisadi və institusional əməkdaşlıq imkanlarını artırmağa çalışır. Bu yanaşma ölkənin beynəlxalq əlaqələrini şaxələndirmək, yeni bazarlara çıxış əldə etmək və müxtəlif regionlarla uzunmüddətli tərəfdaşlıq qurmaq məqsədləri ilə uzlaşır.
Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Azərbaycanla Kamboca arasında əməkdaşlığın mövcudluğunu xüsusi qeyd etdi. Beynəlxalq platformalarda qarşılıqlı dəstək və siyasi dialoq ikitərəfli münasibətlərin inkişafı üçün mühüm zəmin yaradır. Bu cür əlaqələr dövlətlərə ortaq məsələlər üzrə mövqelərini uzlaşdırmaq, qarşılıqlı anlaşmanı möhkəmləndirmək və beynəlxalq gündəlikdə əməkdaşlıq imkanlarını genişləndirmək şəraiti yaradır".
Müsahibimizin fikrincə, Hun Manetin səfərinin AQEM-in Bakıda keçiriləcək Zirvə görüşü ilə eyni vaxta təsadüf etməsi də diplomatik baxımdan əhəmiyyət daşıyır:
"Bu, ikitərəfli təmaslarla çoxtərəfli diplomatiyanın paralel inkişafına imkan verir. Azərbaycanın müxtəlif regionlardan olan tərəfdaşlarla birbaşa dialoq qurması onun beynəlxalq əlaqələr sistemində daha geniş əməkdaşlıq şəbəkəsi formalaşdırmaq siyasətinin tərkib hissəsidir. İqtisadi əməkdaşlıq isə bəyanatın əsas istiqamətlərindən biri oldu. İlham Əliyev ticarət və investisiya sahəsində mövcud imkanların araşdırılması üçün birgə işçi qrupunun yaradıldığını bildirdi. Bu addım münasibətlərin ümumi siyasi bəyanatlar səviyyəsində qalmaması, konkret layihələrin, investisiya təşəbbüslərinin və biznes əlaqələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. İşçi qrupunun fəaliyyəti tərəflərə iqtisadi prioritetləri müqayisə etmək, əməkdaşlıq üçün uyğun sahələri müəyyənləşdirmək və biznes dairələri arasında əlaqələri inkişaf etdirmək imkanı verə bilər. Prezidentin ticarət dövriyyəsinin aşağı olması ilə bağlı fikri də mövcud vəziyyətin real qiymətləndirilməsi kimi diqqət çəkir. İki ölkə arasında coğrafi məsafə və qarşılıqlı iqtisadi imkanlar barədə məlumat çatışmazlığı əməkdaşlığın inkişafına təsir edən amillər sırasındadır. Bununla belə, müasir nəqliyyat, kommunikasiya və rəqəmsal texnologiyalar coğrafi uzaqlığın yaratdığı çətinlikləri azaltmağa imkan verir. Əsas məsələ bu imkanları davamlı biznes əlaqələrinə və qarşılıqlı fayda gətirən layihələrə çevirməkdir".
Deputat vurğulayıb ki, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forum xüsusi əhəmiyyət kəsb edir:
"Belə platformalar sahibkarların birbaşa təmas qurmasına, bazarlar haqqında məlumat əldə etməsinə, tərəfdaş axtarmasına və potensial investisiya layihələrini müzakirə etməsinə şərait yaradır. İqtisadi əlaqələrin genişlənməsi üçün dövlətlərarası razılaşmalarla yanaşı, özəl sektorun təşəbbüsləri, biznes mühitinin qarşılıqlı öyrənilməsi və konkret kommersiya maraqlarının formalaşması da vacibdir. Bəyanatda sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarının müzakirə edilməsi də qeyd olundu. Bu istiqamət əməkdaşlığın yalnız hazır məhsulların alqı-satqısı ilə məhdudlaşmaması, istehsal və investisiya əlaqələrini də əhatə etməsi baxımından əhəmiyyətlidir. Birgə müəssisələr üçün konkret sahələrin seçilməsi bazar tələbatı, xammal və texnologiya imkanları, logistika xərcləri və layihələrin iqtisadi səmərəliliyi əsasında aparılmalıdır. Bu şərtlər nəzərə alınarsa, iqtisadi əməkdaşlıq daha dayanıqlı xarakter ala bilər. Prezident İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqət yetirməsi Azərbaycan-Kamboca münasibətlərinin humanitar ölçüsünü də ön plana çıxardı. Dövlət başçısı sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin bərpasının vacibliyini vurğuladı. Qarşılıqlı təhsil imkanlarının yaradılması gənclər arasında əlaqələri genişləndirə, elmi və akademik əməkdaşlığı gücləndirə, gələcəkdə iki ölkə arasında işləyəcək mütəxəssislərin hazırlanmasına töhfə verə bilər".
Cavanşir Paşazadə onu da əlavə edib ki, təhsil sahəsində əməkdaşlıq uzunmüddətli perspektivdə xüsusi əhəmiyyət daşıyır:
"İqtisadi müqavilələr və siyasi razılaşmalar münasibətlərin institusional əsaslarını yaratsa da, xalqlar arasında əlaqələrin möhkəmlənməsi üçün birbaşa insan təmasları mühüm rol oynayır. Tələbə mübadiləsi, universitetlərarası tərəfdaşlıq və birgə elmi təşəbbüslər Azərbaycanla Kambocanın bir-birini daha yaxından tanımasına şərait yarada bilər. Dövlət başçısının bəyanatında rəqəmsal transformasiya və nəqliyyat məsələlərinin də prioritet kimi qeyd olunması müasir əməkdaşlıq gündəliyinin genişliyini göstərir. Rəqəmsal xidmətlər, elektron idarəetmə və texnoloji həllər dövlətlər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar açır. Azərbaycanın elektron dövlət xidmətləri sahəsində formalaşdırdığı təcrübə də bu baxımdan qarşılıqlı maraq doğura bilər".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









