Dostluğun təntənəsi
"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib.
Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir".
Bu sözləri BiG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov söyləyib. O qeyd edib ki, son illərdə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir:
"Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir.
Azərbaycanın MDB daxilində əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrin inkişafıdır. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi, tranzit potensialından istifadə və enerji sahəsində əməkdaşlıq regional tərəfdaşlığın əsas istiqamətləri sırasında yer alır. Son dövrdə Azərbaycan-Ermənistan münasibətlərində baş verən proseslər fonunda iqtisadi əlaqələr və tranzit məsələləri üzrə müəyyən irəliləyişlər müşahidə olunur. Belə ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətləri aradan qaldırıb. Hazırda Azərbaycan ərazisindən Ermənistana həm Azərbaycan mənşəli məhsulların, həm də üçüncü ölkələrə məxsus tranzit yüklərin daşınması həyata keçirilir. Bu addımlar regionda iqtisadi əlaqələrin bərpası, ticarət imkanlarının genişləndirilməsi və kommunikasiya xətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Preident İlham Əliyev toplantıdakı çıxışında qeyd edib ki, humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. O, Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər".
Bildirilib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Dövlətimizin başçısı vurğulayıb: "2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".
Həmçinin ölkə başçısı öz çıxışında Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyikləri üçün minnətdarlıq bildirərək bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndirib. Əmin edib ki, Azərbaycan ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır. "Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır", - deyə dövlətimizin başçısı vurğulayıb. Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə hər bir çıxışı Azərbaycan reallıqlarının, ölkəmizin dünya birliyində rolunun, artan nüfuzunun təqdimatıdır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










