Təhsilin "beyni" ilə bağlı ciddi suallar - Dərsliklər və elmi yanaşma
"Sistemin daxilindəki problemlərin və elmi yanaşmadakı çatışmazlıqların ən çox müzakirə olunan nümunələrindən biri təhsilin elmi-metodiki bazasının formalaşdırılmasında mühüm rol oynayan Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı tənqidlərdir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, media nümayəndələri və pedaqoji ictimaiyyət tərəfindən müxtəlif vaxtlarda tənqid olunan institutun fəaliyyətinin öz əsas elmi-pedaqoji missiyasına nə dərəcədə uyğun olduğu suallar doğurur. Tənqidçilər hesab edirlər ki, fundamental elmi araşdırmaların aparılması, milli dərslik strategiyasının hazırlanması və təhsilin elmi əsaslarının gücləndirilməsi institutun fəaliyyətində daha çox ön planda olmalıdır:
"İnstitutun fəaliyyəti ilə bağlı digər narazılıqlar isə müxtəlif layihələr, tenderlər və idarəetmə məsələləri ətrafında səsləndirilir. Bu istiqamətdə irəli sürülən iddiaların hər biri müvafiq sənədlər və araşdırmalar əsasında qiymətləndirilməlidir. Bununla belə, belə tənqidlərin mövcudluğu institutun şəffaflıq və hesabatlılıq məsələlərinə daha çox diqqət yetirməsini zəruri edir.
Təhsil İnstitutunun fəaliyyətinin ən mühüm istiqamətlərindən biri dərsliklərin hazırlanması və onların elmi-metodiki keyfiyyətinin təmin edilməsidir. Son illərdə dərsliklərdə yol verilən elmi, metodiki, məntiqi, dil və üslub səhvləri ilə bağlı valideynlər, müəllimlər və ziyalılar tərəfindən müxtəlif iradlar səsləndirilib.
Məsələnin əsas problemli tərəfi ondan ibarətdir ki, dövlət vəsaiti hesabına hazırlanan və milyonlarla manat vəsaitin yönəldildiyi dərsliklərin keyfiyyəti cəmiyyətin gözləntilərinə cavab verməlidir. Burada yalnız məzmunun elmi baxımdan düzgün olması deyil, eyni zamanda şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, pedaqoji yanaşmaların düzgün seçilməsi, tapşırıqların məntiqi quruluşu və dil normalarına riayət olunması da əsas şərtlərdir.
Dərsliklərdəki problemlərlə bağlı tənqidlərin hər il təkrarlanması isə daxili ekspertiza mexanizmlərinin effektivliyi məsələsini gündəmə gətirir. Eyni tipli səhvlərin müxtəlif nəşrlərdə yenidən meydana çıxması dərsliklərin hazırlanması və qiymətləndirilməsi prosesinin daha ciddi şəkildə təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.
Təhsil İnstitutunun əsas vəzifəsi təhsil sisteminin elmi və metodiki dayaqlarını gücləndirmək, müasir tədqiqatların nəticələrini tədris prosesinə tətbiq etmək və keyfiyyətli dərsliklərin hazırlanmasına elmi təminat yaratmaqdır. Buna görə də institutun fəaliyyəti ətrafında yaranan sualların şəffaf şəkildə cavablandırılması, layihə və tenderlərin ictimai nəzarətə açıq olması, dərsliklərin isə müstəqil və peşəkar ekspertizadan keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Təhsil sisteminin inkişafı yalnız yeni layihələrin həyata keçirilməsi ilə deyil, həm də elmi yanaşmanın, peşəkarlığın, şəffaflığın və məsuliyyətin gücləndirilməsi ilə mümkündür. Azərbaycan təhsilinin elmi bazasının möhkəmləndirilməsi üçün əsas prioritet isə tender və layihələrdən daha çox, milli təfəkkürə, müasir elmi yanaşmalara və şagirdlərin real ehtiyaclarına cavab verən keyfiyyətli təhsil məzmununun formalaşdırılması olmalıdır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










