İsrailin qərarı niyə dəyişdi? Azərbaycanın rolu diqqət mərkəzində
İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub.
Məlum olduğu kimi, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrin "erməni soyqırımı" kimi tanınması məsələsini gündəmə gətirmişdi.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Təl-Əvivin bu addımı Türkiyəyə qarşı siyasi mesaj kimi qiymətləndirilsə də, rəsmi Bakı tərəfindən müsbət qarşılanmamışdı. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, bu cür addımlar barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud ziddiyyətləri daha da dərinləşdirərək regionda davamlı sülh səylərinə mane olur. Bakı İsrail hökumətini qərara yenidən baxmağa çağırmışdı:
"Müzakirələrə səbəb olan məqamlardan biri də Azərbaycanın İsraildəki səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar idi. Rəsmi təsdiq verilməsə də, bəzi iddialara görə, bu addım məhz yaranmış vəziyyətlə əlaqəli olub.
Azərbaycan 2010-cu ildə baş vermiş "Mavi Mərmərə" hadisəsindən sonra Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində fəal rol oynayıb. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də Bakıda Prezident İlham Əliyevlə keçirdiyi görüş zamanı bildirib ki, Azərbaycan Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlərə malik olan nadir dünya liderlərindən biridir.
Bununla belə, Ankara ilə Təl-Əviv arasında gərginliyin aradan qaldırılması ildən-ilə daha mürəkkəb xarakter alır. Tərəflərin atdığı addımlar birbaşa və ya dolayı şəkildə Azərbaycana da təsir göstərir. Məsələn, Türkiyənin İsrail Prezidenti İsxak Hersoqun təyyarəsinin hava məkanından istifadəsinə icazə verməməsi səbəbindən onun COP29 tədbirində iştirak etməsi mümkün olmamışdı. İsrailin "erməni soyqırımı"nın tanınması təşəbbüsü də Bakı-İrəvan sülh prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirilirdi.
Rəsmi Bakı isə belə hallarda emosional deyil, praqmatik və balanslaşdırılmış diplomatik yanaşmaya üstünlük verir. Türkiyə Azərbaycanın müttəfiqi, İsrail isə strateji tərəfdaşıdır və hər iki ölkə Bakı üçün mühüm əhəmiyyət daşıyır.
İsrail üçün də Azərbaycan yalnız strateji tərəfdaş deyil. Bakı həm türk-islam dünyası ilə əlaqələrin genişləndirilməsi, həm də regionda siyasi legitimliyin gücləndirilməsi baxımından mühüm tərəfdaş hesab olunur. Digər tərəfdən, İranla rəqabət fonunda İsrail Azərbaycan kimi strateji əhəmiyyətə malik ölkə ilə münasibətləri riskə atmaq istəmir.
Azərbaycan İran-İsrail münasibətlərində tərəf tutmasa da, hər zaman dialoq və vasitəçilik imkanlarını açıq saxlayıb. Bu baxımdan Bakı həm Türkiyə-İsrail, həm də İran-İsrail münasibətlərində balanslaşdırıcı rolunu qorumaqda davam edir.
Azərbaycanın xarici siyasətinin əsas prinsipi isə dəyişməz qalır: istər müttəfiq, istər strateji tərəfdaş, istərsə də qonşu ölkə olsun, Bakı milli maraqlarına zidd olan məsələlərdə heç bir tərəfin mövqeyini qeyd-şərtsiz dəstəkləmir və yalnız öz milli maraqlarından çıxış edir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










