"8 yaşlı qızımı binadan atandan sonra məni də öldürmək istəyirdi"

"8 yaşlı qızımı binadan atandan sonra məni də öldürmək istəyirdi"Bakıda valideynlərinin mübahisələrinə, atasının anasını döyməyinə dözməyərək intihar etdiyi deyilən səkkiz yaşlı qızla bağlı məhkəmə prosesi başa çatıb, məhkəmə ata Vahid Nadirovla bağlı qərar verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə ötən il noyabrın 27-də paytaxtın Nizami rayonunda, M.Abbasov küçəsində yerləşən binanın 13-cü mərtəbəsində baş verib.

Fərəh Nadirova atası ilə anası Dilarə Bağıyevanın mübahisəsi zamanı yaşadıqları evin pəncərəsinə çıxaraq özünü oradan atıb.

Məhkəmədə ifadə verən Dilarə Bağıyeva bildirib ki, həyat yoldaşı Vahid Nadirovla evliliyi hər ikisinin ikinci nikahı olub:

"Vahidlə 10 il idi ki, evli idik, əvvəlki nikahlardan ikimizin də övladı var idi. Oğlum anam və atamla birgə yaşayırdı. Mən, Fərəh və Vahid bir evdə yaşayırdıq. Vahidlə bir dəfə 3-4 il əvvəl içki içdiyi üçün boşanmışdım. Sonra gəlib üzr istədi, barışmaq üçün yalvardı, mən də barışdım. And içdi ki, bir də içki içməyəcək. Lakin hadisə baş verməmişdən bir müddət əvvəl o, yenidən içkiyə qurşanmışdı, məni başqa qadınlarla aldadırdı.

Nəsə deyəndə məni uşağın yanında döyürdü. Hadisə baş verməmişdən əvvəl, noyabrın 19-da Vahid evə gələndə gözləri qızarmışdı, onun içkili olduğunu bildim. Vahid evin qapısına baxıb "bu nə qapıdır qoyublar, bu necə qapıdır düzəldiblər?", - dedi. Mən də cavabımda "usta adamsan, bəyənmirsən, təmir edərsən", - dedim. Vahid isə mənə mənzildə heç bir iş görməyəcəyini bildirdi. Bu zaman aramızda mübahisə yarandı, Fərəh də səsə oyanıb gəldi".

D.Bağıyevanın sözlərinə görə, əri Vahid Nadirov bundan sonra ona işgəncə verməyə başlayıb:

"Pultu üstümə ataraq qışqırıb "səsini kəs", - dedi. Sonra məni divara dirəyərək deyirdi ki, "səni öldürəcəyəm, səni boğacağam, sən yaşamayacaqsan". Valideynlərimi, bacımı nalayiq ifadələrlə təhqir etdi. Mən də Vahidə cavab qaytardım. Vahid məni divara dirəyib boğdu, boynumu qaçıranda az qalmışdı ki, boynum qırılsın. Mən onun əlindən çıxmaq istəyəndə yenə məni divara itələdi.

Fərəh də aramızda qalmışdı, yalvarırdı ki, "ata, anamı burax, öldürmə". Sonra məni yatağa atdı, üstümə çıxıb yenə boğmağa başladı. Bu zaman burnumu da, ağzımı da tutmuşdu ki, səsimi çıxara bilməyim. Sonra məni ayaqlarımdan tutub yerə atdı, mən də beli üstdə yerə dəydim. Yenə məni yerdə döyməyə başladı. Fərəh gəlib bizi ayırdı. Mən Vahidə dedim ki, bir də evə gəlməsin. O da mənə "sənin acığına hər gün gələcəyəm", - dedi".

Qadın bildirib ki, həmin hadisədən sonra qızı intihar edən günə kimi əri Vahidlə danışmayıb:

"Noyabrın 27-si evə gəldi, ərzaqlar almışdı, onları mətbəxə qoyub hamama getdi. Bir neçə dəqiqə sonra səs eşitdim, hamama keçəndə şüşənin sındığını, Vahidin üstünün qan olduğunu gördüm. Ona dəsmal, yod, pambıq verdim ki, qanını təmizləsin. Bundan sonra yenə mübahisə yarandı. Vahid çaynikin suyunu dəyişməyini bəhanə edərək, dalımca gəlib məni divara dirədi, qarnımdan yumruqla vurdu.

Sonra saçımdan tutub sürüyə-sürüyə yataq otağından dəhlizə gətirdi. Fərəh də qaçıb yanıma gəldi. Vahid başımı yerə vurmağa başladı, burnumdan qan açıldı. Ona "burnumdan qan da açıldı, bəsdir də, nə istəyirsən?" dedim, Vahid "öldürəcəyəm səni" deyə cavab verdi. Məni stulun altına salıb üstümdə oturdu, ayaqlarımı bağlayıb əllərimi tutdu. Gah burnumu, gah ağzımı tuturdu ki, nəfəs ala bilməyim.

Fərəh ağlaya-ağlaya yalvararaq "ata, nə olar, burax anamı, öldürmə" deyirdi. Vahid Fərəhə, onun göz yaşlarına, çabalamasına əhəmiyyət vermirdi. Vahid qulağımı qanatdı, sonra barmağımı qoparacağını dedi. Fərəh yenə də "ata, eləmə, burax" deyərək yalvarırdı. Sonra Vahid artıq taqətimin qalmadığını, boğulduğumu görüb buraxdı.

Fərəhi götürüb qapını açıb getmək istəyəndə Vahid yenə arxadan onu tutub "hara gedirsən?" deyərək, dala darta-darta içəri saldı. Vahid Fərəhin qolunun altından tutub sürüyə-sürüyə yataq otağına apardı, Fərəhə "buradan çıxsan, meyitini sərərəm sənin" dedi və qapını bağladı. Mən şok vəziyyətində idim, Vahid məni yerə yıxıb yenə döyməyə başladı, sürüyərək mətbəxə apardı, orada da yenə döyüb başımı yerə çırpırdı.

Mən halsızlaşanda Vahid eyvana çıxdı, bir dəqiqə sonra qayıtdı. Məni dartaraq mətbəxdən dəhlizə gətirdi, orada da döydü. Vahid mənim yaxamdan tutub eyvana aparmaq üçün dartanda müqavimət göstərdim. Mətbəxin ortasında burnumu, ağzımı tuturdu ki, boğulub ölüm.

Gördüm ki, Vahid geyinir, hadisəni törədib qaçmaq istəyirdi. Ona "hara gedirsən, bunlara görə cavab verəcəksən!" dedim. Sonra Fərəhin olduğu otaqdan səs gəlmədiyinə görə həmin otağa getdim. Qızım otaqda yox idi, onu çağırsam da, cavab gəlmədi. Elə bildim ki, Fərəh qorxusundan gizlənib, ona görə də otaqda olan şkafa baxdım, amma tapmadım.

Yataq otağının qapısını açanda pəncərənin açıq olduğunu gördüm. Mənim arxamca Vahid də otağa girdi, pəncərəyə yaxınlaşıb baxdı və Fərəhin orada olmadığını dedi. Evdən çıxdıq, Vahid liftə mindi, mən pilləkənlə "Fərəh" deyə-deyə düşdüm. Çölə çıxanda qonşuların, bəzi polislərin orada olduğunu gördüm. Bir neçə dəqiqədən sonra qonşulardan biri Fərəhin meyitinin binanın ikinci mərtəbəsində olan eyvanın yanındakı beton çıxıntının üzərində olduğunu dedi".

Dilarə Bağıyeva qeyd edib ki, uşağının ölüm səbəbkarı birbaşa əri Vahid Nadirovdur:

"Fərəhi pəncərədən Vahid atıb. Vahid məni sürüyə-sürüyə mətbəxə aparanda dedi ki, məni 13-cü mərtəbədən atmağa aparır. Məni atmaq istəyirdi ki, sonra desin uşaqdan sonra anası da özünü atıb".

Məhkəmədə şahid qismində dindirilən Gülay Məhərrəmova hadisə baş verən zaman eyvanda olduğunu deyib:

"Həmin binada yaşayıram. Saat 21.30 radələrində kombidə nasazlıq yarandı. Eyvana çıxıb kombini düzəltmək istəyəndə 10-11-ci mərtəbə arasındakı divardan bir qızın güclə tutduğunu gördüm. Kömək edilməsi üçün qışqırırdı. Tez polisə zəng etdim. Həmin vaxt onların pəncərəsində, yəni 13-cü mərtəbədə heç kim yox idi. Uşaq bir az dayanıb yerə yıxıldı".

Məhkəmədə dindirilən Vahid Nadirov mübahisəni həyat yoldaşının yaratdığını deyib:

"Hadisə baş verən gün, yəni noyabrın 27-də işdən evə gəldim. Hamamda duş kabinəsini açmaq istəyəndə cəftə əlimdə qaldı. Şüşə də qırılıb yerə töküldü. Səs-küyə Dilarə ilə Fərəh də gəldi, Dilarə yod və pambıq gətirdi. Əlimin qanı dayanandan sonra mənlə mübahisə etməyə başladı ki, düz-əməlli usta tapmırsan, mən özüm usta gətirəcəyəm dedi. Mən də ona "Sən evə yad kişi sal, onda görərsən", - dedim, o da mənə "əcəb edirəm, edəcəyəm də", - dedi. Fərəh bizim dalaşdığımızı görüb "ata, nə olar, dalaşmayın", - dedi. Mən də Fərəhə "Anan dalaşır da, mən nəsə deyirəm ki?", - dedim. Bu zaman Dilarə telefonu Fərəhə verib babasına zəng etməyi tapşırdı.

Mən də internet kabelini qırdım, sonra Dilarə qapını açıb Fərəhə getməsini, özünün də onunla bərabər gedəcəyini bildirdi. Mən də hər ikisinin qolundan tutub içəri saldım. Sonra Fərəhin ağladığını gördüm. Onu o biri otağa apardım ki, orada otursun. Özüm də yataq otağına keçdim. Dilarə arxamca gəlib, o biri nikahdan olan qızıma qarğışlar, söyüşlər söyməyə başladı. Mən də onu vurdum, sonra Fərəhin yanına getdi.

Dilarə Fərəh pəncərədən yıxılanda mənə şər atdı ki, uşağı sən atmısan. Mən qızıma bir dəfə də olsun əl qaldırmamışam. Ekspertizada da var ki, uşaq heç bir fiziki şiddət görməyib. Elə bir şey olmayıb, Fərəh pəncərədən yıxılanda mən yataq otağında idim".

Vahid Nadirov sadəcə arvadına işgəncə verdiyi üçün ittiham edilib. Qızı Fərəhin intiharına səbəb olması ilə bağlı başlanan cinayət işinə xitam verilib. Bu ilin avqust ayında istintaq düzgün aparılmadığına görə yenidən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə Vahid Nadirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. İstintaq dövründə azadlıqda qalan V.Nadirov oktyabrın 14-də məhkəmə zalında həbs olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5288   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim olundu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib. "Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm

17.08.2026 190
.

Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu

"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub

17.08.2026 267
.

Son altı ayda 30 min insan ölüb - Azərbaycanda ŞOK STATİSTİKA

Bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb

17.08.2026 192
.

ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar

Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind

17.08.2026 239
.

"Hələ çox illəri deyə-gülə yola salacağıq"

Aparıcı Leyla Quliyeva həmkarı Tural Əsədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında Tural Əsədovla fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib: . "Nə qədər ki, gülməyə zarafatımız, danışmağa söhbətimiz, qırmağa qeybətimiz, kövrəlməyə səmimiyyətimi

17.08.2026 319
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17.08.2026 207
.

Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki

17.08.2026 201
.

Kupçasız torpağın sahibi necə müəyyənləşdirilir? - Vacib izah

"Sənədsiz torpaq dedikdə faktiki istifadə olunan, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan torpaq sahələri nəzərdə tutulur. Bunlara sovet dövründə ayrılmış, bələdiyyə və ya icra hakimiyyətləri tərəfindən verilmiş, bağ massivlərində istifadə olunan, vərəsəlik yolu ilə keçən, lakin rəsmiləşdirilməyən

17.08.2026 316
.

Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında v

17.08.2026 206
.