Vəkil: Konstitusiya Məhkəməsinin addəyişmə haqqında qərarı şəxsi həyatın toxunulmazlığı baxımından əhəmiyyətlidir
Konstitusiya Məhkəməsinin şəxs adlarının bir neçə dəfə dəyişə bilməsi ilə bağlı qərarına səbəb vətəndaşın üzləşdiyi problem olub.
Bu sözləri "Report"a açıqlamasında vəkil Elvin Əliyev Konstitusiya Məhkəməsi Plenumunun iclasında şəxs adlarının bir neçə dəfə dəyişdirilməsi ilə bağlı qərarını şərh edərkən deyib.
Konstitusiya Məhkəməsi məsələni insanın öz şəxsiyyətini sərbəst müəyyən etmək hüququ kontekstində qiymətləndirib
O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun Ali Məhkəmənin müraciəti əsasında adın, ata adının və soyadın təkrar dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərar şəxsiyyət hüquqlarının müdafiəsi, şəxsi həyatın toxunulmazlığı və dövlətin hüquq məhdudlaşdırıcı səlahiyyətlərinin hədləri baxımından mühüm hüquqi əhəmiyyət kəsb edir:
"Qərarın diqqətçəkən tərəfi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məsələni yalnız adın dəyişdirilməsi ilə bağlı inzibati prosedur çərçivəsində deyil, insanın fərdi kimliyi, şəxsi muxtariyyəti və öz şəxsiyyətini sərbəst müəyyən etmək hüququ kontekstində qiymətləndirib. Məsələnin meydana çıxmasına səbəb konkret bir vətəndaşın hüquqlarının həyata keçirilməsi zamanı üzləşdiyi problem olub. Belə ki, 1975-ci il təvəllüdlü vətəndaş 2023-cü ilin fevral ayında öz adını və soyadını dəyişdirərək Həsən Aydın oğlu Quluzadə adını qəbul edib, lakin sonradan əvvəlki adına və soyadına - Anar Aydın oğlu Quliyevə qayıtmaq qərarına gəlib. Bununla əlaqədar müraciəti qeydiyyat orqanı tərəfindən rədd edilib. İmtinaya əsas kimi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3-cü bəndi göstərilib".
Vəkil deyib ki, həmin bəndin əvvəlki redaksiyası adın, ata adının və soyadın təkrar dəyişdirilməsini ümumi qaydada məhdudlaşdırır, yalnız müəyyən istisna hallarında buna imkan verirdi:
"Nəticədə, yetkinlik yaşına çatmış şəxs bir dəfə öz arzusu ilə adını dəyişdirdikdən sonra sonradan əvvəlki adına qayıtmaq və ya başqa ad seçmək istəsə belə, onun müraciətinə fərdi qaydada hüquqi qiymət verilmədən imtina edilə bilirdi. Lakin bu işin arxasında sadəcə adını dəyişmək istəyən şəxsin mövqeyi deyil, daha mürəkkəb şəxsi və sosial vəziyyət dayanırdı. Vətəndaş məhkəmələrə müraciətində bildirib ki, ailəsinin göstərdiyi sosial, mənəvi və psixoloji təzyiqlər nəticəsində adını və soyadını dəyişməyə məcbur olub. Onun izahına görə, əvvəlki qərarı sərbəst və müstəqil iradəsinin nəticəsi olmayıb, sonradan qəbul etdiyi yeni ad isə özünüidentifikasiyası və daxili dünyası ilə uyğunlaşmayıb. Bu səbəbdən əvvəlki adına qayıtmaq istəyi onun üçün sadəcə formal qeydiyyat dəyişikliyi deyil, şəxsiyyətinin və fərdi kimliyinin bərpası məsələsinə çevrilib".
Konstitusiya Məhkəməsinin mövqeyinin əsasını insanın adının onun şəxsiyyətinin ayrılmaz elementi olması təşkil edir
Elvin Əliyevin sözlərinə görə, işə əvvəlcə Bakı İnzibati Məhkəməsində baxılıb, iddia təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi də həmin mövqeyi qüvvədə saxlayıb:
"Bundan sonra iş kassasiya qaydasında Ali Məhkəməyə təqdim edilib. Ali Məhkəmə mübahisənin həlli zamanı tətbiq edilməli olan normanın Konstitusiyaya uyğunluğu ilə bağlı məsələni Konstitusiya Məhkəməsinin müstəqil qiymətləndirməsinə təqdim edib. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin əsasını insanın adının onun şəxsiyyətinin ayrılmaz elementi olması təşkil edir. Ad insanın cəmiyyətdə tanınması üçün istifadə edilən vasitə olmaqla yanaşı, onun fərdi kimliyini, özünüifadəsini və özünüidentifikasiyasını müəyyən edən mühüm xüsusiyyətdir. Bu baxımdan ad hüququ yalnız mülki hüquq münasibətlərinin texniki elementi kimi deyil, Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuş şəxsi və ailə həyatının toxunulmazlığı hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir".
O söyləyib ki, məhkəmənin yanaşmasına görə, insanın öz adı ilə bağlı qərar verməsi onun şəxsi həyatına dair müstəqil seçimidir:
"Dövlət bu sahədə müəyyən hüquqi tənzimləmə həyata keçirə bilsə də, həmin müdaxilə konstitusion hüququn mahiyyətini aradan qaldırmamalı və qeyri-mütənasib xarakter daşımamalıdır. Qərarın mühüm hüquqi tərəflərindən biri də qanunvericilik aktlarının iyerarxiyası ilə bağlıdır. Mülki Məcəlləsinin 26-cı maddəsi şəxsin ad hüququnu və adını dəyişdirmək imkanını tanıyır. Ailə Məcəlləsinin müvafiq müddəaları da yetkinlik yaşına çatmış şəxsin adının dəyişdirilməsinin hüquqi əsaslarını müəyyən edir. Bununla belə, həmin qanunvericilik aktlarında şəxsin adını yalnız bir dəfə dəyişdirə biləcəyinə dair ümumi qadağa nəzərdə tutulmayıb.
Belə olan halda Nazirlər Kabinetinin normativ hüquqi aktı ilə qanunvericilikdə olmayan əlavə məhdudiyyətin müəyyən edilməsi hüquqi baxımdan ciddi suallar yaradır. Çünki icra hakimiyyəti orqanının qəbul etdiyi normativ akt qanunların tətbiqi qaydasını müəyyən edə bilər, lakin qanunla tanınmış hüququn həyata keçirilməsini əsassız şəkildə məhdudlaşdıra bilməz. Bu yanaşma Konstitusiyanın 149-cu maddəsinin V hissəsində təsbit edilmiş normativ hüquqi aktların iyerarxiyası prinsipindən irəli gəlir".
Şəxsin adını təkrar dəyişdirmək istəyinin səbəbləri, onun hüquqi nəticələri və mümkün sui-istifadə riskləri qiymətləndirilməlidir
Vəkil qeyd edib ki, digər mühüm məsələ isə mütənasiblik prinsipidir:
"Şübhəsiz ki, dövlətin şəxsin adının təkrar dəyişdirilməsini müəyyən qaydalarla tənzimləmək üçün legitim maraqları mövcuddur. Şəxsin kimliyinin müəyyən edilməsi, dövlət reyestrlərinin etibarlılığı, hüquqi müəyyənlik, cinayət məsuliyyətindən və digər hüquqi öhdəliklərdən yayınma hallarının qarşısının alınması dövlətin qorumağa borclu olduğu ictimai maraqlardır. Lakin bu məqsədlərə nail olmaq üçün bütün şəxslərə münasibətdə avtomatik və istisnasız xarakter daşıyan məhdudiyyətin tətbiqi zəruri və mütənasib vasitə hesab edilə bilməz. Hər bir müraciət konkret hallar nəzərə alınmaqla araşdırılmalı, şəxsin adını təkrar dəyişdirmək istəyinin səbəbləri, onun hüquqi nəticələri və mümkün sui-istifadə riskləri qiymətləndirilməlidir. Dövlətin ictimai maraqları ilə şəxsin fundamental hüquqları arasında ədalətli tarazlıq təmin olunmalıdır".
Elvin Əliyev vurğulayıb ki, Konstitusiya Məhkəməsinin bu mövqeyi insan hüquqlarının məhdudlaşdırılması formal və mexaniki yanaşma ilə əsaslandırıla bilməz:
"Hüquqi normanın tətbiqi zamanı onun konkret şəxsə təsiri, yaranmış vəziyyətin fərdi xüsusiyyətləri və hüquqa müdaxilənin zəruriliyi nəzərə alınmalıdır. Əks halda, hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş inzibati prosedur həmin hüququn özünü məhdudlaşdıran vasitəyə çevrilə bilər. Qərarın nəticəsi olaraq Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinə müvafiq Qaydaların 6.3-cü bəndinin qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı tövsiyə verib. Bununla da təkrar ad dəyişdirilməsi məsələsinə yalnız əvvəlki dəyişiklik faktı əsasında deyil, konkret hüquqi və faktiki hallar nəzərə alınmaqla yanaşılmasının zəruriliyi ön plana çəkilib".
Dövlətin şəxsin kimliyinin müəyyən edilməsi ilə bağlı səlahiyyətləri həyata keçirilərkən şəxsin konstitusion hüquqları da nəzərə alınmalıdır
O əlavə edib ki, bu qərar vətəndaşlara istənilən vaxt və heç bir əsas göstərmədən məhdudiyyətsiz sayda ad dəyişdirmək hüququnun verilməsi kimi başa düşülməməlidir:
"Dövlətin şəxsin kimliyinin müəyyən edilməsi və hüquqi sabitliyin qorunması ilə bağlı səlahiyyətləri qüvvədə qalır. Lakin həmin səlahiyyətlər həyata keçirilərkən şəxsin konstitusion hüquqları, fərdi vəziyyəti və müraciətinin əsasları nəzərə alınmalıdır. Nəticə etibarilə, Konstitusiya Məhkəməsinin bu qərarının mahiyyəti adın neçə dəfə dəyişdirilə bilməsi məsələsindən daha genişdir. Burada əsas hüquqi sual insanın öz şəxsiyyətini müəyyən etmək azadlığının dövlətin inzibati tənzimləmə səlahiyyəti ilə hansı həddə məhdudlaşdırıla bilməsidir. Qərar bir daha təsdiq edir ki, dövlətin normativ tənzimləmə səlahiyyəti insan hüquqlarının mahiyyətini aradan qaldırmaq vasitəsinə çevrilməməli, hər bir məhdudiyyət konstitusion prinsiplərə, hüquqi müəyyənlik və mütənasiblik tələblərinə uyğun olmalıdır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








