Bu kartof sağlamlığınız üçün təhlükəli ola bilər Onu necə tanımaq olar?
Təzə görünüşünü itirən hər kartofu xarab hissələrini kəsməklə və ya bişirməklə istifadəyə yararlı vəziyyətə gətirmək mümkün deyil.
Lent.az xəbər verir ki, kartof mətbəxdə ən çox istifadə olunan ərzaqlardan biridir. Qiymətinin münasib olması, uzun müddət saxlanılması və müxtəlif yeməklərin hazırlanmasında istifadə edilməsi onu əvəzolunmaz məhsula çevirir. Lakin bəzən kartof yumşalır, cücərir və ya yaşıllaşır.
Bəs belə kartofu xarab hissələrini kəsdikdən sonra yemək olarmı?
Hansı kartofu yemək olmaz?
Bir çox insan ərzağı israf etməmək üçün görünüşü dəyişmiş məhsullardan da istifadə etməyə çalışır. Məsələn, bir qədər yumşalmış kartofdan püre hazırlamaq mümkündür. Lakin bəzi hallarda belə kartof sağlamlıq üçün təhlükə yarada bilər. Kartofun istifadəyə yararsız olduğunu göstərən ilk əlamətlərdən biri həddindən artıq cücərməsidir. Kartofun cücərməsi təbii prosesdir. Lakin üzərində çoxlu cücərtilərin əmələ gəlməsi məhsulun vəziyyətini diqqətlə yoxlamağı tələb edir.
ABŞ-nin Minnesota ştatından olan bağban və landşaft dizayneri Nikki Katman bildirir ki, kartofun cücərmiş hissələri mütləq təmizlənməlidir. Çünki cücərtilərdə zəhərli qlikoalkaloidlərin miqdarı yüksək olur. Bu maddələr orqanizmdə zəhərlənməyə səbəb ola bilər.
Kartofun sağlam, ağ rəngli daxili hissəsində isə həmin maddələrin miqdarı adətən daha az olur. Bununla belə, kartof çox cücəribsə, yaşıllaşıbsa və ya büzüşübsə, onu yeməmək daha təhlükəsizdir. Digər mühüm əlamət kartofun yumşalmasıdır. Öz məhsullarını "Grandma’s Garden" adı altında satan Linda Kolbyornsen bildirir ki, kartofun yumşalması bəzən sadəcə nəmliyini itirməsi ilə əlaqədardır.
Lakin kartofun müəyyən hissələri həddindən artıq yumşalıbsa, sulu və sıyığabənzər hala gəlibsə, bu, bakteriyaların və ya kif göbələklərinin fəaliyyəti ilə bağlı ola bilər. Belə məhsulu yemək olmaz. Kartofun qabığının büzüşməsi də diqqət yetirilməli əlamətlərdəndir. Kartofun təxminən 80 faizini su təşkil edir. Quru mühitdə saxlanıldıqda onun tərkibindəki nəm tədricən azalır və qabıq büzüşür. Əgər kartofun bütün səthi dərin qırışlarla örtülübsə, məhsul ciddi şəkildə keyfiyyətini itirmiş ola bilər. Xüsusilə büzüşmə ilə yanaşı xoşagəlməz qoxu, çürümə və ya qeyri-adi yumşaqlıq varsa, kartof atılmalıdır.
Kartofun xarab olduğunu göstərən digər əlamətlər
Kartofun üzərində nəm ləkələrin yaranması və maye axması da təhlükəli əlamətlərdəndir. Məsələn, kartof saxlanılan torbanın altında maye toplanıbsa, bu, məhsulun çürüməyə başladığını göstərə bilər. Buna həm təbii çürümə prosesi, həm də göbələk infeksiyaları səbəb ola bilər. Belə kartofdan yemək hazırlamaq olmaz. Kartofdan kəskin və xoşagəlməz qoxunun gəlməsi də onun istifadəyə yararsız olduğunu göstərir.
Təzə kartofun qoxusu adətən zəif və təbii olur. Çürümə başladıqda isə turş, çürük balıq və ya ammonyakı xatırladan qoxular yarana bilər. Kartofun üzərində kifin əmələ gəlməsi də ciddi xəbərdarlıqdır. Bəzi insanlar kifli hissəni kəsərək məhsulun qalan hissəsini istifadə etməyin mümkün olduğunu düşünürlər. Lakin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, məhsulun üzərində güclü kif əmələ gəlibsə, göbələyin sapabənzər strukturları onun daha dərin qatlarına yayıla bilər. Buna görə də kiflənmiş və çürümüş kartofdan istifadə etmək məsləhət görülmür.
Kartofun qabığındakı bəzi rəng dəyişiklikləri də onun xəstəliklərə yoluxduğunu göstərə bilər. Məsələn, boz və ya qəhvəyi ləkələr müəyyən hallarda göbələk infeksiyaları ilə əlaqəli olur. Bəzən kartofun xarici görünüşü tamamilə normal olur. Lakin onu kəsdikdə daxilində çürümüş sahələr aşkar edilir.
Yaş çürümə zamanı kartofun içərisində boz haşiyəli boşluqlar və qara nöqtələr yarana bilər. Fitoftoroz xəstəliyi isə qabıqdan daxilə doğru yayılan quru, qırmızımtıl-qəhvəyi çürüməyə səbəb ola bilər. Belə kartof da qida üçün yararsız hesab olunur.
Yaşıllaşmış kartofu yemək olarmı?
Yaşıllaşmış kartofun zəhərli olması barədə çoxsaylı fikirlər mövcuddur. Əslində, bu iddiaların müəyyən elmi əsası var. Kartofun yaşıl rəng alması işığın təsiri nəticəsində xlorofilin miqdarının artması ilə əlaqədardır. Bu proses eyni zamanda solanin və çakonin adlı zəhərli qlikoalkaloidlərin artması ilə müşayiət oluna bilər. Həmin maddələr orqanizmə yüksək miqdarda daxil olduqda ürəkbulanma, qarın ağrısı, spazmlar və ishala səbəb ola bilər.
Ən vacib məqam isə odur ki, adi bişirmə üsulları bu zəhərli maddələri etibarlı şəkildə məhv etmir. Kartofun yalnız kiçik bir hissəsi yaşıllaşıbsa, həmin sahənin və qabığın qalın şəkildə soyulması zəhərli maddələrin miqdarını azalda bilər. Lakin kartof geniş şəkildə yaşıllaşıbsa, güclü cücəribsə və ya acı dadırsa, onu tamamilə atmaq daha təhlükəsizdir.
Qızardılmış kartofun xırtıldayan olması üçün nə etmək lazımdır?
Mütəxəssislər bildirirlər ki, qızardılmış kartofun üstünün xırtıldayan, içinin isə yumşaq olması üçün düzgün yağ və bişirmə üsulu seçilməlidir. Aşpazların tövsiyəsinə görə, adi bitki yağı əvəzinə ördək yağından istifadə etmək də mümkündür. Ördək yağının tərkibindəki yağ turşuları və bişirmə xüsusiyyətləri kartofun səthinin bərabər qızarmasına, qızılı rəng almasına və daha zəngin dada malik olmasına kömək edir.
Yaxşı nəticə əldə etmək üçün kartof eyni ölçülü dilimlərə doğranmalıdır. Qalın dibli tavada orta temperaturda, az miqdarda qızardılması məsləhətdir. Tavaya həddindən artıq çox kartof əlavə etmək olmaz. Çünki bu zaman nəm toplanır və kartof xırtıldamaq əvəzinə yumşalır.
Kartofun dadını daha da yaxşılaşdırmaq üçün rozmarin, sarımsaq, kəklikotu və cəfəridən istifadə etmək mümkündür. Bu üsul təkcə tavada deyil, sobada və hava fritözündə də tətbiq edilə bilər. Bunun üçün kartof dilimlərinin üzərinə az miqdarda yağ əlavə etmək kifayətdir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










