Paşinyandan mühüm addım: Ermənistan Konstitusiyasından Qarabağ istinadı çıxarılır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Sənəd bir sıra mühüm yenilikləri özündə ehtiva edir. Diqqət çəkən əsas məqamlardan biri 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yeni layihəyə daxil edilməməsidir.
Bu məqam xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin Bəyannaməyə istinad Ermənistanın qüvvədə olan Konstitusiyasının preambulasında yer alır. Bəyannamədə isə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi ideyasına istinad edilir. Bu müddəa Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesində müzakirə olunan əsas hüquqi-siyasi məsələlərdən biridir.
Yeni layihədə həmin istinada yer verilməməsi əvəzinə, dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində müstəqil, dinc, təhlükəsiz və firavan ölkə qurmaq məqsədi ön plana çəkilir. Başqa sözlə, layihədə Ermənistanın gələcəyinin tarixi iddialardan deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər və vətəndaşların rifahı prinsiplərindən çıxış etməklə qurulması yanaşması əks olunur.
Dəyişikliklər bununla məhdudlaşmır. Yeni layihədə xalq dövlət hakimiyyətinin əsas mənbəyi və Ermənistan Respublikasının qurucusu kimi müəyyən edilir. Paşinyan əvvəlki konstitusiyaların qəbulunda referendum nəticələrinin saxtalaşdırıldığına dair cəmiyyətdə geniş qənaətin olduğunu bildirərək, yeni sənədin xalqın azad iradəsi əsasında qəbul edilməsinin vacibliyini vurğulayır. Bu yanaşma dövlət institutlarının legitimliyinin gücləndirilməsinə yönəlmiş siyasi xətt kimi təqdim olunur.
Xarici siyasətlə bağlı müddəalar da diqqət çəkir. Layihənin 8-ci maddəsində Ermənistanın xarici siyasətinin əsas məqsədi sülhün təmin edilməsi kimi müəyyənləşdirilir. Bu yanaşma ölkənin regional siyasətində yeni prioritetlərin formalaşdırılması baxımından əhəmiyyətlidir. Paşinyan Ermənistanın regional qarşıdurmaların iştirakçısı və geosiyasi güclərin forpostu deyil, müstəqil qərarlar qəbul edən, qonşuları ilə əməkdaşlıq quran dövlət kimi çıxış etməsini hədəfləyir. Ordunun ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin və sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulması da bu yanaşmanın tərkib hissəsidir.
Ermənistanda idarəetmə sistemində hansı dəyişikliklər nəzərdə tutulur?
Yeni layihədə daxili idarəetmə ilə bağlı da bir sıra yeniliklər təklif olunur. Parlamentin hökumət üzərində nəzarət imkanlarının genişləndirilməsi, nazirlərin və digər yüksək vəzifəli şəxslərin parlament komitələrində dinləmələrə cəlb edilməsi, müxalifətin müəyyən dövlət qurumlarının formalaşdırılmasında iştirak imkanlarının artırılması nəzərdə tutulur.
Məhkəmə sistemində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, prokurorluğun müstəqilliyinin gücləndirilməsi və siyasi institutların fəaliyyətinə dair yeni mexanizmlərin tətbiqi də layihədə əksini tapıb.
Bundan başqa, vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış imkanlarının genişləndirilməsi, bunun üçün 40 min imza tələbinin müəyyənləşdirilməsi təklif olunur. Seçkilərdə namizəd kimi iştirak etmək istəyən şəxslər üçün isə son iki ilin azı bir ilini Ermənistanda daimi yaşamaq şərti irəli sürülür. Bu müddəa xaricdə yaşayan erməni diasporunun seçki prosesində iştirak imkanlarına da təsir göstərə bilər.
Yeni Konstitusiya Azərbaycanla münasibətlərə necə təsir edə bilər?
Yeni layihənin regional əhəmiyyəti məhz bu məqamda üzə çıxır. Azərbaycan uzun müddətdir Ermənistanın ali hüquqi sənədindəki müddəaların ərazi iddiaları ilə əlaqələndirildiyini və bunun yekun sülh sazişinin imzalanması qarşısında hüquqi-siyasi problem yaratdığını bildirir.
Bakının əsas narahatlıqlarından biri gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə əvvəlki müddəaların yenidən ərazi iddialarının əsaslandırılması üçün istifadə oluna bilməsi ehtimalıdır. Bu baxımdan məsələ yalnız hazırkı hökumətin siyasi niyyətləri ilə deyil, Ermənistan dövlətinin uzunmüddətli hüquqi öhdəlikləri ilə bağlıdır.
Yeni Konstitusiya layihəsinin qəbul edilməsi bu ziddiyyətin aradan qaldırılması istiqamətində addım kimi qiymətləndirilə bilər. Əgər layihə hazırkı əsas müddəaları qorumaqla qəbul olunarsa, Ermənistanın konstitusion səviyyədə əvvəlki ərazi iddiaları ilə əlaqələndirilən istinaddan uzaqlaşması üçün zəmin yaranacaq. Bu isə sülh sazişinin imzalanması və gələcəkdə siyasi hakimiyyət dəyişikliyi nəticəsində onun icrasının sual altına düşməsi riskinin azaldılması baxımından əhəmiyyət daşıya bilər.
Paşinyanın bu dəyişikliklərə getməsi Ermənistanın öz maraqları ilə də əlaqələndirilə bilər. İrəvan üçün Azərbaycanla münasibətlərin normallaşması və Türkiyə ilə sərhədlərin açılması iqtisadi və geosiyasi imkanların genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistanın regional layihələrdən kənarda qalması, təhlükəsizlik sahəsində xarici güclərdən asılılığı və iqtisadi inkişaf perspektivlərinin məhdudlaşması mövcud vəziyyətin dəyişdirilməsi zərurətini artırır. Paşinyan yeni Konstitusiya vasitəsilə həm bu vəziyyətdən çıxış yolları axtarır, həm də ölkənin siyasi gündəmində uzun müddətdir üstünlük təşkil edən münaqişə mövzusunun təsirini azaltmağa çalışır.
Sülh sazişi imzalanacaqmı?
Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini bəyan edib. O, layihənin referendumda qəbul edilməyəcəyi təqdirdə baş nazir vəzifəsindən istefa verəcəyini, qəbul olunacağı halda isə növbəti parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib. Bu açıqlamalar onun Konstitusiya layihəsinin qəbulunu siyasi məsuliyyət məsələsi kimi təqdim etdiyini göstərir.
Bununla belə, sənədin hələ layihə mərhələsində olduğunu, ictimai müzakirələrdən və müvafiq parlament prosedurlarından keçməli olduğunu nəzərə almaq lazımdır. Referendumun keçirilməsi üçün parlamentdə hakim fraksiyanın kifayət qədər səs toplaması da tələb olunur. Müxalifətin layihəyə münasibətinin sərt olması isə prosesin siyasi baxımdan mürəkkəb keçə biləcəyini göstərir.
Azərbaycan üçün əsas məsələ yalnız Paşinyanın bəyanatları deyil, Ermənistanın sülhə hazırlığının hüquqi sənədlərdə və real siyasi davranışda təsdiqini tapmasıdır. Regionda davamlı sülhün təmin edilməsi üçün İrəvanın qarşılıqlı ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərini həm konstitusion, həm də praktiki səviyyədə əsas götürməsi mühüm əhəmiyyət daşıyır.
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










