COP31 danışıqlarının uzanacağı gözlənilir
COP31 bu gün son gününə daxil olsa da, danışıqların həftəsonuna qədər davam edəcəyi gözlənilir. Bunu BiG.AZ Türkiyə mediasına istinadən bildirib.
COP31-in Prezidenti Murat Kurumun "Həll yolu tapılmadan danışıqlar masasından qalxmayacağıq" açıqlaması razılıq əldə olunana qədər müzakirələrin davam etdiriləcəyinə işarə edir. Əvvəlki iqlim sammitlərində də yekun iclasların gecikdiyi müşahidə olunub. Belə ki, Madriddə keçirilən COP25 təxminən 44 saat gecikmə ilə başa çatıb.
Noyabrın 9-da Antalyada başlayan və noyabrın 20-də başa çatması planlaşdırılan COP31 artıq 12-ci gününə qədəm qoyub. Günün əsas gündəmini yekun danışıqlar təşkil edir. İqlim maliyyələşdirilməsi, iqlimə uyğunlaşma, emissiyaların azaldılması və ədalətli keçid məsələlərində ölkələr arasında fikir ayrılıqları davam edir.
Yüksək vəzifəli rəsmilərdən əldə edilən məlumata görə, konfransın nəzərdə tutulan tarixdə başa çatması gözlənilmir. Bununla belə, danışıqların uzadılması ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb.
"Həll yolu tapılmadan masadan qalxmayacağıq"
COP31-in Prezidenti Murat Kurum dünən keçirdiyi mətbuat konfransında tərəflərin narahatlıqlarını dinlədiklərini və mümkün həll variantlarını müzakirə etdiklərini bildirib: "Biz tərəflərin narahatlıqlarını dinləyir, siyasi iradə tələb olunan məsələlərdə mümkün həll variantlarını bir-bir müzakirəyə çıxarırıq. Problemin deyil, həllin axtarışında olacağıq. Tərəfləri ortaq nəticə ətrafında birləşdirəcəyik. Həll yolu tapılmadan danışıqlar masasından qalxmayacağıq".
Kurumun bu açıqlaması COP31-in planlaşdırılan bağlanış tarixindən sonraya qədər davam edə biləcəyinin göstəricisi kimi qiymətləndirilib.
Avstraliyadan eyni mesaj
COP31-in Danışıqlar üzrə Prezidenti və Avstraliyanın İqlim Dəyişikliyi və Energetika naziri Kris Bouen də hazırlanan yekun qərar layihəsinin bütün ölkələr tərəfindən dərhal qəbul ediləcəyini gözləmədiklərini bildirib.
Bouen Antalya şəhərindəki danışıqlar salonlarını razılıq əldə olunmadan tərk etməyəcəklərini, bütün ölkələrin razılaşa biləcəyi plan hazırlanıb ortaya qoyulana qədər işlərini davam etdirəcəklərini vurğulayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə icraçı katibi Saymon Stil isə bütün məsələlər üzrə güclü və balanslaşdırılan nəticələrə nail olmağın çətin proses olduğunu bildirib. O, beynəlxalq iqlim əməkdaşlığı baxımından qarşıdakı günlərin kritik əhəmiyyət daşıdığını qeyd edib.
Yaşıl Zona bağlanacaq
Konfransın uzadılsa da, Antalya Expo ərazisindəki bütün tədbirlərin davam etdirilməsi gözlənilmir.
Əldə edilən məlumata görə Yaşıl Zona planlaşdırıldığı tarixdə bağlanılacaq. Mavi Zonada ölkələrin qurduğu pavilyonlar, eləcə də təqdimatlar, sərgilər və əlavə tədbirlər də sona çatacaq.
Danışıqların davam etməsi fonunda yalnız müzakirələrin aparıldığı iclas salonları və onların fəaliyyətini təmin etmək üçün zəruri bölmələr işləməyə davam edəcək.
Müvəqqəti tikililər söküləcək
COP31 üçün Antalya Expo ərazisində qurulan müvəqqəti tikililərin sökülməsi işlərinə də başlanılması planlaşdırılır.
Noyabrın 21-dən etibarən ərazidə qurulmuş pavilyonların, stendlərin və müvəqqəti tədbir məkanlarının sökülməsinə başlanacağı, danışıqların aparıldığı salonların isə fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Beləliklə, bir tərəfdən sammit üçün qurulmuş müvəqqəti tikililər söküləcək, digər tərəfdən isə ölkələr iqlim danışıqlarını davam etdirəcək.
119 min 425 qeydiyyatdan keçən iştirakçı
Antalyada keçirilən COP31 iştirakçıların sayı ilə də diqqət çəkib.
BMT rəsmisinin noyabrın 19-da açıqladığı məlumatlara görə, konfransda qeydiyyatdan keçənlərin sayı 119 min 425 nəfərə çatıb. Onlardan 69 min 315 nəfərin akkreditasiya vəsiqələrini aldığı bildirilib.
COP31 çərçivəsində keçirilən Liderlər Sammitində də çoxsaylı ölkə başçıları iştirak edib. Yekun iştirakçı sayının konfrans başa çatdıqdan sonra açıqlanması gözlənilir.
Lakin danışıqların uzanması halında Antalya da planlaşdırılan bağlanış tarixini aşan iqlim sammitləri sırasına qoşulacaq.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










