Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasına səbəb olub.
Ümumiyyətlə, ABŞ-ın yaxın günlərdə İrana qarşı hərbi təzyiqi artırması, hətta daha genişmiqyaslı zərbələr endirməsi ehtimalı ciddi müzakirə mövzusudur. Lakin bunun mütləq nüvə hücumu ilə nəticələnəcəyini söyləmək üçün əsas yoxdur. Çünki nüvə silahından istifadə hərbi əməliyyatların növbəti mərhələsi deyil, beynəlxalq təhlükəsizlik sisteminin indiyədək formalaşmış prinsiplərini dəyişə biləcək strateji qərardır.
Bu müzakirələrin əsas səbəblərindən biri ABŞ-ın Fox News telekanalının keçmiş aparıcısı Taker Karlsonun noyabrın 1-də səsləndirdiyi iddialardır. O, Tramp administrasiyasının yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini söyləyib. Karlsonun iddiasına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinə İranın nüvə proqramı ilə əlaqəli obyektləri vurmaq üçün təzyiq göstərir. O, həmçinin ABŞ administrasiyasında bu məsələyə fərqli yanaşmaların mövcud olduğunu iddia edib.
Lakin Karlsonun açıqlamaları rəsmi qərar və ya təsdiqlənmiş hərbi plan deyil. Bunu xüsusi olaraq vurğulamaq lazımdır. ABŞ ilə İran arasında hərbi qarşıdurma riskinin mövcud olması təhlükənin tamamilə əsassız olduğu anlamına gəlmir. Vaşinqtonun İranın nüvə obyektlərinə zərbə endirməsi ehtimalı ilə nüvə silahından istifadə etməsi isə tamamilə fərqli məsələlərdir.
ABŞ yeraltı və möhkəmləndirilmiş obyektləri hədəfə almaq üçün nüvə başlığı daşımayan, lakin yüksək dağıdıcı gücə malik adi bombalara və digər hərbi vasitələrə sahibdir. Yəni Vaşinqton İranın nüvə infrastrukturunu sıradan çıxarmağa çalışsa belə, bunu nüvə silahından istifadə etmədən də həyata keçirə bilər.
Üstəlik, Tramp oktyabrın 16-da Reuters agentliyinə müsahibəsində İrana qarşı nüvə silahından istifadə etməyi nəzərdən keçirmədiyini və belə bir silaha ehtiyac olmadığını bildirmişdi. Bu açıqlama da nüvə zərbəsi ilə bağlı iddialara ehtiyatla yanaşmağın vacibliyini göstərir.
Heç kimə sirr deyil ki, Tramp ənənəvi diplomatik yanaşmalardan fərqli davranmağı, sərt bəyanatlarla rəqiblərinə təzyiq göstərməyi və hərbi güc nümayiş etdirməyi üstün tutur. Onun siyasi üslubunda gözlənilməzlik xüsusi yer tutur. Bu baxımdan, Trampın İrana qarşı ciddi hərbi qərarlar qəbul etməsi ehtimalını tamamilə istisna etmək olmaz. Ancaq nüvə silahından istifadə məsələsi tamamilə başqa müstəvidədir. ABŞ prezidentinin belə bir qərar vermək səlahiyyəti olsa da, bunun nəticələri təkcə Ağ Evdə qəbul edilmiş qərarla məhdudlaşmayacaq. Nüvə hücumu ABŞ-ın beynəlxalq mövqeyinə, müttəfiqləri ilə münasibətlərinə, iqtisadiyyatına və bütövlükdə qlobal təhlükəsizlik sisteminə ciddi təsir göstərə bilər.
Vaşinqtonun İrana münasibətdə əsas məqsədləri Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq, raket imkanlarını məhdudlaşdırmaq və İranın regiondakı təsirini zəiflətməkdir. Bu məqsədlərə nail olmaq üçün nüvə silahından istifadə etmək isə ABŞ-ın uzun illər müdafiə etdiyi nüvə silahının yayılmaması prinsipi ilə ciddi ziddiyyət yaradar. Başqa sözlə, İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışan ABŞ-ın özünün nüvə silahından istifadə etməsi beynəlxalq ictimaiyyət qarşısında ciddi siyasi və mənəvi problem yaradardı.
Ən təhlükəli məqamlardan biri isə belə bir addımın digər dövlətlərə verə biləcəyi mesajdır. Nüvə silahına malik olmayan ölkələr böyük dövlətlərin hərbi təzyiqi qarşısında özlərini daha müdafiəsiz hiss edə bilərlər. Nəticədə bəzi dövlətlər təhlükəsizliklərini təmin etmək məqsədilə nüvə silahı əldə etməyə daha çox maraq göstərə bilərlər. Yaxın Şərqdə, xüsusilə Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə kimi ölkələrin gələcəkdə nüvə imkanları ilə bağlı mövqelərinin dəyişməsi ehtimalı da bu kontekstdə müzakirə oluna bilər. Belə bir proses nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq səyləri daha da çətinləşdirər.
Aydın məsələdir ki, ABŞ İrana nüvə zərbəsi endirərsə, Tehran buna səssiz qalmayacaq. Burada Xirosima və Naqasakiyə atılan atom bombalarının tarixi təcrübəsi ilə müasir İranın mümkün reaksiyasını eyniləşdirmək düzgün olmaz. İran nüvə silahına sahib olmasa da, bu silahın yaratdığı dağıdıcı nəticələri və belə bir hücumun mümkün siyasi-hərbi nəticələrini yaxşı anlayır.
İranın ABŞ-la birbaşa hərbi güc müqayisəsində imkanları məhdud görünsə də, regionda təsir imkanları kifayət qədər genişdir. Tehran İsrailə qarşı raket və pilotsuz uçuş aparatlarından istifadə edə, Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirə və regiondakı müttəfiq silahlı qruplar vasitəsilə qarşıdurmanın coğrafiyasını genişləndirə bilər.
Bundan başqa, Hörmüz boğazı məsələsi də xüsusi əhəmiyyət daşıyır. Dünya neft ticarətinin mühüm hissəsinin həyata keçirildiyi bu strateji marşrutda gəmiçiliyin məhdudlaşdırılması qlobal enerji bazarına ciddi zərbə vura bilər. Neft qiymətlərinin kəskin artması, daşınma xərclərinin yüksəlməsi və enerji təchizatında yarana biləcək problemlər təkcə Yaxın Şərq ölkələrinə deyil, Avropa və Asiya iqtisadiyyatlarına da təsir göstərə bilər.
Nüvə zərbəsi ehtimalının ən təhlükəli tərəflərindən biri də böyük dövlətlərin prosesə cəlb olunması riskidir. Rusiya və Çin İranın ABŞ tərəfindən hərbi və siyasi baxımdan tamamilə sıradan çıxarılmasında maraqlı olmaya bilərlər. Hər iki ölkənin regionda mühüm siyasi, iqtisadi və geosiyasi maraqları mövcuddur.
Xüsusilə Rusiya üçün İran Yaxın Şərqdə mühüm tərəfdaşlardan biridir. Tehranın zəifləməsi Moskvanın regiondakı təsir imkanlarına da mənfi təsir göstərə bilər. Çin isə enerji təhlükəsizliyi, ticarət marşrutları və Yaxın Şərqdəki iqtisadi maraqları baxımından münaqişənin genişlənməsini istəmir.
Moskva və Pekinin normal şəraitdə ABŞ-a qarşı birbaşa hərbi qarşıdurmaya getməsi ehtimalı aşağı qiymətləndirilə bilər. Lakin İrana qarşı nüvə silahından istifadə olunması bu ölkələrin mövqeyinə ciddi təsir göstərə bilər. Rusiya və Çin belə bir addımı beynəlxalq təhlükəsizlik sisteminə qarşı ciddi təhdid kimi qiymətləndirərək diplomatik, iqtisadi və hərbi-siyasi müstəvidə daha fəal mövqe tuta bilərlər.
Bununla belə, onların mütləq şəkildə müharibəyə birbaşa qoşulacağını söyləmək doğru olmaz. Üçüncü Dünya müharibəsi riski qarşıdurmanın İran və ABŞ arasında məhdud qalmayaraq digər böyük güclərin də birbaşa hərbi müdaxiləsi ilə genişlənəcəyi halda gündəmə gələ bilər. Belə bir ssenaridə artıq regional müharibədən deyil, qlobal təhlükəsizlik böhranından danışmalı olacağıq.
Azərbaycan İranla birbaşa sərhədə malik ölkə kimi bölgədə baş verən hərbi-siyasi proseslərdən kənarda qala bilməz. Bakı regionda sabitliyin qorunmasının və dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayır. Eyni zamanda, Azərbaycanın İranla qonşuluğu, enerji və nəqliyyat layihələri, Xəzər hövzəsindəki geosiyasi maraqları mümkün müharibənin nəticələrini ölkəmiz üçün də əhəmiyyətli edir.
İlk növbədə, İranda sabitliyin pozulması və mümkün humanitar böhran ciddi miqrasiya təzyiqi yarada bilər. Bu ölkədə yaşayan azərbaycanlıların və digər etnik qrupların təhlükəsizlik səbəbindən sərhədlərə üz tutması, Azərbaycana mümkün miqrasiya axınının yaranması ehtimalı nəzərə alınmalıdır. Belə bir vəziyyət humanitar, sosial və təhlükəsizlik baxımından əlavə çağırışlar yarada bilər.
Digər tərəfdən, ABŞ və İsrailin hərbi əməliyyatlarının genişlənməsi Tehranın region ölkələrinə münasibətinə də təsir göstərə bilər. Münaqişənin coğrafiyasının genişlənməsi sərhəd təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional əməkdaşlıq baxımından əlavə risklər yarada bilər. Buna görə də Azərbaycanın əsas marağı regionda hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınmasıdır.
İqtisadi baxımdan da mümkün nəticələr ikitərəfli xarakter daşıyır. Neft qiymətlərinin artması Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlərə müsbət təsir göstərə bilər. Lakin qlobal ticarət, logistika və maliyyə bazarlarında yaranacaq qeyri-sabitlik, eləcə də regionda nəqliyyat marşrutlarının təhlükəsizliyinin zəifləməsi ölkə iqtisadiyyatı üçün ciddi risklər formalaşdıra bilər.
Hesab edirəm ki, hazırkı mərhələdə ABŞ-ın İrana nüvə zərbəsi endirməsindən daha çox, adi silahlardan istifadə etməklə genişmiqyaslı hərbi əməliyyatlara başlaması ssenarisi müzakirə oluna bilər. Trampın nüvə silahından istifadə qərarı verməsi nəzəri baxımdan mümkün olsa da, belə bir addımın ABŞ üçün yaradacağı siyasi, hərbi və geosiyasi nəticələr bu ehtimalı xeyli mürəkkəbləşdirir.
Trampın əsas məqsədinin İranı müharibə yolu ilə tamamilə məhv etməkdən daha çox, onu danışıqlar masasında Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur etmək olduğu ehtimalı daha məntiqli görünür. Bunun üçün hərbi təzyiq, sanksiyalar və güc nümayişi ABŞ administrasiyasının istifadə edə biləcəyi daha çevik vasitələrdir. Nüvə zərbəsi isə əksinə, münaqişənin daha geniş coğrafiyaya yayılmasına, regional və qlobal təhlükəsizlik sisteminin sarsılmasına, eləcə də prosesin nəzarətdən çıxmasına səbəb ola bilər.
Bu səbəbdən ABŞ-ın İrana qarşı mümkün hərbi addımlarını qiymətləndirərkən nüvə hücumu ilə adi silahlarla həyata keçiriləcək hərbi əməliyyatlar arasında fərq qoymaq vacibdir. Ən böyük təhlükə isə hərbi qarşıdurmanın nəzarətdən çıxaraq bütün Yaxın Şərqi əhatə edən daha geniş böhrana çevrilməsidir.
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










