Mal-qaranı 36 manata sığortalamaq olar - fermerlərə MÜJDƏ
Qarşıdan gələn qış mövsümü təkcə əkin sahələri üçün deyil, heyvandarlıq təsərrüfatları üçün də yüksək risk dövrüdür. Soyuq havalarda təsərrüfatı qızdırmaq üçün istifadə olunan qızdırıcılar bəzi hallarda yanğına və heyvanların tələf olmasına səbəb olur. Digər tərəfdən, qışda yem tapmaq çətinləşdiyindən təsərrüfatlara vəhşi heyvanların hücumları qat-qat artır və bu da fermerlərə böyük zərər vurur.
Hər il, xüsusilə qış mövsümündə təsərrüfatlarda onlarla yanğın və vəhşi heyvan hücumları qeydə alınır. Fermerlər belə hallardan mal-qaranı sığortalamaqla qoruna bilərlər. Mal-qara saxlayan fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları Aqrar Sığorta Fondunda sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışlarla yanaşı, qoyun və keçilərin də sığortalanması mümkündür. Bu zaman sığorta haqqının yarısını fermerin yerinə dövlət ödəyir. Azərbaycanda ən çox iribuynuzlu heyvan olan rayonlardan biri Bərdədir. Bu rayonda ümumilikdə 110 min başlan artıq iribuynuzlu heyvan saxlanılır. Yuxarıda göstərilən şərtləri nəzərə alanda, məsələn, Bərdə rayonunda qiyməti 1500 manat olan 1 baş iribuynuzlu heyvanın 1 il müddətinə sığortalanması fermer üçün 36 manata başa gəlir. Sığortanın ümumi haqqı 72 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir. Aqrar sığorta çərçivəsində iribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, artıq bir neçə ildir ki, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan kəndlilər və sahibkarlar aqrar sığorta məhsullarından geniş istifadə etməyə başlayıblar:
"İribuynuzlu heyvanların aqrar sığortası fermerlər üçün kifayət qədər əlverişli və əlçatan mexanizmdir. Heyvanları xəstəliklərdən, zəhərlənmədən, təbii fəlakətdən, yanğından, vəhşi heyvanların hücumundan və digər risklərdən qoruyur. Hətta burada heyvanların donvurması və ya yemədən zəhərlənməsi kimi risklər də daxildir. Bu kimi hallardan sığortalayır.
Ən mühüm üstünlüyü isə burada dövlət dəstəyinin olmasıdır. Fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dövlət tərəfindən subsiddiyalar verilir. Əlavə olaraq da sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir".
Müsahibimiz qeyd edib ki, artıq fermerlər bu mexanizmdən bir neçə ildir ki, istifadə edirlər:
"Statistikaya baxsaq, 2024-cü ildə 3 276 heyvan sığortalanmışdı. 2025-ci ildə isə bu rəqəm 6 935-ə yüksəlib. Bu da il ərzində sığortalanmanın sayında 2,1 dəfə artım deməkdir. Bu da göstərir ki, fermerlər artıq gün keçdikcə aqrar sığortaya həm inamları artır, həm dövlət subsidiyasından istifadə edirlər və bu da birbaşa sığortalanma prosesinin artımına gətirib çıxarır. Ümumiyyətlə, bu məhsul həm əlçatan, həm əlverişlidir. Aqrar Sığorta Fonduna müraciət etməklə kənd təsərrüfatı ilə məşğul olan həm sahibkarlar, həm kəndlilər öz əkin sahələrini və heyvanlarını gələcək risklərdən sığortalaya bilərlər".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









