Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…
Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyyə yükünün azaldılmasına və uşaqlı ailələrin sosial təminatının gücləndirilməsinə hesablanır.
Bəs Azərbaycanda uşaqlı ailələr üçün uzunmüddətli maliyyə dəstəyi baxımından hansı yeni mexanizmlər tətbiq oluna bilər?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda uşaqlı ailələrə dəstək mexanizmi daha çox birdəfəlik və müəyyən kateqoriyalara yönəlmiş ödənişlər üzərində qurulub:
"Məsələn, hazırda uşağın anadan olmasına görə birdəfəlik 600 manat ödənilir, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə aylıq 140 manat, beşdən çox uşağı olan qadınlara isə hər uşaq üçün aylıq 140 manat müavinət verilir. 2026-cı ildən bəzi ödənişlərin proaktiv təyin olunması da genişləndirilib. Məncə, Azərbaycanda daha uzunmüddətli mexanizm yaradılacaqsa, yalnız uşağın doğulduğu zaman verilən pul deyil, uşağın 18 yaşına qədər inkişafını əhatə edən "uşaq kapitalı" modeli tətbiq oluna bilər. Məsələn, uşağın doğulması zamanı dövlət tərəfindən müəyyən məbləğdə vəsait xüsusi hesaba yerləşdirilər, sonrakı illərdə isə həmin hesaba illik və ya aylıq dövlət ödənişi əlavə edilər. Ailə bu vəsaiti sərbəst şəkildə nağdlaşdırmaq əvəzinə mənzil, təhsil, səhiyyə və uşağın inkişafı ilə bağlı müəyyən edilmiş məqsədlər üçün istifadə edə bilər".
Ekspertin fikrincə, mənzil istiqamətində uşaqlı ailələr üçün ayrıca güzəşt mexanizmi yaradıla bilər:
"Məsələn, ailədə uşaq sayından asılı olaraq ipoteka kreditinin ilkin ödənişinin bir hissəsinin dövlət tərəfindən qarşılanması, faiz dərəcəsinin subsidiyalaşdırılması və ya aylıq ipoteka ödənişinin müəyyən hissəsinin kompensasiya edilməsi mümkündür. Xüsusilə iki və daha çox uşağı olan gənc ailələr üçün bu mexanizm mənzil əldə etmə imkanını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Digər variant uşağın adına uzunmüddətli "təhsil hesabı" yaradılmasıdır. Dövlət həmin hesaba hər il müəyyən məbləğ köçürə bilər və vəsait gələcəkdə universitet, peşə təhsili, xarici dil kursları və digər təhsil xərclərinə yönəldilə bilər. Belə sistemdə ailənin gəlir səviyyəsi aşağı olduqda dövlətin ödədiyi məbləğ daha yüksək müəyyən edilə bilər".
Müsahibimiz qeyd edib ki, uşaqlı ailələr üçün vergi güzəştləri də mühüm alət ola bilər:
"Məsələn, işləyən valideynin gəlir vergisi tutulan gəlirinin müəyyən hissəsinin hər uşağa görə vergidən azad edilməsi mümkündür. Uşaq sayı artdıqca güzəştin də artması ailənin sərəncamında qalan gəliri yüksəldər. Bu, sadəcə büdcədən pul paylamaqdan fərqli olaraq, işləyən və gəlir əldə edən ailələri də dəstəkləyən mexanizm olar. Bağça və məktəb xərclərinin azaldılması da uzunmüddətli ailə siyasətinin mühüm hissəsi ola bilər. Dövlət və özəl bağçalarda uşaqlı ailələr üçün gəlirə və uşaq sayına görə ödəniş subsidiyası tətbiq edilə, üç və daha çox uşağı olan ailələr üçün məktəbəqədər təhsil tam və ya qismən pulsuz ola bilər. Məktəb ləvazimatları, dərsliklər, nəqliyyat və məktəb yeməyi üzrə də müəyyən güzəştlər nəzərdə tutula bilər.
Səhiyyə istiqamətində uşaqlar üçün müəyyən dərmanların, profilaktik müayinələrin, stomatoloji xidmətlərin və xüsusi tibbi xidmətlərin dövlət hesabına və ya güzəştli təqdim edilməsi ailənin uzunmüddətli xərclərini azalda bilər.
Əmək bazarında da valideynlər üçün əlavə imkanlar yaradılması vacibdir. Uşağın müəyyən yaşına qədər valideynlərdən birinə çevik iş qrafiki, qismən məsafədən iş və ya ödənişli valideyn məzuniyyəti imkanlarının genişləndirilməsi ailənin həm gəlirini qorumasına, həm də uşağa qulluq etməsinə şərait yarada bilər".
Akif Nəsirli vurğulayıb ki, belə sistemin ən mühüm üstünlüyü yardımın yalnız aztəminatlı ailələrə deyil, uşağın gələcəkdə təhsil almasına, mənzil əldə etməsinə və insan kapitalının formalaşmasına yönəldilməsidir:
"Bununla yanaşı, sosial yardımın tamamilə gəlirdən asılı olması da orta gəlirli ailələrin kənarda qalmasına səbəb ola bilər. Ona görə baza dəstəyi bütün uşaqlara, əlavə dəstək isə ailənin gəliri, uşaqların sayı və xüsusi ehtiyaclar nəzərə alınmaqla diferensiallaşdırıla bilər. Belə mexanizm tətbiq olunarsa, dövlət üçün əsas məsələ yalnız ödəniləcək vəsaitin həcmi deyil, onun uzunmüddətli və məqsədli olmasıdır. Uşağın doğulduğu gün 600 manat ödəməkdən fərqli olaraq, 18 il ərzində mənzil, təhsil, səhiyyə və uşağın inkişafını dəstəkləyən sistem ailənin qərarlarını daha uzun müddət ərzində maliyyələşdirmiş olar".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









