Yumurta bişirəndə bu səhvləri etməyin
Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır.
Lent.az xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil. Əsas problem odur ki, yanlış bişirmə nəticəsində yumurtanın ağı rezin kimi sərtləşir, sarısı isə quru və boz rəngli olur.
Yumurtanı çox bişirmək
Yumurta qaynar suda həddindən artıq saxlanıldıqda və ya çox yüksək odda bişirildikdə təbii kimyəvi reaksiya baş verir. Yumurtanın ağındakı kükürd sarıdakı dəmirlə reaksiyaya girir. Nəticədə sarının kənarında yaşılımtıl-boz halqa əmələ gəlir. Sarı quruyur və ovulan hala düşür, yumurtanın ağı isə rezin kimi bərkiyir. Bu, yumurtanın xarab olması demək deyil, sadəcə onun dadı və teksturası xeyli pisləşir.
Soyuq yumurtanı birbaşa qaynar suya atmaq
Soyuducudan çıxarılan yumurtanı dərhal gur şəkildə qaynayan suya salmaq qabığın çatlamasının ən yayılmış səbəblərindən biridir. Dar qazanda yumurtaların bir-birinə və qazanın divarına dəyməsi də çatlama riskini artırır.
Ən yaxşısı yumurtaları bir qat şəklində yerləşdirə biləcəyiniz qab seçmək və onları orta odda bişirməkdir. Yumurtaları bişirməzdən əvvəl saatlarla otaq temperaturunda saxlamaq lazım deyil. Sadəcə suyun həddindən artıq gur qaynamamasına diqqət etmək kifayətdir.
Suyun az olması
Qazanda su az olduqda yumurtalar bərabər isinmir. Su yumurtaların üzərini ən azı bir neçə santimetr keçəcək qədər olmalıdır. Bişirmə müddəti isə yumurtanın ölçüsünə və istifadə olunan sobaya uyğun tənzimlənməlidir.
Bərk bişmiş yumurta üçün ideal üsul
Sarının yumşaq teksturasını, ağın isə möhkəmliyini qorumaq üçün yumurtaları qazanda bir qat düzün və üzərinə soyuq su əlavə edin. Qapağı bağlayaraq suyu qaynama həddinə gətirin. Daha sonra qazanı ocaqdan götürün və yumurtaları isti suda 11-13 dəqiqə saxlayın.
Bundan sonra yumurtaları dərhal soyuq və ya buzlu suya qoyun.
Buzlu su yumurtanın daxilində bişmə prosesini sürətlə dayandırır. Bu, sarının həddindən artıq bişməsinin qarşısını alır və yumurtanın sonradan salat üçün daha rahat doğranmasına kömək edir.
Təzə yumurta niyə çətin soyulur?
Yeni alınmış çox təzə yumurtaların qabığını soymaq daha çətin ola bilər. Qabıq çıxarılarkən yumurtanın ağ hissəsi də onunla birlikdə qopa bilər. Məsələn, içliklə doldurulacaq yumurtalar hazırlanırsa, soyuducuda bir neçə gün saxlanmış yumurtalardan istifadə etmək daha rahatdır.
Sirkə və limon suyu həqiqətən kömək edirmi?
Bişirmə suyuna sirkə və ya limon suyu əlavə etmək yumurtanın çatlamayacağına zəmanət vermir. Daha effektiv üsul suyu orta temperaturda saxlamaq və yumurtaları qazanda sıx yerləşdirməməkdir.
Bişmiş yumurtanı nə qədər saxlamaq olar?
Bişmiş yumurta qabıqlı və ya soyulmuş halda soyuducuda 7 günədək saxlanıla bilər. Bişmiş yumurtanı otaq temperaturunda 2 saatdan artıq saxlamaq tövsiyə edilmir. Hava çox isti olduqda isə bu müddət daha da qısalır.
Yumurtanı bişirməzdən əvvəl yumaq lazımdırmı?
Əgər yumurtanın qabığı təmizdirsə, onu əvvəlcədən yumağa ehtiyac yoxdur. Yuma yumurtanın üzərindəki təbii qoruyucu təbəqəni zədələyə bilər. Qabıq çirklidirsə, yumurtanı bişirməzdən dərhal əvvəl yumaq və çiy yumurta ilə təmasdan sonra əlləri mütləq təmizləmək tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










