Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb.
Şəhər mənzillərinin kirayəsində də artım davam edib.
Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.8 olub. Aylıq artım 3.1 faiz təşkil edib.
Köhnə tikili mənzillərdə median 10.82 manat/m², indeks 108.2 olub və qiymətlər avqustla müqayisədə 1.1 faiz yüksəlib.
Yeni tikililərdə median aylıq kirayə haqqı 1 000 manat, köhnə tikililərdə isə 700 manat təşkil edib.
Fərdi yaşayış evlərinin satışında median göstərici 638.2 AHU (sahə yaşayış indeksi vahidi - red.), AQP indeksi 99.7 olub.
Seqment üzrə aylıq 1.3 faizlik azalma qeydə alınıb və qiymət səviyyəsi 2025-ci ilin dekabrındakı baza göstəricisinə yaxın qalıb. Kirayə bazarında median qiymət 9.5 manat/m², indeks 123.3 təşkil edib. Aylıq 7.51 faizlik azalma əsasən mövsümi təklif strukturunun dəyişməsi ilə bağlı olub. Yay aylarında yüksək qiymətlərlə təklif olunan villa və bağ evlərinin payının azalması sentyabrda daha aşağı vahid qiymətli uzunmüddətli kirayə təkliflərinin çəkisini artırıb. Buna görə göstəricidəki dəyişmə ümumi bazar qiymətlərinin eyni həcmdə azalması kimi qiymətləndirilmir.
Torpaq bazarında median qiymət 15 899.8 manat/sot, AQP indeksi 119.2 olub. Avqustla müqayisədə 1.4 faizlik azalma qeydə alınsa da, göstərici aprel 2026-cı ilin baza səviyyəsindən 19.2 faiz yüksəkdir. Xəzər, Səbail və Xətai rayonlarında vahid qiymətlər daha yüksək, Abşeron və Qaradağda isə daha aşağı olub. Çıxarışlı torpaqlarda median qiymət 16 250 manat/sot, çıxarışsız torpaqlarda 10 000 manat/sot təşkil edib.
AQP-nin sentyabr göstəriciləri daşınmaz əmlak bazarında vahid istiqamətli qiymət hərəkətinin olmadığını göstərir. Əsas artım mənzil satışında və şəhər mənzillərinin kirayəsində qeydə alınıb. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində mülayim bərpa, qaraj bazarında isə daha yüksək dəyişkənlik müşahidə olunub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, kirayə mənzil bazarında qiymət artımının bir çox səbəbləri var:
"Bura, təbii ki, ilk növbədə tələb və təklif məsələsi təsir göstərir. Yəni tələb həddindən artıq yüksəkdir, təklif isə tələbi ödəmələr səviyyəsində deyil. Bu səbəbdən qiymət artımı qaçılmaz olur. Eyni zamanda, buna paralel olaraq, şəhərsalma proqramı inkişaf etdikcə və davam etdikcə köhnə və ucuz yaşayış fondları azalır, sıradan çıxır. Onun yerinə daha yeni və daha bahalı yaşayış fondları meydana gəlir. Təbii ki, bahalı mənzillərdə kirayə qiymətləri də yüksək olacaq".
Ekspert qeyd edib ki, şəhərsalma proqramının nəticəsində şəhərin müxtəlif ərazilərində, müxtəlif dönəmlərdə evlərin sökülməsi səbəbindən müvəqqəti (məsələn, 1-2 illik) kirayəyə çıxarılan vətəndaşlar olur:
"Bütün bu tendensiyalar kirayə mənzil bazarında qiymət artımına birbaşa təsir göstərir. Hesab edirəm ki, son bir ayda kirayə mənzil bazarındakı qiymət artımı bütövlükdə 10%-dən yuxarıdır. Düşünürəm ki, bu artım hətta oktyabrın 15-nə qədər olduğu kimi devam edəcək, daha sonra isə tədricən stabilləşməyə doğru gedəcək".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









